525.Az

Analoqu olmayan gömrük rüsumları - So­sial şə­bə­kə­də ya­zı­lan­lar


 

Analoqu olmayan gömrük rüsumları - <b style="color:red"> So­sial şə­bə­kə­də ya­zı­lan­lar</b>

Fəridə Aslanova-Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- "Ulusum.az" saytının redaktoru kimdir? Ürəyimdən keçən bir-iki sözümü deyəcəm ona.

Normalda bütün saytlarda bəd xəbərlər verilir. Hadisə və qazavü-qədərdən heç kəs sığortalanmayıb, amma adını qeyd etdiyim sayt adını dəyişdirib "bəd xəbər.az" qoysa, yaxşı olar. Feysbukun iri səhifələrində onların əməkdaşları Afrikanın ucqar bir guşəsində olmuş hadisəni də elə təqdim edirlər ki, guya həmin hadisələr ölkəmizdə baş verib.

Xəbər başlıqları başınıza dəysin.

Yazıblar "Filan Xalq və yaxud Əməkdar artist dünyasını dəyişdi", açıb oxuyursan ki, ölkəmizə yaxından-uzaqdan heç əlaqəsi yoxdur.

Xəbərləri qara fonda verib, təcili, dəhşət həştəqləri ilə vermələri də ayrı müsibətdi.

Qara yola, nə vaxt da feysbuka daxil oluramsa, elə bil qaratikan kolu kimi yolumun üstündə bitirlər.

 

Müşfiq Şükürov, filosof:

- Heç kimə həsəd aparmamışam. Amma doğma şəhərlərinə köçən şuşalılara həsəd aparıram indi. Dünyanın ən gözəl şəhərində, belə gözəl evlərdə yaşayacaqlar. Sağlıqlarına qismət. O evlərdə uşaq səsi əksik olmasın. Həyətlərində uşaq çığlıqlarından qulaq batsın. "Bir az da oynayım, gəlirəm, ay ana!" Səadət də budur.

 

Qismət Rüstəmov, şair:

- Türkiyə türkcəsinin bizə təsirini faciəviləşdiririk. Ancaq belə görünür ki, cəmiyyətdə ümumən, türk mədəniyyəti və dili haqqında biliklər çox aşağıdır. Hər dəfə elementar məsələləri izah etmək üçün yazmaq üzücü və yorucudur. Səbəblər çoxdur, ayrıca yazmaq olar, ancaq təkrarlanan patternlər tanışlıq dərəcəsinə görə də baş verə bilir, yəni türkcə sözlər ona görə qulağımıza daha çox dəyir, gözümüzə daha çox batır ki, bunlar bizə bir köynək yaxındır. Ancaq soyuq məntiqlə, tutalım, küçələrimizdəki adlara ötəri belə baxası olsaq, əksini görəcəyik. Türkiyə və Azərbaycan türkcəsindən çox ingilis dili hər yeri tutub. Səhər işə gedəndə Yasamalda, Elmlər Akademiyasında iki küçə boyunca adlara baxdım, türkcə bircə dönərxana adı vardı, əvəzində bütün dəftəxanalar "stationery", bütün bərbərxanalara "barber", bütün oyun məkanları "game center", bütün bişinti dükanları "bakery", bütün qəlyanxanalar ya "hookah"dır, ya "shisha"...

Böyük ehtimalla, dataları çoxaltsaq, tanış patternlərin ilkin təsirindən aralansaq, başqa şeylər də görəcəyik.

Daha akademik hissələrini isə həvəs olanda yazaram, ablalar, abilər.

 

Asif Nərimanlı, jurnalist:

- Baqrat Qalstyanın rəhbərlik etdiyi hərəkatın gözlənilən mitinqinə cəmi 23 min iştirakçı toplanıb. Bu, hakimiyyəti devirmək üçün yetərli olmayacaq. Müxalifətin prosesin "qartopu effektiv" yaradacağına dair ümidlərinin perspektivi də zəifdir.

- Hərəkata kilsə rəhbərlik etsə də, erməni ictimaiyyəti bunu 2018-ci ildə devirdiyi komanda olaraq görür;

- Hakimiyyətin inzibati resurslardan istifadə etmək limiti böyükdür;

Hərəkatın baş nazirliyə namizədi din xadimliyini müvəqqəti donduran Baqrat Qalstyan olub. Görünür, kilsə mövcud müxalifət arasından prosesə rəhbərlik edəcək və ictimai rəydə dəstək qazana biləcək namizəd çıxara bilməyib. Burada fikir ayrılığının olduğu erməni müxalifətinin öz arasından çıxacaq siyasi fiqur ətrafında birləşməməsinin, eləcə də siyasətə aktiv müdaxilə edən kilsənin siyasi qüvvələrə tam etirbar etməməsinin də rolu var.

Namizədin bəlli olması hərəkatın davamlılığını müəyyən qədər təmin edəcək. Lakin Baqratın baş nazir postuna mümkün gəlişi qanuni olaraq mümkün deyil. Ermənistan konstitusiyasına görə, baş nazir yalnız son 4 ildə ölkədə yaşamış vətəndaşlar ola bilər. Baqrat 4 illik tələbə uyğun gəlir, həm də həm ikili vətəndaşlığı var (Kanada vətəndaşlığı). Bu tələblərə rəğmən, kilsənin Baqratı namizəd kimi irəli sürməsindəki məqsəd Qərbdə erməni diasporunun dəstəyinin əldə edilməsi görünür. O da aydın görünür ki, xaricdə bu hərəkat üzərindən siyasət yürüdən qüvvələr Baqratı müxalifətin birləşdirici fiquru olaraq qəbul edir.

Qalstyan Paşinyanın 2018-ci il taktikasından istifadə etməyə çalışır,  Nikolla görüşmək tələbi də bundan qaynaqlanır. Paşinyanın bu tələblə razılaşması müxalifətin gücünü qəbul etməsi olardı. Özü 2018-ci ildə Sarkisyanı görüş məcbur edərək, devirmişdi. Buna görə eyni taktikanın özünə qarşı istifadəsinə imkan verməyəcəyi bəllidir. 

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Analoqu olmayan gömrük rüsumları: HDD 5%, SSD 15%

Ağlasığmaz olsa da, reallıq belədir. DGK müasir olan üçün daha yüksək rüsum, köhnə olan üçün daha az rüsum alır.

Uzun illərdir ki, texnologiyalar sahəsində idxalla məşğul olan yerli şirkətlərimiz qonşu ölkələrdə bu tip rüsumların ümumiyyətlə mövcud olmaması, bizdə isə nəinki mövcud olması, hətta hədsiz yüksək olmasından danışırlar.

Düşündüm ki, gömrükdə rəhbərlik dəyişiləndən, islahatlar elan olunandan sonra yəqin nəsə dəyişikliklər ola bilər.

Bu fikirlə bir qədər texnoloji avadanlıqların gömrük rüsumlarını, "Malların nomenklaturasını",  onların kodlarını və mövcud tariflərini bir qədər araşdırdım.

Və hədsiz dərəcədə təəccüblənib, məyus oldum.

İlk öncə diqqətimi cəlb etdi ki, bu nomenklatura sanki 50-60-70-ci illərdə hazırlanıb. Malların, avadanlıqların adları məhz həmin dövrlərə uyğundur.

Təsnifatlaşdırma isə kökündən yanlışdır.

Yəni müasir olan üçün, innovativ olanlara daha yüksək tariflər müəyyən olub, köhnələr üçün aşağı tariflər hesablanıb.

Məsələn, illərdir ki, daha müasir sərt disk olaraq SSD disklərdən istifadə edilir. Onlar üçün qəliz bir təsnifatlama aparılıb və 15% gömrük rüsumu müəyyən edilib.

Amma 50 il bundan öncədən başlanıb istifadə edilən HDD üçün 5% gömrük rüsumu müəyyən edilib.

Bunun bir məntiqi izahı varmı görəsən?

Güman ki, bizim idxalla məşğul olan şirkətlərimiz də bu cür anlaşılmaz və absurd gömrük rüsumlarına görə məhz köhnə texnologiyaları ölkəyə daşımaqda maraqlıdırlar. Yaxud da təzələrini daha yüksək qiymətə təklif edirlər.

Düşünürəm ki, DGK tez bir zamanda bu mal nomenklaturasını köklü surətdə yenidən işləməli, gömrük rüsumlarına yenidən baxılmalı, müasir texnoloji tendensiyalar nəzərə alınmalı və daha çevik və inkişafa dəstək verə biləcək bir layihə hökumətə təqdim edilməlidir.

Hökumət isə nəzərə almalıdır ki, qonşu ölkələrdə yanaşma tam fərqlidir, bu tip texnoloji avadanlıqlara onlarda gömrük rüsumları tətbiq olunmur.

Odur ki, onların daha müasir olan texnologiyalara əlçatanlığı bizdən  daha yüksəkdir. Onlar daha çox rəqabətə davamlıdırlar. Güman ki məhz bu səbəbdən son zamanlar sanksiya altında olan Rusiya bazarlarına texnologiyalar məhz qonşulardan, Ermənistan və Gürcüstandan və s. digər qonşularımızdan daşınır.

Yəni onlar nəinki bizdən ucuz alırlar, həm də ucuz alıb qonşulara da satırlar.

Ümid edirəm qərar qəbul edənlərimiz bunları nəzərə alacaqlar.

 

Elxan Şükürlü, politoloq:

- Yaxasında Azərbaycanın ən ali dövlət təltifi sayılan "Heydər Əliyev ordeni"ni daşıyan bir siyasətçi çox tezliklə Ukraynanın yeni prezidenti ola bilər. Söhbət Qərb xüsusi xidmət orqanlarının təşkil etdiyi "Maydan olayları" ilə 2014-cü ilin 22 fevralında hakimiyyətdən uzaqlaşdırılan Viktor Yanukoviçdən gedir.

Bu günlərdə Putinin Belarusa səfəri zamanı Yanukoviçin də Minskə uçması və Putin-Lukaşenko-Yanukoviç üçlüyünün bir araya gəldiyi haqda xəbərlərin yayılması artıq Rusiyanın Ukraynada hansı ssenariyə əl atmağa hazırlaşdığına da aydınlıq gətirir: Ukraynanın NATO-ya və Avropa İttifaqına inteqrasiyasına qarşı çıxdığı üçün devrilmiş prezidentin qanuni hakimiyyəti bərpa olunmalıdır!

Çox böyük ehtimalla, Ukrayna böhranının danışıqlar yoluyla həlli üçün Çinin son təşəbbüsləri dəstəklənməzsə, qarşıdakı aylarda Rusiya Xarkov-Odessa-Kiyev istiqamətlərində hücumlarının ağırlıq dərəcəsini artırmaqla, Putinlə danışıqları qanunla qadağan etmiş və özünün də prezidentlik müddəti başa çatmış Zelenskiyə daxildən də təzyiqləri gücləndirərək, onu ya qaçmağa məcbur edəcək, ya da sui-qəsdə əl atacaq.

Belə görünür ki, müharibənin ilk aylarında ABŞ və Avropanın dəstəyinə, kollektiv Qərbin onları döyüş meydanında yalnız buraxmayacağına böyük ümidlər bəsləyən Ukrayna cəmiyyəti də son 2 il ərzində baş verənlərdən ciddi nəticə çıxarıb və böyük məyusluq içərisindədir. Artıq onlara övladlarının boşuna - Qərb maraqları üçün qurban edildiyi bu amansız müharibənin davam etməsi yox, tezlikə bitməsi gərəkdir və sülh yolunda da ən böyük əngəlin məhz Qərbin əlində əsas alətə çevrilmiş Zelenski olduğunu, bu gedişlə Ukraynanın rəsmən bölünəcəyini yaxşı dərk edirlər...

Ukraynada Zelenskiyə sevgi artıq dərin bir nifrətə, məyusluğa və qəzəbə çevrilir!

Yeri gəlmişkən, Yanukoviçin baş nazir və prezident olduğu illərdə Ukrayna öz ərazi bütövlüyünü qoruyub saxlamaqla yanaşı, iqtisadi baxımdan da sürətlə önə çıxmışdı.

Yanukoviç hakimiyyətdə olduğu dönəmdə Azərbaycanla da münasibətləri xeyli yaxşılaşdırmış və elə buna görə də 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin ən ali dövlət təltifinə - "Heydər Əliyev ordeni"nə layiq görülmüşdü...

İndi görək, bizim bu Ukrayna bayraqlarına bürünmüş "Ukraynasevərlər" dəstəsi Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasında daha çox xidmətlər göstərmiş və hakimiyyətdə olduğu dönəmdə də Ukraynanın ərazi bütövlüyünü qoruyub saxlamağı bacarmış Yanukoviçin yenidən hakimiyyətə qayıdışını dəstəkləyəcəklər, yoxsa Yanukoviçdən daha çox Ukraynasevər olduqlarını nümayiş etdirəcəklər?!

 





29.05.2024    çap et  çap et