525.Az

Ən maraqlı hissədə kitabı bağlayanda... - Kənan Novruzov yazır


 

Ən maraqlı hissədə kitabı bağlayanda... - <b style="color:red">Kənan Novruzov yazır</b>

Bu günlərdə iki müxtəlif insandan eyni fikri eşitdim: "Nədənsə, oxuduğum kitabı ən maraqlı yerində yarımçıq qoymaq, qalanını sonra oxumaq istəyirəm". Həmin iki nəfərdən birinin "Sizdə də belə olur?" sualına, bəlkə də, onun üçün qeyri - müəyyən hesab olunacaq cavab vermişdim:

- Maraqlı anlarımızı həmişə sonraya saxlamağa çalışırıq. 

Sonra da fikrimi izah etməyə çalışmışdım.

Əslində, doğrudan da, belədir. Çoxumuz belə edirik: ən maraqlı, həyacanlı anları sonraya saxlamağa çalışırıq. Əgər biri ilə görüşəcəyiksə və bunun bir daha təkrarlanmayacağını biliriksə, tərəddüd edirik. Öz-özümüzdən soruşuruq: "Bəlkə, sonraya qalsın?".

Və ya başqa bir ölkəyə səfər imkanımız varsa, bəzən onu da təxirə salırıq. Sonra olmasını istəyirik. Bu, təxminən ən sevdiyimiz paltarı ən xüsusi vaxtlarda geyinməyə, ən xoşladığımız qələmi ən vacib işlər üçün istifadə etməyə bənzəyir.

Səbəblər eynidir: Birincisi, eyni hisslərin təkrarlanmayacağını bilirik. Ona görə də tələsməkdən qorxuruq. Bu hissə, emosiyaya sonra daha çox ehtiyacımız ola biləcəyini düşünürük. 

İkincisi, özümüzü sehrli güc sahibi kimi hiss edirik. Bilirik ki, fürsəti dəyərləndirmək də, dəyərləndirməmək də öz əlimizdədir. Və başa düşürük ki, kitabın həmin səhifələrini oxumaqla, görüşə getməklə, səfərə çıxmaqla əslində "sehrimizi" də itirəcəyik. Elə buna görə də tərəddüd edirik.

Hərçənd, mən həmişə anı yaşamağın tərəfdarı olmuşam. Sabahlara çox da bel bağlamamışam. Həmin adamlara da dedim: imkan varsa dəyərləndirmək lazımdır. Əgər ilahi qüvvə indi bu fürsəti qarşına çıxarıbsa, deməli, bilir ki, sənin indi məhz ona ehtiyacın var. 

Unutmadan, bəzən bir cümlə, bir epizod insanın həyatını dəyişə bilir. Odur ki, kitabları ən maraqlı yerində bağlamayın. Bəlkə də, uzun müddətdir axtardığınız sual məhz növbəti sətrdədir.

 





31.05.2024    çap et  çap et