525.Az

Asəf Zeynallıya həsr olunmuş musiqili kompozisiya


 

Asəf Zeynallıya həsr olunmuş musiqili kompozisiya<b style="color:red"></b>

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi, Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin nəzəriyyə şöbəsinin “Tanıyaq  və tanıdaq” layihəsinin budəfəki tədbiri böyük bəstəkar Asəf Zeynallının anadan olmasının 115 illiyinə həsr olunan səhnələşdirilmiş kompozisiyalarla, bədii-musiqili yaradıcılıq gecəsi ilə yadda qalıb. Xırdalan Musiqi Məktəbinin müəllimi, Bakı Musiqi Akademiyasının dissertantı, musiqişünas Sevinc İbrahimovanın şagirdlərinin Asəf Zeynallı yaradıcılığına həssas yanaşması tamaşaçıların böyük marağına səbəb olub və bu layihənin məktəb hüdudlarını aşaraq geniş miqyasda təqdim olunması təklif edilib.

Konsert “Ölkəm” romansı ilə açılıb. Xırdalan Musiqi Məktəbinin müəllimi Günay Ağayevanın pianoda müşayiəti ilə “Ölkəm” romansını səsləndirən musiqişünas S.İbrahimovanın vokal ifa bacarığı tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Şagirdlər - Cavid Qurbanlı, Anatollu Abbasov, Leyla Nuralıyeva, Əsma Kərimova, Mədinə Həsənli və Nuray Əbülfəzli bəstəkarın həyat-yaradıcılığını əhatə edən səmimi mülahizələrini tamaşaçıların diqqətinə çatdırıblar. Aparıcıların ötürücü diskussiyası məktəbin müəllim-şagirdlərinin iştirakı ilə səhnələşdirilmiş kompozisiyalarla növbələşib. Bu ardıcıllığı mövzuya uyğun hazırlanmış sənədli və bədii videokadrlar daha da rövnəqləndirib. Bəstəkar haqqında xatirələr, dərc olunmuş tarixi məqalələr, mənbələr əsasında hazırlanmış ssenaridə kiçik Asəfin obrazını Nurlan Quliyev, anasını qarmon müəllimi Aytən Əliyeva, qonşu rolunu isə xanəndəlik sinfinin müəllimi Rəbiyyə Hüseynova canlandırıblar. 

Daha bir səhnələşdirilmiş kompozisiyada yetkin Asəf Zeynallı (Cavid Qurbanlı) və dostu Səid Rüstəmovun (Anatollu Abbasov) qarşılaşmasında bəstəkarın milli musiqi alətimiz tara qayğıkeş, mübariz münasibəti vurğulanıb. Anatollu Abbasovun əvvəl tarda ifa etdiyi “Bayatı kürd” muğamı ilə vəhdətləşən “Lirik melodiya” əsəri, sonra pianoda “Çahargah” pyesinin ifası maraq doğurub. Cavid Qurbanlının yaratdığı yetkin və cəsarətli gənc Asəf obrazı bəstəkara bənzər siması ilə yadda qalan olub. Səhnəcikdə bəstəkarın fortepiano əsərləri, pianoçu Xurşud Ağayeva obrazında Gültəkin İsgəndərlinin, pianoçu Kövkəb Səfərəliyevanın obrazında musiqişünas S.İbrahimovanın ifalarında dinlənilib.  

Tar sinifinin şagirdləri Pünhan Abıyev və Seyidhüseyn Mehdizadənin ifasında məktəbin şagirdlərindən ibarət xorun “Araz” mahnısını təqdim etməsi səhnəsi isə tarixi sənədlər arasında Asəf Zeynallının şagirdləri ilə birgə çəkilmiş tarixi fotosunun real təcəssümünü yaradıb. Bütün bu məqamlar tamaşaçı diqqətindən kənar qalmayaraq maraqla izlənirdi. 

Konsert boyu Asəf Zeynallının fortepiano, kamera-insturmental, vokal yaradıcılığının aynası olan əsərlərini şagirdlər zövqlə ifa ediblər. Altı “Uşaq Suitası”- tarda Hüseyn Abbaslı, kanon ansamblında Əsma Kərimova, Nurtac Allahverdiyeva, Nuray Quluzadə, fortepianoda Nizami Teymurov, Ayxan Orucəlizadə, Nihad Yahyayev, skripkada Nərmin Mahmudovanın ifası ilə ardıcıllaşıb. “Beşik nəğməsi” kamançada Firəngiz İslamzadə, “Sual” romansının kamança aləti üçün işlənməsi Ümid İbişsoy, “Səndən mənə yar olmaz” xalq mahnısının işlənməsi Mədinə Həsənlinin ifasında alqışlarla qarşılanıb.

Tədbirin bədii hissəsi “Ölkəm” romansının ən gözəl ifaçıları, görkəmli sənətkarlar - Bülbül, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovaların ifasında hazırlanmış video ilə sona çatıb.

Tədbirə dəvət olunmuş Asəf Zeynallının qardaşı nəvəsi, Bakı Slavyan Universitetinin dossenti Elşanə xanım Ağasıyeva maraqlı kompozisiyadan təsirlənib, ailə xatirələrindən danışaraq hər kəsə minnətdarlığını bildirib.

Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov Asəf Zeynallı yaradıcılığının dərin tədqiqatçısı kimi dolğun və əhatəli işlənmiş tədbirin ssenarisinə, zövqlə hazırlanmış kompozisiyalara, şagirdlərin işin öhdəsindən gəlmə bacarığına görə Xırdalan Musiqi Məktəbi kollektivinə, xüsusən də musiqişünas S.İbrahimovaya öz təşəkkürünü bildirib.
Nəzrin Məşədiyeva

 





23.05.2024    çap et  çap et