525.Az

Ta­ri­xin fa­ciə­li və ib­rə­ta­miz əh­va­lat­la­rı - Telman Orucov yazır


 

Ta­ri­xin fa­ciə­li və ib­rə­ta­miz əh­va­lat­la­rı - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

Qəddarlıq nümunələri unudulmur

 

Belə bir əhvalatı yada salmaq lazımdır ki, İmperiya bir qayda olaraq öz məqsədinə çatmaq üçün makiavellizmdən, "məqsəd vasitələrə haqq qazandırır" prinsipindən geniş istifadə edir. 1544-cü ildə türk sultanı Möhtəşəm Süleyman axşam yeməyinə macar dvoryanı Balint Toronu dəvət edir. Qonaq ev sahibinə o qədər də inanmadığından, bir neçə dəfə masanın arxasından qalxıb, evinə getmək istəyir. Hər dəfə sultan gülümsəyərək təkid edir ki, macar qalsın: "Axı Siz hələ qara şorbanı dadmamısınız" sözlərini, qəhvəni nəzərdə tutaraq təkrar edir. Nəhayət, axırda "qara şorba" verildikdə yeniçərilər macarın üstünə atıldılar və onu zəncirlə buxovladılar. O vaxtdan macar dilində "qara şorba" söz birləşməsi ən qara məkr idiomatik ifadəsi və xəyanəti mənalandırmaq üçün istifadə edilir.

Bəzən dəhşətli qətllər törədən, insanlığı bədbəxtliyə düçar edən adamlar tarixə daha çox bəzək vermişlər, nəinki nəhəng bəşəri ideyaları özünə rəhbər tutan və bu yolda özünü və bütün yaxın adamlarını qurban verən böyük şəxsiyyətlər. Bu nöqteyi-nəzərdən Şərq sarayları daha böyük məkr və cinayət yuvasına çevrilirdi. Burada saray adamlarının öz əcəli ilə ölməsi nadir hadisəyə çevrilirdi. Çar sülaləsindən olanların az bir hissəsinə müəyyən dövr üçün hökmdarlıq "səadəti" qismət olurdu, qalanları isə bu ailəyə mənsubiyyəti ilə elə bil ki, faciə qəhrəmanlarına çevrilirdilər. Türk sultanının vəliəhdliyi üstündə qan qardaşları arasında hər cür iyrənc vasitələrdən istifadə edilməklə, ölüm-dirim müharibəsi gedirdi. Bir oğul ölən sultanın yerini tutduqda, onun taxtına sahib çıxdıqdan sonra bütün qardaşlarını, hətta öz istəyindən asılı olmayaraq sıradan çıxarmalı, müxtəlif yollarla qətlə yetirməli idi ki, iddiaçı pretsedenti heç cür yarana bilməsin, hətta formal iddiaçı təhlükəsi belə mövcud olmasın. Sultan Səlim öldükdən sonra hakimiyyətə gələn onun oğlu Sultan Süleyman bütün qardaşlarını məhv etmək məcburiyyətində qaldı. Sarayda yeyilən xörəyin hər tikəsindən insan qanının iyi gəlir.

XIX əsrin birinci yarısının Rusiyası haqqında yazan fransız, markiz Astolf de Kyustin yaxşı qeyd edirdi ki, "həbsxana gözətçisinin həyatı mənim gözümdə heç də məhbusun həyatından yaxşı deyil". Axı hər ikisi həbsxananın öldürücü havası ilə nəfəs alır, onun üfunətindən qidalanır. O, məşhur Şlesslburq zindanını müşahidə edərkən, bu qənaətə gəlmişdi. Ona görə də öz xalqına, millətinə bir ölkə həcmində həbsxana yaradanlar heç də azad olmurlar, onlar dərk etməsələr də, özlərini də bu ağır cəzaya - katorqa məhbusluğuna məhkum edirlər. Bəşəriyyət quldarlıqla həmişəlik vidalaşdıqdan sonra da insanlığa zidd olan bu eybəcərliyi bərpa etmək cəhdinin özü cinayət sayılmalıdır. Jan Jak Russo çox düzgün olaraq qeyd edirdi ki, insan azad olmaq üçün doğulur, ancaq daim qandalda olur.

Diktaturanın hökm sürdüyü müasir ölkələrdə vəziyyət heç də XIX əsr Rusiyasından yaxşı deyildir. Bir neçə Yaxın Şərq ölkələrinə səyahət edən ingilis alimi, onlarda hökm sürən qaydalardan dəhşətə gəlib, Fransadan olan de Kyustinin Nikolay Rusiyası barədəki ("1839 cu il Rusiyası") kitabının ənənəsini davam etdirərək, öz təəssüratlarını Londonda çıxan "The Guardian" qəzetində çap etdirmişdi. Bir ölkənin timsalında adamların hakimiyyətdən daim qorxu içərisində yaşamasını, hər cür haqsızlığa dözdüyünü təsvir etmişdi. O yazırdı ki, həmin ölkədə qəribə bir qayda hökm sürür, hamı diktatorun verdiyi qəti göstərişə əməl etməlidir. Bu eybəcər göstərişi, o, ingilis dilində lakonik qaydada belə ifadə edir: "Look, don't see, listen, don't hear, The more engage, the longer you survive". - "Bax, ancaq görmə, qulaq as, ancaq eşitmə. Nə qədər buna çox əməl etsən, daha çox da salamat qalacaqsan". Sonra qeyd edir ki, adamları kütləvi şəkildə kor və kar edən bir ölkədə hansısa insan haqlarından danışmaq olarmı?

Lakin diktatorlar, xalqa zülm edənlər öyünməsinlər ki, onların ağalığı uzun illər ömür sürəcəkdir, onlara müqavimət göstərməyə heç kəsin cürəti çatmayacaqdır. Onlar əgər tarixi öyrənsəydilər, səfeh ideyalarından əl çəkərdilər. Axı diktaturadan dənşətli olan quldarlığa da nəhayət ki, son qoyulmuşdu. Bəşəriyyət tarixində pozulmaz ləkə kimi qalan quldarlıq min illərlə ölçülən tarixə malikdir, lakin onu da üfunət yayan əşya kimi, utancaqlıq bəxş edən eybəcər bir varlıq kimi məhv etmək, tarixin arxivinə, özünə məxsus olan qəbirə göndərmək mümkün oldu.

 

Quldarlığın dəhşətli tarixi

 

Quldarlıq böyük və qullar üçün dəhşətli əzablarla müşayiət olunan tarixə malik olduğundan, onun haqqında bir qədər ətraflı danışmağa ehtiyac vardır. Quldarlığın son nümunələri bir əsr yarımdan artıq vaxtda qadağan olunsa da, gizli quldarlıq halları bəzi ölkələrdə qalmaqda davam edir.

Quldarlıq antik dövrlərdə Avropada mövcud olmuşdur. Şərqdə tiraniya, despotiya güclü olsa da, quldarlıq o qədər geniş yayılmamışdı. Qədim Misirdə və Çində qullar əhalinin nisbətən kiçik seqmentini təşkil edirdi. Elmi axtarışlar piramidaların qullar tərəfindən tikilməsi barədəki ideyanı təkzib etmiş, məlum olmuşdur ki, bu ağır işi əsasən kəndlilər ilin yarısı ərzində tikintidə işləməklə həyata keçirmişlər. Özü də bunu vergi ödəmək şəklində görmüşlər. Qədim Yunanıstanda və Qədim Romada quldarlıq geniş yayılmışdı. Qədim Romada şəhər əhalisinin 25 faizini qullar təşkil edirdi və ölkədə qullar əsas işçi qüvvəsi rolunu oynayırdı. Burada qullar çoxlu növlərə bölünürdü. Onların arasında həkimlər və müəllimlər var idi. Bəzi qullar qul sahibinin mülkiyyəti olduğu halda, onun özünün də qulları var idi. Azad olunmuş qulların - libertinlərin bəziləri böyük var-dövlətə yiyələnirdilər. Qladiator qullar geniş şöhrətə yiyələnirdilər. Qulların əksəriyyəti müharibə əsirlərindən ibarət idi.

Qullar öz sahibinin mülkiyyəti hesab olunurdu, axırıncılar onları qidalandırmalı və müəyyən lazımi şəraitdə saxlamalı idi. İş heyvanı kimi qulun xəstələnməsi və ölməsi onun sahibinə maddi ziyan vururdu. Lakin qullar narazılıqlarını açıq şəkildə bildirirdilər, Siciliyada onlar böyük üsyan qaldırmışdılar. Bizim eradan əvvəl 70-ci illərdə Qədim Romada baş verən Spartak üsyanı azadlıq uğrundakı mübarizə tarixini bəzəyir. Bizim eranın V əsrində isə Roma imperiyasının özü süqut etdi.

Erkən Orta əsrlərdə aqrar quldarlığı hələ mövcud olsa da, iqtisadi cəhətdən süquta uğradı və onun yerini IX əsrdən təhkimçilik tutdu. Lakin İspaniyada quldarlıq yenidən meydana çıxdı, ölkədəki xristianlar və müsəlmanlar əsir düşmüş dustaqları Rekonkistanın davam etdiyi bütün dövr ərzində qul kimi istifadə edirdilər. XIV əsrdəki Qara Ölümdən - taunun qitədə geniş yayılmasından sonra işçi kasadlığı ucbatından İtaliyada geniş ölçüdə quldarlıq tətbiq olundu. Florensiyada əcnəbi qulların qeyri-məhdud şəkildə gətirilməsinə icazə verildi. İtaliya qul bazarına satılmaq üçün qullar Aralıq dənizi və Qara dəniz sahillərindən gətirilirdi, onların sırasına ruslar, albanlar, cənubi Balkandan olanlar və tatarlar daxil idi. Burada həmçinin Afrikadan olan qullar da var idi, onlar mavrlar, efiopiyalılar və İspaniyadan olan müsəlmanlar idi. Təkcə Venetsiya bazarında XV əsrin ilk rübündə 10 min qul satılmışdı. Lakin XV əsrin sonunda İtaliya şəhərlərində quldarlıq dramatik qaydada süqut etdi. Qul sahibləri qullarınının çoxunu azad etdi.

İlk dəfə portuqaliyalılar Afrika ətrafına üzməyə başladılar, bu işdə Henri Naviqatorun (XV əsr) böyük xidmətləri olmuşdu. Onlar Ədviyyat adalarına yol tapmaq istəyirdilər. XVII əsrin ortaları ərzində niderlandlılar Qərbi Afrika sahillərindəki bir neçə Portuqaliya fortlarını tutdular və həmin vaxt həm də Hind okeanındakı portəgiz ticarətinə nəzarəti ələ keçirdilər. 1602-ci ildə yaradılan Holland Şərqi İndiya Kompaniyası Şərqi Afrikada və Xoş Ümid Burnunda məskənlər saldılar və onları daimi koloniyalara çevirdilər.

Afrikanın sahil zonalarını kəşf edən avropalılar qitənin daxilindəki ərazilərə də nüfuz edirdilər. Lakin onların diqqətini sahilin yaxınlığında yaşayan əhali daha çox cəlb edirdi. XVI-XVII əsrlərdə qul ticarəti xeyli böyümüşdü, minlərlə, sonra milyonlarla afrikalı öz vətənlərindən uzaqlaşdırılmış və güc tətbiq etməklə gəmilərlə Yeni Dünya plantasiyalarına aparılmışdı.

Qul ticarəti heç də yenilik deyildi. Dünyanın digər zonalarında olduğu kimi, Afrikada da quldarlıq qədim dövrlərdən mövcud idi. XV əsrdə quldarlıq möhkəm səviyyədə yüksəldi. İlk qul bazarları Yaxın Şərqdə olmuşdu və burada satılan qullar ev xidməti göstərməklə məşğul idi. Quldarlıq Avropa ölkələrinin çoxunda mövcud idi, orada qulların çoxu Afrikadan gətirilənlər və ya müharibələrdə işğal edilən regionlardan olanlar idi.

İlk olaraq portuqaliyalılar Avropa qullarını sadəcə olaraq Afrikadan olanlarla əvəz etdilər. Lakin 1490-cı illərdə Amerikalar kəşf edildikdən sonra Cənubi Amerikada və Karib adalarında şəkər qamışı becərilməsi situasiyanı köklü surətdə dəyişdi.

Şəkəri ilk dəfə Avropaya səlibçilər Orta Şərqdən gətirmişdilər. XVII əsr ərzində şəkər qamışı plantasiyaları Braziliyanın şərq sahillərində və bir neçə Karib adasında meydana gəldi. Onlar böyük miqdarda əmək məsarifi tələb edirdi, plantasiyalara çoxlu işçi qüvvəsi lazım gəlirdi. Bunu az sayda olan amerikan hinduları bacarmazdı. Onlar gərgin əməyə öyrənməmişdilər, tez yorulur və xəstələnirdilər. İlk dəfə 1518-ci ildə ispan gəmisi afrikalı qulları birbaşa Afrikadan Yeni Dünyaya gətirdi. Bir cəhət də qeyd edilməlidir ki, avropalılar şəkərə çox tez öyrəşdilər və şəkər satışı plantasiya sahiblərinə böyük gəlir gətirirdi. Əslində şəkər yeni bir narkotikə çevrilmişdi.

Sonrakı iki əsr ərzində qul ticarəti çox dramatik şəkil aldı, çünki Üçbucaq ticarət Avropanı Afrika və Amerikalarla birləşdirirdi. Amerikan qitələrindəki inkişaf Atlantik iqtisadiyyatı kimi xarakterizə olunurdu. Avropa ölkələrindən Afrikaya manufaktura malları gətirilirdi və onlar qullara dəyişdirilirdi. Sonra qullar gəmilərə yüklənib, satılmaq üçün Amerikalara daşınırdı. Avropa tacirləri isə oradan tütün, patka, şəkər, rom, kofe və pambıq alırdı və onları Avropaya daşıyıb, qitənin bazarlarında satırdılar. XVI əsr ərzində 275 min afrikalı qula çevrilib, iki qitəyə idxal edilmişdi. XVII əsrdə bir milyondan artıq qul gətirilmişdisə, XVIII əsrdə bu rəqəm 6 milyona yüksəlmişdi. Ticarət Qərbi və Mərkəzi Afrikadan Şərqi Afrikaya doğru irəliləmişdi. XIX əsr ərzində Avropa ölkələri qul ticarətinə son qoymağa cəhd etdikdə belə, 2 milyona yaxın qul idxal edilmişdi. Bütövlükdə 10 milyondan artıq afrikan qulu XVI və XIX əsrlər arasında Amerikalara daşınmışdı. Onların yarısı ingilis gəmilərinin payına düşürdü. 1960-cı illərin əvvəllərində Əlcəzairin ilk prezidenti olmuş Əhməd ben Bella isə iddia edirdi ki, qul ticarəti Afrika əhalisinin 100 milyon nəfərə qədər azalması kimi, qitəyə dəhşətli bir ziyan vurmuşdur.

Qulların gəmidə bir qitədən başqasına üzməsi də olduqca ağır səfər idi, onlar dözülməz şəraitin hökm sürdüyü gəmi anbarlarında daşınırdı. Ölüm faizi 10-a bərabər olurdu. Böyük məsafəyə üzən vaxt qasırğa olanda və ya əks istiqamətdə külək əsəndə, ölüm dərəcəsi xeyli artırdı. Səfər vaxtı sağ qalan afrikalılar az immunitetə malik olduqlarından və ya heç bir immunitet sahibi olmadıqlarından xəstəlikdən ölməklə, qullar arasında itki dərəcəsini artırırdılar. Yeni Dünyada doğulan və böyüyən qullar arasında ölüm dərəcəsi aşağı olurdu, çünki yeni nəsil çox sayda qorxulu xəstəliklərə qarşı immunitet qazanırdı. Qul sahibləri ancaq nadir hallarda qulların uşağının olmasına rəğbətlə yanaşırdılar, qadın qullar bir müddət işləməkdən yayınmalı olurdu. Onlar düşünürdülər ki, qulu almaq, uşağı işləmək yaşına qədər böyütməkdən az xərc tələb edir. Qədim Romada isə quldarların münasibəti bu cəhətə görə tam əks xarakterli idi, onlar uşağın olmasını və cavan qul kimi böyüməsini, yeni qulu satın almaqdan sərfəli hesab edirdilər.

Avropalılar ilk dəfə qulları yerli afrikan tacirlərindən qul bazarlarında alırdılar, bunun üçün onlara qızıl, tüfəng və digər toxuculuq mallarını verirdilər. Tarixçilər nəhayət belə qərara gəldilər ki, məhz avropalılar qul ticarətinin şərtlərinə nəzarət etmişdilər.

(Ardı var)

 





03.06.2024    çap et  çap et