525.Az

Qədim İskit türklərinin Naxçıvanda qalan izləri


 

Qədim İskit türklərinin Naxçıvanda qalan izləri<b style="color:red"></b>

Naxçıvan şəhərindən 18 km cənubda, Nehrəm kəndi yaxınlığındakı, eramızdan əvvəl 2-1-ci minilliyə aid yaşayış yeri Qızılburun adlanır. Yaşayış yerinin yaxınlığında nekropol da vardır. XIX əsrdə arxeoloji ədəbiyyatda bu tarixi yer Qızılvəng də adlandırılmışdı. 1970-ci ilədək Araz çayının sol sahilində Təzəkənd adlı kənd də vardı. Həmin illərə aid xəritəni əsas götürsək, Qızılburun Təzəkənddən 3 km cənubda yerləşir. Qızılburun xalq arasında Qızılboğaz adı ilə də tanınır. Burada torpaq qırmızı rəngli olduğundan elmi ədəbiyyatda Qızılburun və Qızılvəng adı ilə düşüb. "Qızıl" sözü qədim türk dilində "qırmızı" mənasını verir. İndi də türkdilli xalqların əksəriyyəti qırmızıya "qızıl" deyirlər.

Azərbaycan arxeoloqları Qızılburunda. 1969-cu il ("Qızılburun nekropolu" kitabından)

Qızılburun nekropolu coğrafi cəhətdən əlverişli bir mövqedə, Araz çayının sol sahilində Zəngəzur dağları silsiləsinin Araz vadisinə enən burnunda salınıb. Sonda, dağın Araza qovuşduğu yerdə qayanın altındakı mağarada "Damcılı bulaq" vardır. Bu bulağın suyundan Qədim Məbəd şəhərin əhalisi istifadə edib. Bu zəngin tarixi abidə-nekropol rəsmi olaraq 1926-cı ildə qeydə alınsa da, 1895-ci ildə aşkar edilmişdi.

Zəngəzur dağları Araz çayına enənə qədər Araz çayı vadi ilə axır. Dağın Arazla qovuşduğu yerdə Araz çayı sıldırımlı qayalıqların arası ilə axır və bu yerdə Qızılburun gözəlliyi ilə göz oxşayır. Çünki bu dağlar dolomit dağlardır. Azərbaycanda dolomitin tükənməz mənbəyi yalnız Nehrəm ətrafındadır. Dolomit dağlar əsasən əhəngdaşı, dolomit və mergeldən ibarətdir. Saf dolomit rəngsiz və ya şəffaf ağ olur. Sarımtıl, bozumtul, qırmızımtıl, qonur və sair rəngli dolomitlər yağışdan sonra füsunkar gözəllik yaradırlar. Qırmızı rəngli dolomitlər bu ətrafda daha çoxluq təşkil etdiyindən hər tərəf al-əlvandır. Söz düşmüşkən deyək ki, 1827-ci ildə rus qoşunları burada Araz çayının sol sahilində tikilən Abbasabad qalasını tutarkən rus yazıçısı və diplomatı A.S.Qriboyedov da burada olmuş və ətrafdakı qayalıqları "Pompeyin qayaları" adlandırmışdı. Bəzi tədqiqatçılar səhvən bunu Pompey Qneylə bağlayırlar. Və yazırlar ki, A.S.Qriboyedov Haçadağı (İlanlı dağı) nəzərdə tutaraq deyib. Yox, bu yanlışdır. A.S.Qriboyedovun nəzərdə tutduğu e.ə.79-cu ildə İtaliyada Vezuvi vulkanının püskürməsi nəticəsində dağılmış qədim Roma şəhəri Pompeydir. Çünki 1594-cü ildə ilk təsadüfi qazıntılar çox qədim tarixi abidələri üzə çıxarıb.

Hələ 1827-ci ildə qədim nekropol aşkar olunmasa da, Araz çayının axdığı sıx qayalı dərənin ağzında, qırmızı təpənin üstündə qırmızı torpaqdan tikilmiş Qızılvəng monastırı görünürdü. "Qızılvəng" monastırı məbəddən xeyli aralıdadır. Monastırın yanında təxminən 1859-cu ildə "Qızılvəngköy" kəndi salınıb. Həmin ilin kameral siyahısına görə, bu kənddə 8 ev olmuşdu. O sənəddə qeyd edilib ki, buraya ermənilər İrandan köçürülmüşlər. Bu haqda erməni tarixçilərinin özləri də yazmışlar.

Yəni bu monastırın Qədim Məbədlə və onun ərazisində olan nekropolla heç bir əlaqəsi yoxdur. Bir də onu demək lazımdır ki, əgər bir yerdə yaşayan millətlərin dini ibadətgah tikmələri o demək deyil ki, bu ərazi tarixən onlara məxsus olub.

Qızılburun türk sözüdür və qədim zamanlardan iskit türklərinin yaşadığı məkan olub. Bunu 1895-ci ildən aparılan arxeoloji ekspedisiyalar da sübut edir.

1895-ci ildəki qazıntılardan söhbət açmazdan əvvəl tədqiqatçı alim Lətif Hüseynzadənin Astabad şəhərinin tarixi ilə bağlı araşdırmasını olduğu kimi sitat gətiririk: "Dəryaçanın (söhbət Araz su anbarından gedir - müəllif) yaranacağı ərazinin bir hissəsində indiki Təzəkənd kəndi və onun tarlaları yerləşir. Elmə məlum olduğu kimi, Təzəkəndin qədim adı Azərabaddır. Bu söz "Odlar yurdu" deməkdir. Böyük bir yaşayış məntəqəsi olan Azərabadda bir çox tarixi binalar, atəşkədələr və qalalar olmuşdur. Hələ IX əsrdə xalq üsyanının başçısı Babəkin ərəblərin zülmündən azad etdiyi yerlər sırasında Azərabad da vardır. Məhz buna görə də Azərabad tariximizlə çox əlaqədar olan bir yerdir. Sonralar Azərabad və onun ətraf yerləri Azadabad adlandırılmışdır. Bir qədərdən sonra bu ad dəyişilərək Astabad şəklinə düşmüşdür. XIV əsrdə Teymurun orduları tərəfindən işğal edilən Astabad yenidən öz müstəqilliyini itirmişdir. Astabadın vətənpərvərləri öz yurdlarını qorumaq üçün qalalardan istifadə etmişlər. Həmin qalalardan biri Araz çayının kənarında duran Astabad qalasıdır. Həmin qalanı 1827-ci ildə İran şahzadəsi Abbas Mirzə yenidən bərpa etdirdiyinə görə (tarix səhvdir. Qala 1810-cu ildə bərpa edilib - müəllif) onun adını dəyişib Abbasabad şəklinə salmışlar ("Abidələri qoruyaq". "Şərq qapısı" qəzeti, 1967)".

İndi qayıdaq əsas məsələyə. 1895-ci ildə Naxçıvandan Culfaya dəmiryolu çəkilərkən Qızılburun yaxınlığında bir neçə daş qutu qəbir dağıdılmışdı. Həmin daş qəbirdən sadə və boyalı qalar, qızıldan bəzək əşyaları, tunc silahlar, bəzəklər və digər maddi-mədəniyyət qalıqları tapılmışdı.

Görkəmli rus arxeoloq və coğrafiyaçı Aleksandr Andreyeviç Spitsin 1909-cu ildə nəşr etdirdiyi məqaləsində Qızılburun nekropolundan ilk dəfə məlumat verir. Onun və digər arxeoloqların yazdıqlarından məlum olur ki, yerli əhalinin və yaxınlıqdakı kilsənin rahiblərin dağıtmağa başladıqları qəbirlərin salamat qalmasında Araz çayı kənarındakı sərhəd gözətçi dəstəsinin rəisi N.V.Fyodorov fədakarlıq göstərib. Azərbaycan arxeoloqları Q.İsmayılzadə və B.İbrahimli 2013-cü ildə çap etdirdikləri "Qızılburun nekropolu" kitabında Fyodorovun bu tarixi xidmətindən ətraflı məlumat verməklə bərabər, "Rotmistr N.V.Fyodorov" başlığı altında haqlı olaraq onun adını Qızılburun nekropolunun ilk tədqiqatçısı kimi çəkmişlər.

Fyodorovun fəaliyyəti diqqətimizi çox çəkdiyi üçün onun haqqında əlavə axtarışlar apardıq. Onun həyatı, fəaliyyəti haqqında indiyədək məlum olmayan faktları aşkarladıq. Hətta fotoşəklini də tapdıq. Bu tapıntıların oxuculara da maraqlı olacağını düşünürük. General-mayor Nikolay Vasilyeviç 28 noyabr 1860-cı ildə anadan olub. 4-cü Moskva hərbi gimnaziyasını, 1-ci dərəcəli Odessa piyada zabitlər məktəbini bitirib. 16 aprel 1876-cı ildə praporşik, 30 may 1882-ci ildə podporuçik rütbələrini alıb, 8 iyun 1886-cı ildə kornet (kiçik zabit) adlandırılıb. Ona 5 aprel 1887-ci ildə poruçik, 21 aprel 1891-ci ildə ştabs-rotmistr, 6 dekabr 1895-ci ildə rotmistr hərbi rütbəsi verilib. 1894-1895-ci illərdə o, Naxçıvan diyarından İrəvan briqadasının Culfa sərhəd dəstəsinin komandiri olub. Sərhəd dəstəsi süvari qoşunlara aid olduğundan onun rütbəsini çar ordusunun qanunlarına görə kapitan kimi də yaza bilərik.

Tədqiqatçı alim V.Əliyev A.S.Spitsinə istinad edərək yazır ki, məsələdən xəbər tutan sərhəd gözətçi dəstəsinin rəisi N.B.Fyodorov həmin yerə gəlmiş, dağıntının qarşısını almışdı. O, talan edilmiş qəbirlərin materiallarının bir hissəsini toplamağa müvəffəq olmuş və onları Moskvaya, İmperator Arxeoloji Komissiyasına göndərmişdi. Bir il sonra N.V.Fyodorov komissiyanın tapşırığı ilə həmin yerdə qazıntı işləri aparıb, əldə etdiyi materialları Moskva Tarix muzeyinə göndərib. Lakin N.V.Fyodorov materiallar haqqında heç bir yazılı məlumat verməyib. Yalnız 1909-cu ildə A.A.Spitsin bu məlumatları dərc etdirib və elm aləmində böyük əks-səda yaradıb.

Hərbçi arxeoloq Fyodorovun açdığı daş qutu qəbirlərdən birinin üstünə qoyulmuş iri sal daş üzərində ibadət edən adamın təsviri bu gün də çox maraqlı və aktualdır. Arxeoloqların stolüstü kitabına çevrilən "Qızılburun nekropolu"nda müəlliflər yazırlar: "Qızılburun materiallarından ən maraqlısı və demək olar ki, tədqiqatçıların diqqətini çox az cəlb etmiş tapıntı məbəd yeri adlanan ərazidən N.V.Fyodorov tərəfindən tapılmış insan fiqurudur (şək.20, №33, № 35, №37; V.Əliyevdən başqa heç bir tədqiqatçı bu fiqurdan ətraflı bəhs etməmişdir)". Akademik V.Əliyevin "Azərbaycanda tunc dövrünün boyalı qablar mədəniyyəti" kitabında (Bakı, 1977) bu insan fiquru haqqında geniş məlumat vardır.

Daha sonra V.Əliyev qeyd edir ki, o dövrdə Zaqafqaziya boyalı qablar mədəniyyətini əks etdirən Tunc dövrü abidələri hələ öyrənilmədiyindən A.A.Spitsin Qızılburun yaxınlığında daş qutu qəbirləri haqqında müəyyən bir elmi nəticəyə gələ bilməmişdi.

Qeyd edək ki, 1895-ci ilin sonunda N.V.Fyodorov Naxçıvanın Bulqan kəndindəki sərhəd briqadasının komandiri olmuşdu. O, 1900-cü ilə kimi Naxçıvan diyarındakı sərhəd postunda komandir olaraq qalmışdı. Sonralar N.V.Fyodorov Uzaq Şərqə dəyişdirilmiş və 1904-1905-ci illərdə rus-yapon müharibəsində iştirak etmişdi. 3 may 1913-cü ildə ona general-mayor hərbi rütbəsi verilib. 1878-ci ildə 4-cü dərəcəli fərqləndirici mükafat alıb. 3-cü dərəcəli Müqəddəs Stanislav (1880), 3-cü dərəcəli Müqəddəs Anna (1855), 2-ci dərəcəli Müqəddəs Stanislav (1898), 2-ci dərəcəli Müqəddəs Anna (1909) ordenlərinin kavaleri olub. Naxçıvan tarixində onun adı həmişə hörmətlə xatırlanır. Çünki Qızılburun abidəsinin maraqlı və heç zaman arxeoloji qazıntı aparılmayan məbəd haqqında ilk dəfə N.V.Fyodorov məlumat verib. Sözarası deyək ki, tarixi məbədin adı Qızılvəng deyil. Qızılvəng məbəddən yarım verst şimali-şərqdə olan qayanın üzərində tikilmiş monastırdır.

Qızılburunda arxeoloji ekspediyalardan söhbət açmazdan əvvəl qeyd edək ki, ümumiyyətlə, bu orijinal tarixi abidə haqqında tədqiqatçı arxeoloq alimlərdən İ.İ.Meşaninov, A.A.Miller, A.A.Şpitsin, B.A.Kiftin, D.A.Həbibullayev, V.H.Əliyev, Q.İsmayılzadə, B.İbrahimli, V.B.Baxşəliyev, A.Seyidov və digərləri yazdıqları kitablarda ətraflı məlumatlar vermişlər.

Sovet hökuməti qurulandan sonra, 1926-cı ilin iyununda Qızılburunda arxeoloji tədqiqatlar başlayır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində bir sıra sənədləri aşkarladıq. Bu sənədlər Gürcüstan Milli Arxivindən gətirilib. Həmin sənədlərdən biri 1926-cı ilin əvvəlində Acarıstana və keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına aiddir. Arxiv sənədi belə adlanır: Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi yanındakı Zaqafqaziya Elmi Assosiyasında təşkil edilmiş elmi ekspedisiyalar. Sənəddə göstərilir ki, Naxçıvana təşkil edilən ekspedisiyaya rəhbər Sankt-Peterburqdakı Dövlət Maddi Mədəniyyət Tarixi Akademiyasının üzvü A.A.Miller təyin edilib. Ekspedisiya qarşısında belə bir tələb qoyulub ki, Araz sahilində yerləşən qədim şəhər ərazisində (söhbət qədim məbəd şəhərdən gedir - müəllif) və Qızılvəng (Qızılburun) nekropolundakı qəbirlər qazılaraq tədqiq edilsin.

(Ardı var)

 





31.05.2024    çap et  çap et