525.Az

Fransız Polineziyası Parisin buxovundan azad olmaqda qətiyyətlidir


 

Fransız Polineziyası Parisin buxovundan azad olmaqda qətiyyətlidir<b style="color:red"></b>

Fransa özünün kolonial siyasətindən əl çəkmək istəməsə də, artıq dənizaşırı ərazilərdə ciddi etirazlarla qarşılaşıb. Uzun illər Afrikada hakim mövqedə olub, sərvətlərini talayıb, əvəzində əhalisinin ağır duruma, yoxsul vəziyyətə düşməsinə səbəb olan Fransa qitədən qovulduğu kimi, dənizaşırı ərazilərdə də eyni aqibətlə üzləşib. Bu bölgənin əhalisi haqlı olaraq öz azadlıqlarını tələb edir, müstəqil dövlət olmaq uğrunda mübarizə aparır, öz müqəddəratlarını özləri müəyyənləşdirmək istəyirlər.

Fransanın 17 min kilometr uzaqda yerləşən bu ərazini öz əsarəti altında saxlamağa, sərvətlərini talamağa heç bir haqqı yoxdur. Bu, beynəlxalq hüquqa da ziddir. Çünki Polineziyanın müstəqilliyinin əsasları BMT qətnamələrində təsbit olunub.

Paris uzun illərdir ki, açıq şəkildə həmin xalqlara qarşı cinayətlər törədir. Belə ki, Fransa işğal altında saxladığı dənizaşırı ərazilərdə mədəni hegemonluq, "kultursid" həyata keçirir, yerli mədəniyyətin inkişafını əngəlləyir, yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri unutduran və aborigenlərin tarixinə, coğrafiyasına uyğun gəlməyən fransız məktəb proqramlarını tətbiq edən assimilyasiya siyasəti yürüdür. Qanunvericiliyə öz hegemonluğunu möhkəmləndirən, yerli xalqların hüquqlarını tamamilə pozan müddəlar əlavə etməyə çalışır. Bütün bunlar isə Fransaya qarşı etirazları daha da gücləndirib.

Yeni Kaledoniyanın ardınca Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət Fransız Polineziyası da azadlıq uğrunda mübarizəyə qalxıb. Bu ölkənin yerli dildə adı Maohi Nuidir. Qeyd edək ki, Fransa Maohi Nuidə çay suyunun civə ilə kütləvi çirklənməsi, Martinik və Qvadelupanın torpaqlarının pestisidlərlə zəhərlənməsi kimi ağır cinayətlər törədib. Fransanın burdakı qanunsuz əməlləri yerli əhalinin sağlamlığına ciddi zərbə vurub. Belə ki, onsuz da bəzi epidemik xəstəliklərin yayıldığı bu ərazidə 1966-1996-cı illərdə Fransa tərəfindən 200-ə yaxın nüvə sınağının keçirilməsi vəziyyəti daha da ağırlaşdırıb. 1966-1974-cü illərdə 46 atmosfer, 1975-1996-cı illərdə isə 147 yeraltı sınaq həyata keçirilib. Bu sınaqlar həm yerli əhali, həm də bölgədə ətraf mühit ağır üçün ağır fəsadlar törədib. Nüvə sınaqları xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub. Ümumilikdə təqribən 170 min nəfər Fransanın burada keçirdiyi nüvə sınaqlarının və onların bəzi uğursuzluqlarının qurbanı olub. Yerli əhali hələ də şüalanmaya məruz qalan şəxslər üçün kompensasiya tələb etsə də, Fransa hökuməti bu istiqamətdə hər hansı ciddi addım atmayıb. 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini rəsmən etiraf edib və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başlayıb. Lakin Fransa burada da ədalətli ola bilməyib. Bədxassəli şişlərin müalicəsi üçün təqribən 10 min nəfərə 800 milyon dollar ayrılsa da, bu təzminatdan yararlananların əksəriyyəti fransızlar olub. Polineziyada yerli əhalidən cəmi 63 nəfər bu təzminatdan ala bilib. Bölgədə bunun nəticəsidir ki, xərçəng xəstəliyindən ölənlərin sayı kifayət qədərdir.

Məlumat üçün bildirək ki, Fransa həmin ərazini təxminən 1880-ci ildən işğal edib. Ərazi 1957-ci ildən Fransız Polineziyası adlanır. Yerli əhali səsvermə hüququnu yalnız 1946-cı ildə əldə edib, 1957-ci ildə ilk yerli hökumətini qurub. Fransız Polineziyasının Prezidenti parlament üzvlərinin mütləq səs çoxluğu ilə seçilir. Polineziya parlamenti beş il müddətinə seçilən və yenidən seçilmək hüququ olan 57 üzvdən ibarətdir. Hazırda parlamentdə təmsil olunan əsas siyasi qüvvə "Tavini Huiraatira" (müstəqillik tərəfdarları) partiyasıdır və parlamentində 38 yerə sahibdir. 1977-ci ildə təsis olunan partiyanın əsas məqsədi Fransız Polineziyasının müstəqilliyinin əldə edilməsidir. Partiyanın üzvü Moetai Brotherson Fransa Polineziyasının prezidentidir. "Tavini Huiraatira" partiyası tərəfindən müstəqillik istiqamətində növbəti addım kimi Dekolonizasiya İşləri üzrə Komissiya təsis edilib.

Xatırladaq ki, Polineziya 1946-cı ildə BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınsa da, Fransanın təzyiqi nəticəsində 1947-ci ildə oradan çıxarılmışdı. Lakin Fransız Polineziyasının müstəqillik uğrunda mübarizə aparan qüvvələrinin fəaliyyəti nəticəsində 2013-cü il mayın 17-də Polineziya yenidən BMT-nin "Dekolonizasiya edilməli olan ərazilər" siyahısına salınıb. Fransa isə bu qərara hələ də məhəl qoymur. BMT-nin Dördüncü Komitəsinin (Xüsusi siyasi və dekolonizasiya məsələləri) və Dekolonizasiya üzrə xüsusi komitənin - C24-ün iclaslarını sistemli şəkildə boykot edir.

Fransanın məqsədi digər dənizaşırı ərazilərdə olduğu kimi, burada da öz mövqeyini gücləndirməkdir. Çünki güclü sosial bazaya malik partiyanın bu gün Fransız Polineziyasının həm icraedici, həm də qanunvericilik hakimiyyətində üstünlüyə malik olması Fransa dövlətini ciddi şəkildə narahat edir. Fransa digər ərazilərdən fərqli olaraq burada yerli əhalinin assimilyasiyasına nail ola bilməyib. Ona görə də dini icmalara təsir göstərməyə çalışır. Polineziya əhalisi əsasən protestant və katolikdir. Çoxluq təşkil edən protestantların əksəriyyəti müstəqillik tərəfdarıdır, katoliklərin əksəriyyəti isə bunun əleyhinədir. Polineziyanın adalardan ibarət olmasından sui-istifadə edən Fransa hökuməti katoliklərin çoxluq təşkil etdiyi adalarda rəhbər şəxsləri müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışır.

"Tavini Huiraatira" partiyası ötən il Qoşulmama Hərəkatının Azərbaycanda keçirilmiş nazirlər iclası çərçivəsində kolonializmlə mübarizəyə dair təşkil edilmiş tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılmasında iştirak edən tərəflərdən biridir. Bu partiyanın nümayəndələri Bakı Təşəbbüs Qrupunun müvafiq komitələrində təmsil olunur, Qrupun dünyanın müxtəlif ölkələrində təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edirlər.

Partiya ilə BTQ arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb. Qeyd edək ki, "Tavini Huiraatira" partiyasının rəhbər heyəti və nümayəndələri hazırda Bakıda səfərdədirlər. Onlar bir sıra tədbirlərdə iştirak edəcəklər. Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında keçirilən görüşdə tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də müxtəlif sahələrdə praktik fəaliyyətin davam etdirilməsi yollarını ətraflı müzakirə ediblər.

30 aprel 2024-ci il tarixində BMT-nin Vyana ofisində keçirilmiş "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" adlı konfrans çərçivəsində tərəflər arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyəti bir daha vurğulanaraq, müstəmləkəçiliyə qarşı mübarizədə Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Fransız Polineziyası nümayəndə heyəti dekolonizasiya prosesində ölkələrinə verdiyi dəstəyə görə Azərbaycana bir daha minnətdarlıq ifadə ediblər.

BTQ-nin İcraçı direktoru Abbas Abbasov təmsil etdiyi qurumun bundan sonra da müstəmləkəçilikdən azad olmaq istəyən xalqların ədalətli mübarizəsinə dəstək verəcəyini açıqlayıb.

Paris dənizaşırı əraziləri, o cümlədən, Polineziyanı əlində saxlamaq, öz müstəmləkə siyasətini davam etdirmək üçün bütün vasitələrə əl atır. Amma artıq həmin xalqların artan mübarizə əzmi, əsarətdən azad olmaq uğrunda güclü mücadilələri, eyni zamanda səslərinin daha çox eşidilməsi onların bir gün Parisin buxovlarından azad olacaqlarına ümid yaradır. Azərbaycan isə bu haqlı, ədalətli mübarizədə həmin xalqların yanında olmağa, onlara dəstək göstərməyə davam edəcək.

 

 





31.05.2024    çap et  çap et