525.Az

Dəniz suyu içməli suya necə çevrilir?


 

Dəniz suyu içməli suya necə çevrilir?<b style="color:red"></b>

Planetdə şirin su ehtiyatının ildən-ilə kəskin şəkildə azaldığı bir vaxtda dünyanın demək olar, bütün ölkələrində dəniz suyunun  duzsuzlaşdırılması  texnologiyalarını tətbiqi istiqamətində dövlət səviyyəsində addımlar atılır.

Bununla bağlı bizim ölkəmizdə də ciddi tədbirlər görülür. Hələ ötən il Azərbaycan Prezidenti "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" sərəncam imzalayıb. Sərəncamla Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi prosesinə start verilib.

Qeyd edək ki, dəniz suyunun duzsuzlaşdırılma əsasən üç istiqamətdə həyata keçirilir: termik  duzsuzlaşdırma, elektrik duzsuzlaşdırma və təzyiq altında duzsuzlaşdırma.

Duzsuzlaşdırmanın ən qədim növü olan termik üsulu suyun distillə edilməsidir. Burada dəniz suyu qaynadılır, buxarlandırılır və şirin suya çevrilir. Elektrikli duzsuzlaşdırmada cərəyan ionları seçici membrandan keçirərək molekulları ayırır və duzu özü ilə aparır. Təzyiq altında duzsuzlaşdırmada isə duz məhluldan ayrılır və xüsusi membrandan keçirilir.

Mütəxəssislərin sözlərinə görə, dəniz suyunun duzsuzlaşdırılması yeni hadisə deyil. Sovet hökuməti dövründən Xəzər dənizinin Türkmənistan sahillərində bu proseslər aparılıb. Ümumiyyətlə, içməli suya ehtiyacı olan bir çox ölkələrdə dəniz suyunun duzsuzlaşdırılmasından istifadə olunur. Hətta Azərbaycanda Salyan rayonun Xıdırlı kəndində pilot layihə kimi müvafiq qurğular quraşdırılıb. Orada bu prosesdən kənd təsərrüfatının suvarılmasında  istifadə olunub, indi isə ölkəmizdə içməli suyun alınması üçün istifadə olunması planlaşdırılır.

Coğrafiya elmləri doktoru, Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Xəzər Dənizinin  Hidrometeorologiya şöbəsinin müdiri Səid Cəfərov "525"ə açıqlamasında bildirib ki, Bakı şəhərində təbii su mənbəyi yoxdur və suya olan tələbat çaylar vasitəsilə ödənilir: "Samur çayından gətirilən su hansısa bir səbəbdən kəsilsə, Bakının böyük bir hissəsi susuz qala bilər. Eyni zamanda bu, Kür çayına da aiddir. Keçən il yağıntılar çox olduğundan su problemi çox yaşanmadı. Lakin ümumi götürdükdə su qıtlığı problem olaraq qalır. Ölkəmizdən axan çaylar bir neçə ölkə ərazisindən keçir və həmin ölkələrdə müxtəlif su anbarları quraşdırılır. Bu da həmin çayların axınını xeyli azaldır. Məsələ get-gedə daha da ciddiləşdiyi üçün gələcəkdə Azərbaycan içməli su nöqteyi-nəzərindən çətinliklər qarşısında qala bilər".

Qeyd edək ki, bu gün dəniz suyunun duzsuzlaşdırılması metodundan ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Çin kimi ölkələrdə istifadə olunur.

Ekoloq Sadiq Qurbanlı açıqlamasında bildirib ki, suyun duzsuzlaşdırılması baha başa gələn prosesdir: "İçməli su almaq üçün çoxlu kimyəvi üsullardan istifadə olunmalıdır. Sözügedən prosesdən alınan su içməkdən əlavə, daha çox başqa məqsədlər üçün də yararlıdır. İçməli su əldə etmək üçün Dünya Səhiyyə Təşkilatının içməli su ilə bağlı tətbiq etdiyi normativlər mövcuddur. Burada istifadə olunan texniki qurğular yüksək səviyyədə olmalıdır ki, kimyəvi maddələr suyun tərkibində qalmasın".

S.Qurbanlı həmçinin qeyd edib ki, Azərbaycanda su ehtiyatları az olsa da, dəniz suyundan içməli su kimi istifadəsinə ehtiyac yoxdur: "Biz elə öz su ehtiyatlarımızdan səmərəli istifadə etməklə bu problemini həll edə bilərik. Su ehtiyatları idarəsinin açıqladığı məlumata görə, içməli su nəqli zamanı təxminən 50 faiz itkiyə yol verilir. Bu itkiləri aradan qaldırmaqla içməli suya həm qənaət edə, həm də ehtiyacımızı tamamilə təmin edə bilərik. Bu sistem tətbiq olunarsa, qurğuların tez-tez dəyişməsinə və investisiya qoyulmasına ehtiyac yaranacaq".

Qeyd edək ki, dünyada az sayda duzsuzlaşdırma, yəni dəniz suyu təmizləyici qurğuları var. Bu qurğuların demək olar ki, hamısı yüksək gəlir səviyyəsi olan ölkələrdədir. Buna səbəb isə bu işin olduqca baha başa gəlməsidir.

Havar ŞƏFİYEVA

 





03.06.2024    çap et  çap et