525.Az

Şuşada gözüm səni axtarırdı...


 

Şuşada gözüm səni axtarırdı...<b style="color:red"></b>

Mərhum xanəndə Süleyman Abdullayevin vəfatı Əflatun Amaşovun iş yerinin "Xalq qəzeti"nə dəyişdirildiyi günlərə düşmüşdü. Yeni baş redaktorumuz xanəndənin vəfatı münasibətilə yazı hazırlatdırmaq istəyəndə redaksiyada kimsə ona deyibmiş ki, Süleyman Abdullayev bizim İttifaq Mirzəbəylinin dostu idi. Məsləhətdi ki, o yazını Mirzəbəyli hazırlasın.

Mövzu mənə həvalə edildi, yazını hazırladım, rəhbərlik bəyəndi və baş redaktor daha bir neçə xatirə yazmağımı istədi. "Yaddaşlarda yaşayanlar" rubrikası yaradaraq daha beş-altı yazı hazırladım. Sonra  Amaşov dedi ki, bu rubrikanı davam etdirək. Xeyli yazı alınsa,  "Xalq qəzeti"nin kitabxanası" adıyla kitab kimi ərsəyə gətirərik.

Şəxsən görüşdüyüm, təmasda olduğum tarixi simalardan Qulam Məmmədli, Şirməmməd Hüseynov, Cavad Heyət, Əbdüllətif Bəndəroğlu, Mikayıl Abdullayev, Lütviyar İmanov və digər onlarla ziyalımız haqqında xatirələr qələmə aldım. O qeydlər kifayət qədər bəyənildi. Bir gün isə dostumuz İlqar Həsənov dedi ki, sən bu yazıların auditoriyasını böyütsən yaxşıdır. Yəni bəzi yazıları öz qəzetimizə yox, başqa qəzetlərə göndər ki, xatirələrin oxucu miqyası genişlənsin, xatırlananlara rəhmət oxuyanların sayı artsın. Məhz İlqar Musayeviçin təşəbbüsü ilə Əflatun Amaşova məxsus layihənin bir yarpağını "525"ə göndərmək  istədim. Yəqin ki, başqa qəzetlərə də "yarpaq atacağıq".

...Ömrünün son illərində "Alov tökün gorgahıma, yetimdi, qəbrim üşüyür..." deyən şair Ənvər Əhmədi hələ ötən əsrin doxsanıncı illərindən, radioda çalışdığım dövrdən tanıyırdım. Dəfələrlə görüşlərimiz olmuş, bir şeirini öz verilişimdə (adətim üzrə şairin xəbəri olmadan) səsləndirmişdim. Eyni məclisdə görüşməyimiz isə yeddi-səkkiz il qabaq, mənim tələbəlik dostum, qrup yoldaşım, onun həmyerlisi olan Əməkdar artist Nazir Rüstəmovun 60 illiyi münasibətilə təşkil olunmuş restoran tədbirində olmuşdu.

Nazirin ad günündə söz mənə veriləndə qısa təbrikdən sonra - məclisdəkilərin əksəriyyətinin qarabağlı olduğunu nəzərə alaraq - hələ Topxana hadisələrinə etirazlar zamanı  yazdığım "Qarabağ" şeirini oxumuşdum. Yazıda bu şeir barədə dəfələrlə söz açılacağını nəzərə alaraq, əvvəlcə şeirin tam mətnini yada salıram.

 

Qarabağ

 

Oyanan qeyrətin sübhü, səhəri,

Qızaran üfüqdə dandı, Qarabağ.

Düşmənin gözünə millənən bıçaq,

Dostuna şöhrətdi, şandı, Qarabağ!

 

Vaqif yazan yerdə söz qatarını,

Üzeyir yaradıb öz qatarını.

Sadıqcan göylərə tutub tarını -

Çalanda deyiblər: - Yandı Qarabağ!

 

Bakı diyarımın görən gözüdü,

Gəncə dəyanəti, Qazax sözüdü.

Naxçıvan bu yurdun odu-közüdü,

Bu böyük bədəndə candı Qarabağ.

 

İnsan rəzil olur söz götürəndə,

Dərd götürən də var, söz götürən də.

İttifaq, ölərsən qan itirəndə -

Özün bil, damarda qandı Qarabağ. 

 

Ənvər Əhməd bu çıxışımı  eşidəndən sonra mənə dedi ki, o şeir hansı qəzetdə verilibsə, həmin qəzeti mənə çatdırarsan. Dedim, mən şairlik iddiasında olmadığıma görə, publisistcəsinə yazdığım şeirlərimi ancaq kitabda verirəm, qəzetlərə təqdim etmirəm. Güldü: - Allah sənə kömək olsun, publisist kimi yazan o qədər şairlər var ki, iyirmi, otuz ildir redaksiyalardan yığışmırlar. 

Onda mən başqa bir "dərdimi" də şairə xatırlatdım: - Mən bu şeiri yazandan sonra Qarabağ tamamilə işğal edildi və bədxahlardan biri yazdı ki, İttifaq Mirzəbəyli, damardakı qanın itib, bəs nə üçün ölmürsən?

Ənvər müəllimin bu məsələyə münasibətini də unuda bilmirəm: - Vaxt gələcək, Qarabağ başdan-başa azad ediləcək, bütün şəhər və kəndlərimizə qayıdacağıq. Sənin damarındakı qan da bərpa olacaq. Onda həmin bədxahlar öləcəklərmi? Ölməyəcəklər.

...Azərbaycan yazıçılarının Şuşadakı təntənəli mərasimlərdəki iştirakını görəndə də gözüm qələm əhlinin arasında şair, professor, Xankəndi Pedaqoji İnstitutunun müəllimi olmuş Ənvər Əhmədi axtardı, özüm Şuşada addımlayanda da. Ağdam, Xankəndi, Füzuli, Cəbrayıl və Suqovuşandakı telegörüntülərdə də Ənvər müəllim o sıralarda yox idi. Amma mənim ürəyimdəki sıralamada uzun illər Qarabağ yazıçılarının rəhbəri kimi fəaliyyət göstərmiş Ənvər Əhmədin adı da var, özü də. Həm də həmişə olacaq.

 

 





31.05.2024    çap et  çap et