525.Az

Gülərüz qızın xatirəsinə…


 

Gülərüz qızın xatirəsinə…<b style="color:red"></b>

Sevimli qrup yoldaşım Sevinc Mənsimlini düşünərkən

Ötən gün eşitdiyimiz bu dəhşətli xəbər onu sevən hər kəsi sarsıtdı. Hələ də bu xəbərə inanmaq olmur. Amma neyləyək ki, reallıq budur. 4 il bir qrupda oxuyub, eyni auditoriyada dərs aldığımız SEVİNCİMİZ artıq aramızda yoxdur. Xəfif təbəssümü, xoş gülüşüylə həmişə ətrafdakılara müsbət enerji verən Sevinc indi yalnız şəkillərdən bizə baxıb gülümsəyir.

Hər zaman zarafatyana “Gələcəkdə ən tanınmış aparıcı olacam, o zaman məni gözü götürməyənlər paxıllıqdan partlayacaqlar” deyib bizə acıq verərdin. Ölüm səni belə tez caynağına almasaydı, həqiqətən də öz istedadınla, öz əzminlə ən yüksək pillələrə qalxardın.

Ən kədərli hadisəni də təmkinlə qarşılamağı bacaran, gülərüz, səmimi, mehriban Sevinci bu dünyanın dərd-sərindən xəbərsiz birisi kimi tanıyırdıq. Görünür, belə deyil. Bəlkə də, çox problemləri varmış. Amma dərdini, kədərini içindəki o müsbət ab-havaya büküb gizləyə bilirmiş. O qədər işıqlı, xoş niyyətli idin ki, bəlkə kimsə sənə iki-üç gündən sonra ölüm xəbərinin yayılacağını desəydi, bunu da zarafatla qarşılayar, həmişəki kimi gülümsəyib keçərdin.

Sevinc həyat eşqi ilə dopdolu bir qız idi. Həyatda ən böyük düşməni bəlkə də, ölüm idi. Universiteti bitirməyimizə bir neçə ay qalmış yol qəzası keçirmişdi. Dərsə gələndə yaralı ayağının fotolarını bizə göstərib eləcə gülümsədi. Və birdən “Hiss eləyirəm ki, başımın üstündə qara buludlar var” deyib bir anlıq özünə qapandı.

Bu sözlər hələ də qulağımda cingildəyir. Nədənsə ötən gün iş yoldaşımdan “Azərbaycanda gənc jurnalist öldürüldü” xəbərini alanda da birinci Sevincin həmin o dalğın çöhrəsi canlandı gözümdə…

Dərsə gəlməyəndə həmişə yoxluğu hiss olunardı, həmin gün auditoriyaya bir sükut çökərdi, bir boşluq yaranardı. Həyat bu boşluğu SEVİNCSİZ heç vaxt doldura bilməyəcək.

Allah rəhmət eləsin!

Nigar MƏHƏRRƏM

 

 





13.11.2012    çap et  çap et