525.Az

Nümayişkəranə nüvə partlayışı? - Xa­qa­ni Cəfərli yazır


 

Nümayişkəranə nüvə partlayışı? - <b style="color:red"> Xa­qa­ni Cəfərli yazır</b>

Rusiyanın əsas "beyin mərkəzi" hesab olunan Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini Dmitri Suslov "Profil" jurnalında dərc olunan məqaləsində Rusiya rəhbərliyini Qərbin Ukraynaya dəstəyini dayandırmaq üçün "mühasirəyə alma və çəkindirmə siyasətini" kəskin şəkildə gücləndirməyə, eləcə də "nümayişkəranə nüvə partlayışı" həyata keçirməyə çağırıb. Suslov qeyd edib ki, Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın Rusiyaya Qərb silahları ilə hücum etməsinə icazə verməklə Moskvanın "ən qabarıq qırmızı xəttini" keçib. Ekspert hesab edir ki, tezliklə NATO Ukraynada nizami ordu birlikləri yerləşdirəcək və Rusiya raketlərini vurmağa başlayacaq. Suslovun fikrincə, bütün bunların qarşısını almaq üçün Rusiya nümayiş etdirməlidir ki, onu sərt cavab gözləyir: "Niyyətin ciddiliyini təsdiqləmək və opponentlərimizi Moskvanın eskalasiyaya hazır olduğuna inandırmaq üçün nümayişkəranə nüvə partlayışı həyata keçirməyi düşünməyə dəyər". Ekspert hesab edir ki, dünyanın bütün televiziya kanallarında canlı yayımlanacaq "nüvə göbələyi"nin siyasi və psixoloji təsiri" Qərb siyasətçilərinin nüvə müharibəsi qorxusunu qaytaracaq.

Suslovun bu təklifi Xarici və Müdafiə Siyasəti Şurasının fəxri sədri Sergey Karaqanovun Rusiyanın Avropa ölkələrinə qabaqlayıcı nüvə zərbəsi endirməsilə bağlı çağırışının davamı hesab edilə bilər. Rusiya hakimiyyətinə, xüsusilə də Prezident Administrasiyasına xarici siyasət və müdafiə məsələləri ilə bağlı məsləhətlər verən "beyin mərkəzi"nin təmsilçilərinin nüvə silahına əl atılması barədə təklifləri diqqət çəkməyə başlayır. Xarici və Müdafiə Siyasəti Şurası Rusiyanın əsas "beyin mərkəzi" hesab olunmaqla yanaşı, Şuranın təmsilçilərinin Rusiya rəsmiləri ilə yaxın münasibətləri var. Rusiya Prezidenti Vladimir Putinin Şuranın fəxri sədri Sergey Karaqanova "Seryoja" deyə müraciət etməsi bu münasibətlərin göstəricilərindən biridir. Digər tərəfdən Şuranın fəxri sədri Sergey Karaqanovun tez-tez Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirələr apardığı da məlumdur. Onu da qeyd etmək yerinə düşər ki, Şura "Valday" müzakirə klubunun həmtəsisçilərindən biridir.

Sergey Karaqanovun bir müddət öncə dövlətə məxsus "RİA Novosti" xəbər agentliyində yayımlanan "Seçim qalmayıb: Rusiya Avropaya nüvə zərbəsi endirməli olacaq" məqaləsində qeyd edilirdi ki, nüvə silahı son 75 il ərzində "qarşılıqlı çəkindirmə" rolu oynayaraq bəşəriyyəti böyük müharibələrdən xilas edib. Karaqanova görə, məhz nüvə silahının kəşfi iki dəfə dünya müharibəsi törədən bəşəriyyəti 75 il ərzində üçüncü dünya müharibəsindən çəkindirib. "Seryoja" hesab edir ki, bu, insanlarda arxayınçılıq yaradıb və onlar qorxu hissini itiriblər: "Buna görə avropalılarda belə qənaət yaranıb ki, Rusiya heç bir zaman Avropaya zərbə endirməyəcək və buna görə də Qərb istədyini edə bilər". Ekspert hesab edir ki, buna görə nüvə eskalasiyası qorxusunu bərpa etmək lazımdır: "Əks halda insanlıq məhvə məhkumdur". Karaqanov məqaləsində yazırdı ki, Rusiyanın və gələcək dünya nizamının necə olacağı ilə yanaşı, bütövlükdə dünyanın ümumiyyətlə, sağ qalacağı və ya planetin radioaktiv xarabalığa çevriləcəyi indi Ukrayna çöllərində həll olunur. Kremlin əsas eksperti təklif edirdi ki, dünya miqyasında fəlakət baş verməmişdən əvvəl onu geri çəkilməyə məcbur etmək lazımdır. Karaqanov səsli-küylü məqaləsində xatırladır ki, böyük dövlətlər böyük hədəfləri və ideyaları olmadan yaşaya bilmir və tarix səhnəsidən çıxırlar: "Tarix böyüklüyünü itirmiş güclərin məzarları ilə doludur".

Karaqanovun bu ideyaları, xüsusilə də Avropa ölkələrinə nüvə zərbəsi endirmək təklifinə qarşı çıxanlar arasında onun fəxri sədri olduğu Xarici və Müdafiə Siyasəti Şurasının nüfuzlu üzvləri də var. Xarici və Müdafiə Siyasəti Şurasının bir qrup üzvü bəyanatla çıxış edərək məhdud nüvə zərbələrinin qlobal nüvə müharibəsinin qarşısını alınacağına ümid etməyi məsuliyyətsizliyin zirvəsi adlandırdılar. Anatoli Adamişin və Aleksey Arbatov kimi nüfuzlu simaların da aralarında yer aldığı Şura üzvləri məhdud nüvə zərbəsinin Rusiyada, Avropada, Çində, ABŞ-da və başqa ölkələrdə onlarla, bəlkə də yüz milyonlarla insanın məhv edilməsi təhlükəsini yaradacağına diqqət çəkərək yazırdılar ki, bu, ümumilikdə bəşəriyyət üçün birbaşa təhlükədir. Karaqanovun fikirlərini məsuliyyətsizliyin zirvəsi adlandıran Şura üzvləri xəbərdarlıq edirlər ki, bu fəlakətli ssenarinin sonu dağılan Rusiya və pərakəndə düşən xalqın sağ qalan Güney xalqlarının təzyiqi altında suverenliyinin itirilməsi perspektivini vəd edir.

Karaqanovdan sonra Suslovun yenidən nüvə partlayışından bəhs etməsi isə göstərir ki, Anatoli Adamişin və Aleksey Arbatov kimi nüfuzlu simaların da aralarında yer aldığı Şura üzvlərinin nüvə zərbəsi təklifinə qarşı sərt etirazları gözlənilən effekti verməyib. Aydın görünür ki, Kremlə yaxın ekspertlər nüvə zərbəsi ideyasına çox aludə olublar. Karaqanov və Suslovla yanaşı, Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk da oxşar təkliflə çıxış edir. Rusiya Prezidenti Vladimir Putinə ən yaxın şəxslərdən biri hesab olunan Mixail Kavalçukun nüvə zərbəsi ideyasını dəstəkləməsi xüsusilə narahatedicidir. Məhz Mixail Kavalçuk Ukraynaya genişmiqyaslı müharibənin əsas ideoloqu hesab olunur. Digər tərəfdən Mixail Kovalçuk Rusiya Prezidentinə ən çox təsir edə bilən şəxsdən biri, hətta birincisidir. Ekspertlər hesab edir ki, Nikolay Patruşevin Təhlükəsizlik Şurasının katibliyindən çıxarılmasından sonra Mixail Kovalçukun mövqeləri daha da güclənib. Mixail Kovalçuk isə hesab edir ki, ABŞ-ı "razılığa gəlməyə məcbur etmək üçün" nüvə partlayışı zəruridir. Kremlə yaxın ekspertlərin nüvə zərbəsi və ya "nümayişkəranə nüvə partlayışı" haqqında təklifləri əsasən dövlətə məxsus xəbər agentliklərində yayılır və geniş təbliğ olunur. Belə məlumatların hər zaman "nüvə göbələyi" təsvirləri ilə yayımlanması da diqqətçəkicidir.

Ekspertlər bu informasiya müharibəsinin və eləcə də Rusiyanın Ukraynaya adi silahlarla qalib gəlməsinin mümkünsüzlüyünün qəti şəkildə təsdiqlənməsinin "nümayişkəranə nüvə partlayışı"nı qaçılmaz edəcəyindən narahatdırlar. Xarici və Müdafiə Siyasəti Şurasının bir qrup üzvünün Karaqanovun təklifinə qarşı bəyanatı da bunun nəticəsi idi. Bu bəyanatın heç bir nəticə verməməsi prosesin qorxulu istiqamətdə inkişaf etdiyini göstərir.

 





03.06.2024    çap et  çap et