525.Az

"Yüzlərin, minlərin anası..."na gəncliyin baxışı


 

"Yüzlərin, minlərin anası..."na gəncliyin baxışı<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi Azərbaycan Mətbuat Şurasında təcrübə proqramı keçir. Şuranın sədri Rəşad Məcid tələbələrlə növbəti görüş zamanı onlara milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin və onun ömür-gün yoldaşı Hənifə xanım Məlikovanın bu sahədəki misilsiz xidmətlərindən danışıb. R.Məcid təklif edib ki, tələbələr görkəmli alim, professor Vilayət Quliyevin Hənifə xanıma həsr edilmiş "Yüzlərin, minlərin anası..." adlı məqaləsini oxuyub öz fikirlərini qələmə alsınlar. Beləliklə, tələbələrin sözügedən məqalədən yaranan düşüncələrini təqdim edirik.  

 

Xalidə Vəlizadə:

- Professor Vilayət Quliyev Hənifə xanımın həyatını dərindən araşdıraraq öyrənib, onun maarifçi və xeyriyyəçi kimi fəaliyyətini  olduqca ətraflı şəkildə, təsirli formada qələmə alıb. Məqalədən çıxan önəmli nəticələrdən biri budur ki, Azərbaycan qadınlığının tarixinə parlaq səhifələr yazmış Hənifə xanım dövrünün çətinliklərinə baxmayaraq, davamlı mübarizə aparan, daim öz fikirləri ilə seçilən fəal, maarifçi qadın olub. Bu baxımdan o, Azərbaycan qadının nümunəvi obrazı sayıla bilər.

Böyük mütəfəkkir, vətənsevər ictimai xadim Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olub. Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində yaxından iştirak edib. 1881-ci ildən başlayaraq Zərdabdakı evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Həsən bəy uzun illər Bakıda müsəlman qız məktəbinin açılmasını arzulamışdı. Hacı Zeynalabdin Tağıyevin dəstəyi, sərmayəsi ilə bu təşəbbüs baş tutub. Məktəbin müdiri təhsilli türk xanımı olmalı idi və Hənifə Məlikova 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri vəzifəsini icra edib.

H.Məlikova Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. Belə ki, onun təşəbbüsü ilə Nicat Cəmiyyətinin bir şöbəsi kimi Bakı xanımlarının ilk təşkilatı yaradılıb. Həyatı çətinliklər, əziyyətlərlə dolu olan Hənifə Məlikova heç vaxt mübarizədən yorulmayıb, sonadək öz fədakar, ləyaqətli obrazını qoruya bilib. Hənifə xanım hər şeydən öncə təhsilin vacibliyini vurğulayaraq deyib: "Əgər kişi ailənin başçısıdırsa, qadın onun zəmini, bünövrəsidir. Ailə ocağı ilə bağlı bütün qayğılar, ilk növbədə isə uşaqların tərbiyəsi qadının üzərinə düşür. Əgər müsəlman ana savadsız və cahildirsə, o zaman verdiyi tərbiyə nə olacaq? İmkanlı müsəlmanlar bu həqiqəti yaxşı başa düşürlər. Ona görə də ya savadlı qadınlarla evlənməyə can atır, ya da övladlarının təlim-tərbiyəsi üçün dayələr, quvernantlar tuturlar. Sadə xalq isə aydın məsələdir ki, bunu edə bilmir. Gələcəyimiz naminə biz oğlanlarla birlikdə qızlarımızın da təhsil almalarının qayğısına qalmalıyıq". 

Fikrimcə, professor V.Quliyevin bu məqaləsi H.Məlikovanın timsalında, bir sıra ilklərə, işıqlı əməllərə imza atmış qadınlarımızın xatirəsini daha da ucaldan, onların fəaliyyətini sonrakı nəsillərə, gələcəyə  ötürməyə xidmət edən çox dəyərli əsərdir.

 

Nəzrin Əhmədli:

- Tariximizdə ən sayılıb-seçilən qadın simalardan biri kimi öz yerini tutmuş Hənifə xanım Məlikova barədə professor Vilayət Quliyevin "Yüzlərin, minlərin anası..." məqaləsini məndə böyük qürur, məmnunluq hissi oyatdı. Fəxr etdim ki, Azərbaycan tarixində belə bir maarifçi, alicənab qadın olub. məmnunluq hissi oyatdı. Bu məqalə bizim üçün çox faydalı mənbədir. Çünki məqalədə Hənifə Məlikovanın keçdiyi maraqlı və çətin həyat yolu, onun hamımıza nümunə olan fəaliyyəti detallı şəkildə, cəlbedici dillə təqdim edilir.

Əsərdən öyrənirik ki, Hənifə xanım ziyalı ailədə böyüyüb, onun təlim-tərbiyəsində, dünyagörüşündə elmin, maarifin rolu çox böyük olub. H.Məlikovanın dövründə  qadınların oxuması, elm öyrənməsi kifayət qədər radikal qarşılanırdı, lakin onun atası hər iki övladının maariflənməsi üçün əlindən gələni əsirgəməyib və Hənifə xanım yüksək təhsil alıb. Xoşbəxtlikdən, o, dahi Həsən bəy Zərdabi ilə ailə həyatı qurub.

Bu evlilik Azərbaycan maarifçilik tarixinin möhtəşəm hadisələrinə yol açıb. Çünki hər iki maarifçinin ürəyi vətən, millət eşqi ilə döyünüb. Onların amalı xalqın gözünü açmaq, gəncləri, eləcə də qadınları elmə cəlb etmək olub. Bu amal uğrunda onlar çox mübarizə aparıb, çox maneələri dəf ediblər. Hənifə xanımın qətiyyəti, sınmaz iradəsi onların bu yolda irəliləməsinə çox müsbət təsir göstərib. Bugün qadınlarımız fəaldırlarsa, bilgi sahibidirlərsə, bunda Hənifə xanımın göstərdiyi əzmli fəaliyyətin  mühüm rolu var. Hənifə xanım ömrünü qadınların maariflənməsinə həsr etmişdi. Sərt mühitin qadınlarımızı əzməsinə, kimlərinsə onlara xor baxmasına etirazını bildirən Hənifə xanımın gördüyü işlər sayəsində Azərbaycanda təhsil alan qızların sayı getdikcə artdı. Bu da xalqımızın qurtuluşu üçün mühüm hadisə idi. Qadınlarımız indi azad şəkildə təhsil alır və daim zirvələrə doğru addımlayırlar.

 

Nərgiz İsmayılova:

- Professor Vilayət Quliyevin fədakar, xeyirxah, yüksək insani dəyərlərə malik olan Hənifə Məlikovanın həyat və fəaliyyətini maraqlı tərzdə yazıya alması, məncə, ilk növbədə, müəllifin tariximizə, milli şəxsiyyətlərimizə sonsuz məhəbbət və ehtiramından irəli gəlir. Hənifə Məlikova məhz belə şəxsiyyətlərdən olub. Məqalədən məlum olur ki, Hənifə xanımın atası Aslanbəy Abayev qızının rus dilində dünyəvi təhsil alaraq gələcək həyata daha da hazır olmasını istəyir və bunun əhəmiyyətini yaxşı anlayır. Hənifə xanım bu yolda addımlayan ilk qafqazlı müsəlman qızlardan idi. Həyat onu Həsən bəy ilə qarşılaşdırır və onlar maarifçilik yolunda uğurlu, inamlı addımlar atmağa, bu yolda birgə çalışmağa başlayırlar. Hənifə xanım Həsən bəy Zərdabinin dönməz, qətiyyətli mübarizə yoldaşı olub. Təsadüfi deyildi ki, Hənifə xanımın adı, maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində xeyli məşhurlaşmışdı. İnkişaf üçün mübarizə aparanın həyatı asan olmur. Hənifə xanımın da həyatı əziyyətlərlə, sınaq və təqiblərlə keçib. Lakin o heç vaxt mübarizədən yorulmayıb, dəyərli fəaliyyətini uğurla davam etdirib. 

 

Aida Həsənova:

- "Yüzlərin, minlərin anası..." adlı məqalə son zamanlar oxuduğum ən gözəl və faydalı əsərlərdəndir. Məqalə müəllifi professor Vilayət Quliyev önəmli bir tarixi dövrdən bəhs edir. O, Azərbaycanın görkəmli maarifçi qadınlarından Hənifə xanım Məlikovanın obrazını çox ustalıqla gözlərimiz önündə canlandırır. Həmin dönəmdə maarifçilik ənənələrini yaşadan ziyalılarımızın hansı çətinliklərdən keçdiyini oxucuya çatdırır.

Azərbaycanda qadınların təhsil almasında müstəsna xidmətləri olmuş Hənifə xanım bu əsərdə millət anası kimi bir ali missiyanın daşıyıcısı olaraq yüksək dəyərləndirilib. Onun gələcək nəsillərin taleyində böyük rol oynadığı diqqətə çatdırılır.

Mənim üçün bir maraqlı məqam da budur ki, kürəkəni olan, müstəqil Azərbaycanın qurucularından biri Əlimərdan bəy Topçubaşov ona Ana deyərək müraciət edib. 1929-cu ildə Hənifə xanım vəfat etdikdən sonra, uzaq Parisdə mühacirət həyatı yaşayan Topçubaşov Hənifə ananın anım günlərin keçirib. Elə həmin dönəmdə sovetləşmiş Azərbaycanda da Hənifə xanımın vəfatı ilə bağlı mərasimlərə respublika rəhbərliyində təmsil olunan şəxslər qatılıb. O dövrün ictimai-siyasi xadimlərindən Qəzənfər Musabəyov H.Məlikova haqqında deyib: "Bu gün biz iki, üç, hətta beş-on deyil, yüzlərlə, minlərlə uşaq tərbiyə etmiş bir Ana itirmişik. Onun xeyirxah əməli xalqın yaddaşından heç zaman silinməyəcək!"

Aradan uzun zaman keçib. Bu gün müstəqil Azərbaycanda təhsil, o cümlədən, qızların təhsili geniş vüsət alıb. 19-cu əsrin sonlarında qızların təhsil alması problem idisə, bu gün qızlar təhsildə öncüldür. Tarix boyu bunun üçün çalışan, həyatını bu müqəddəs işə həsr edən insanlar hər zaman ehtiramla anılır: xalqının övladlarına mənəvi analıq etmiş Hənifə xanım Məlikova kimi! 

 





03.06.2024    çap et  çap et