525.Az

Rəfibəylilər - Nigar xanım Rəfibəylinin xatirəsinə


 

Rəfibəylilər - <b style="color:red"> Nigar xanım Rəfibəylinin xatirəsinə</b>

Xalq şairi Nəriman Həsənzadənin bu günlərdə redaksiyamiza təqdim etdiyi "Rəfibəylilər" şeiri xeyli müddət əvvəl yazılsa da, indiyəcən dövrü mətbuatda nəşr edilməyib. Şeiri nəhayət, çap üçün redaksiyamıza təqdim etməsi səbəbindən danışan Nəriman müəllim dostu, Əməkdar incəsənət xadimi Yasif Nəsirlidən aldığı bir məktubun buna vəsilə olduğunu deyib. Oxuyub fikrini bildirmək üçün "Rəfibəylilər" şeirini dostuna göndərən Xalq şairi çox keçmir ondan bu məzmunda bir məktub alır və beləcə şeiri çap etdirmək qərarına gəlir:

"Əziz qardaşım! "Rəfibəylilər" şeirini bir neçə dəfə oxudum. Böyük bir poemadır. Gözəldir. Mənim də Rəfibəylilərə böyük hörmət və məhəbbətim var.

General Akif Rəfizadə yaxın dostumdur. Ləyaqətli insandır!

XXI əsrin əsl Rəfibəyliləri - Anar Rzayevdir.

Xalqımızın böyük yazıçısı, dramaturqu...

Anar canlı bir epoxadır.

Allah Səni saxlasın! Allah Səni qorusun.

Sən şeirimizin tarixdə qalan Nəriman Həsənzadəsisən.

Qələmin var olsun!"

 

Hörmətli Akif Rəfizadəyə müəllifdən bir könül nişanəsi

 

Ana-bacı əvəziydi,

Şah nəslinin töhfəsiydi.

El-obanın nəfəsiydi,

şerinin sözü, misrası,

şair qızların həssası.

 

Gəncədə dünyaya gəldi,

dünyaya bir həya gəldi.

Bilirsənmi, niyə gəldi? -

qopan tufanlara yəqin,

layiq olsun, tək dözməsin.

 

Arzu böyük, həyat qısa,

Zəmanə qıydı o qıza.

Sevdi şair Rəsul Rza

dedilər arxa-dayaqdı,

şairlər yatmır, oyaqdı.

 

Anar da bir oğul kimi,

Şah nəslinin öz sahibi.

Anar - ali söz sahibi,

dünyadan gəldi sorağı,

dilində Vətən torpağı!

 

...Sürüldülər şəhər-şəhər,

axşam-axşam, səhər-səhər.

Məzar-məzar səpildilər,

qürbətdə qaldı adları,

"Rəfibəyli" soyadları.

 

Orta məktəbdə bir səhər,

qızıl qalstuk verdilər.

Ondan Akifə çatmadı,

Akif o gecə yatmadı.

Direktor şagirdə dedi:

soyadın "Rəfibəyli"di!

 

Burda, şanlı generaldan  -

Cənab Əli müəllimdən,

bir ricam var.

Millətdən ki, söz düşübdü,

necə olsa, ərkim çatar.

Sinəm də doludur, dolu.

Orda - Nargin adasına

turist yolu!

Elə bu gün, elə sabah, -

yer də dəftər-kitab kimi

qoy oxusun varaq-varaq.

 

Millət nə vaxt tanıyacaq

qətlə məhkum olanları -

Müşfiqləri?

Şüşətək əvvəl ürəyi,

sonra istedad göynəyi, -

ruhu sındırılanları.

 

- Xudadat bəyi, sən qoru,

Tanrım, sən qoru, sən qoru!

Apardı ulu Yaradan,

Gəncənin bağrından qopan

gəncəli qubernatoru.

 

O yüzləri, o minləri,

o qanadı sındırılan,

şahinləri!

Bu da "Ellər atasının"

növbəti bir "şah əsəri!"

Yer nə qədər dözəsidi?!

Yer özü də - taleyin bir

töhfəsidi!

Vaxt İlham zəmanəsidi,

İlhama səs verdi Zaman, -

QALİB!

         SƏRKƏRDƏ!

                   QƏHRƏMAN!

 





29.05.2024    çap et  çap et