525.Az

"Zəhmət və əməksevərlik istedadla vəhdətdə olmalıdır - biri olmasa o biri də olmayacaq"


 

Xalq artisti, prezident təqaüdçüsü, professor Səkinə İsmayılovanın "525"ə müsahibəsi

"Zəhmət və əməksevərlik istedadla vəhdətdə olmalıdır - biri olmasa o biri də olmayacaq"<b style="color:red"></b>

- Səkinə xanım, Sizinlə ilk müsahibəmdən, nə az-nə çox, düz 17 il keçir. O vaxt Sizinlə müsahibəni solisti olduğunuz  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, indisə dərs dediyiniz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində götürürük. Tanınmış muğam ustası, bir xanəndə, bir müəllimə, bir sənətkar kimi necə hesab edirsiniz, həmin vaxtdan Azərbaycanın mədəni həyatında, Azərbaycan mədəniyyəti və incəsənətində çox şeymi dəyişib?

- Azərbaycanda muğam sənəti hər zaman xalqın diqqətində olub. Bu sənət heç zaman xalqın nəzərindən yayınmayıb.  Ən azından el şənliklərini, məclisləri götürək. Bakı kəndlərində keçirilən məclislərdə bütöv bir xanəndə nəsli yeşitişib. Harada doğulmalarından asılı olmayaraq, bir çox xanəndələr Bakı kəndlərində keçirilən el şənliklərində  püxtələşiblər. Son  on ili götürsək görərik ki,  artıq xalqa birləşən bir qüvvə də var. O da bizim dövlətimizdir. Xüsusilə, dövlət başçımız cənab İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili  Mehriban xanım Əliyeva muğam sənətini  dünyaya tanıtmaq üçün çox böyük və misilsiz  işlər görüblər. Biz bunu deməliyik. Bu, həqiqətən də belədir. Yeri gəlmişkən, 17 il bundan qabaq  məndən müsahibə almağa gələndə də hansısa bir festivaldan gəlmişdim.  Səhv etmirəmsə, Hollandiyadan qayıtmışdım... Bunu təsadüfdən xatırlamıram, Hollandiyada, elə Fransada, Amerikada, Yaponiyada olanda da deyirdim, ilahi, görəsən, bizdə də nə zamansa belə festivallar, belə müsabiqələr keçiriləcək? O vaxtdan bunun arzusundaydım və çox sevindiricidir ki, bu gün artıq bu arzum reallaşıb. Təkcə son illərdə bizim ölkəmizdə onlarla  beynəlxalq müğam festivalları, beynəlxalq muğam müsabiqələri  keçirilib və keçirilməkdədir. AzTV ilə canlı yayımlanan televiziya muğam müsabiqəsi çox böyük şöhrət tapıb. İnanın ki, o müsabiqədən sonra mən hansı ölkəyə gedirəmsə, orada yaşayan  soydaşlarımız həmin müsabiqədən söz açır, onunla maraqlanır, bildirirlər ki, nə gözəl gənclər gəlir, nə gözəl səslər gəlir, muğam necə gözəl inkişaf etdirilir və sair. Ona görə ki, doğrudan da,  gənclərimizin muğama  axını başlayıb. Bax, bu axın nədən başladı?  Ondan başladı ki, dövlət bunlara arxa, yiyə durdu və bu gün o qorxmur, yəni, çətinlik çəkmir ki, muğamın dalınca gedir. Çünki dövlət ona dəstək verir. Həmçinin, belə gözəl festivallarda iştirak, çıxış  hüququ, imkanı qazanır,  cəmi 3 ay ərzində  televiziya ilə bütün dünyaya reklam olunur, tanınır. Onu da deyim ki,  muğam müsabiqəmizin birincisi SMS-lə olmuşdu. Amma sonra  Mehriban xanım Əliyeva belə bir təşəbbüslə çıxış etdi ki,  SMS yığışdırılsın, qalibləri münsiflər heyətində əyləşən sənətkarlar müəyyənləşdirsin. Yəni, deməkdə məqsədim odur ki,  belə bir böyük inkişaf yolu keçdik biz. Bu barədə çox danışa bilərəm ki, biz musiqimizlə, xüsusilə də, muğam sənətimizlə  istədiyimiz sərhədləri aşa, istədiyimiz yerlərə çıxara bilirik. Muğamımız bu gün istər musiqi alətlərində sintez olunur, istər ayrı-ayrı musiqiçilərlə sintez olunur. Şəxsən öz yaradıcılığımdan onu deyə bilərəm ki, Azərbaycan muğamını başqa bir xalqın raqa musiqisi, Hindistanın muğamı ilə birləşdirib  gözəl bir "Muraqam" adlı layihə ortaya çıxardıq ki, bu da böyük bir səs-küy oldu. Doğrudan da, bununla  muğamımızda yeni bir mərhələ oldu ki, bəli, bizim muğamımız belə bir  qüdrətə malikdir. Muğamımız elə bir qüdrətə malikdir ki, bir Hindistan xanəndəsi gəlib müraciət edir ki, məsələn, mən Səkinə xanımla bu muğamı ifa edəcəyəm. Bilirsiniz bu nə deməkdir? Təsəvvür edin, keçən il onu Dehlidə, Kəlküttədə  reallaşdırdıq,  inanın ki, hər kəs heyranlıqla baxırdı ki, bu nə musiqidir? Özü də qeyri-təvazökarlıq olmasın, bu, hər adamın işi deyil. Bu, bizim tariximizdə ilkdir. Bunu indiyə kimi heç kəs etməyib. 

- Bəzən yaşlı, qocaman sənətkarlar tərəfindən muğamın sintezi etirazla qarşılanır. Məsələn, tanınmış ifaçımız, böyük xanəndəmiz Alim Qasımovla bağlı həmin sənətkarlar tərəfindən tez-tez tənqidlər səsləndirilir...

- Hər xanəndənin, hər ifaçının öz dünyası - özü üçün qurduğu bir dünya var. Əgər o öz dünyasında istədiyini göstərə bilməsə, mənim fikrimcə,  əsl sənətkar ola bilməz və bilməyəcək.  Ona belə rahatdır. O, öz sərbəstliyini, öz rahatlığını yaradıb, istəyir əlini belə qoyur, istəyir belə edir, istəyir elə edir və sairə. Qaldı ki muğama, onun ritm üzərində hərə özünün öz sənətini nümayiş etdirir, özü də  heç nəyə dəymədən. Əslində biz bununla bütün dünyaya sübut edirik ki, görün, bizim muğamımız  necə zəngindir. Məsələn, ərəblər deyir ki, mənim də muğamım var, türklər  deyir mənim də muğamım var, farslar da bunu deyir.  Onlarda muğam olmasa gəlib burada  bizimlə bir festivalda iştirak etməzlər ki? Onların da muğamları var. İndi görün ki, bütün o muğamlara biz öz dəstgahlarımızı yerləşdirə bilirik və bizim, necə deyərlər, dilimiz də uzundur, biz bunu fəxrlə deyəməyə də ərkimiz çatır ki, bəli, bizim muğamımız çox zəngindir.  Zəngindir də, zəngin olmasa bunu edə bilmərik ki. Qaldı ki,  Alim Qasımova, o da muğama heç bir şey etmir. O klassik yolu da  çox gözəl bilir. Alim Qasımov istəsə  "Çahargah" muğamını cəmi 15 dəqiqənin içində  "Bərdaş"ından başlayıb gəlib "Mənsuriyyə"sinə qədər ifa  edər. Mən belə düşünürəm.

- Səhv etmiriksə, müsabiqələrdən birinin yekunları ilə bağlı tanınmış sənətkarlar arasında qarşılıqlı ittihamlar yaşandı ki, kimlərsə tərəfkeşlik edir...

- Burada hansısa tərəfkeşlik olmur, olmayıb və ola da bilməz. Hər şey  göz qabağındadır.  Müsabiqə keçirilən zal təxminən 400 nəfər  adam tutur. Orada nəsə ola bilər, başqa bir şey? Məgər kimsə pis oxusa, bərbad ifa etsə, o zal ona əl çalar, alqışlayar? Bundan da əlavə neçə milyon  tamaşaçı oturub bizə ekranların qarşısında baxır. Özünüz fikirləşin, onların gözü qarşısında nəsə ola bilər? Bu, mümkün deyil. Münsiflər heyətində də  əsl sənətkarlar əyləşib, onlar bilirlər ki,  bir il sonra bu uşağın səsi qalacaq-qalmayacaq, batacaq-batmayacaq. Bilirsiniz, bizim elə gözəl ifaçılarımız olub ki,  yetkinlik dövrünü, səsin dəyişkən dövrü keçdikdən sonra səsləri batıb, oxuya bilməyiblər. Bax, belə şeylər var...

- Heç olubmu ki, kiməsə aşağı və ya yuxarı bal verdiyiniz üçün sonradan peşmançılıq hissi keçirəsiniz?

- Bizi izləyənlər hər şeyi yaxşı görür. Orada da hərənin öz fikri var.  Şəxsən mən çox zaman ifaçılara  yüksək bal vermişəm. İndi onu kim necə qəbul edir,  özü bilər. Amma mən niyə belə etdiyimi də açıqlamışam, demişəm ki,  nəyə görə  filankəsə belə yüksək bal vermişəm. Mən  demişəm ki, bax,  filan-filan keyfiyyətlərinə görə  ona belə yüksək və ya aşağı bal verdim. Çünki bu keyfiyyət o birisində yoxdur. Ola bilər onun səsi var, amma bizdə tək səs deyil ki,  diksiya var, sözün deyiliş qaydası var, qrammatikanı bilmək var. Ən azından əruza bir balaca bələd olmaq var. Sözlərin vurğularının düz vurulması var, qəzəllərin, şeirlərin düzgün oxunması var. Ritm var, onları bir-birinə cilalamaq var. Bunlar hamısı olmasa xanəndə yetişmir, sevilən xanəndə olmur. Bir az keçir sənin adını çəkən olmur, unudulursan, yadda qalmırsan. Xanəndə var ki, bir muğamı oxuyub, amma yüz il də elə o cür oxuyur. Tamaşaçı bezib, söndürür ekranı, onu dinləmir. Amma tamaşaçı var ki,  hər hansı  yaşda olmasına baxmayaraq,  fərqli, özünəməxsus ifa edən muğam ifaçılarını dinləyir, onları əsl xanəndə kimi qəbul edir. Açıq deyim ki, belə xanəndələrimiz də çox deyil.  Barmaqla sayılan xanəndələrimiz var ki, onlar muğama yaradıcı yanaşırlar və mən bunu çox gözəl qarşılayıram,  bunu dəstəkləyirəm. Mənim üçün əsl xanındə budur. Xanəndə var  ki,  55 yaşı var, 60 yaşı var, 70 yaşı var, amma çıxır qızıl xırdalayır.  Bəlkə də evin hansısa küncündəsən, ancaq o öz ifası ilə sənə deyir gəl buraya, yaxına gəl, gəl mənə qulaq as.  Ancaq elələri də var ki,  illərdir eyni qəzəli oxuyur, baxırsan görürsən, ay Allah, elə mən 30 il bundan qabaq da bu xanəndədən bu qəzəli eşitmişəm. Hətta, elə tamaşaçı var ki, əzbər bilir bu qəzəli...

- Bəzən qəzəl yerinə şeir oxuyan xanəndələr, muğam ifaçıları  da var...

- Muğamda əsasən qəzəllərdir. Sən təsnif oxuyursansa, muğam oxuyursansa, orada ancaq qəzəl olmalıdır. Mənim aləmimdə də  xanəndəliyə başlayanda Füzuli ilə başlamalısan. Füzuli ilə başlamalısan ki,  sonrakı şairlərin qəzəllərini oxuyanda sənin üçün  bir qədər asan, sadə, rahat  gəlsin. Yəni,  mürəkkəbdən başlamalısan...

- Bugünkü gənc muğam ifaçıları arasında gələcəyin əsl və yaradıcı xanəndələri varmı, onlar çoxdurmu?

- Təsəvvür edin ki, biz müsabiqədə 500-400 uşağın içindən 20-ni seçirik. O 20 nəfərdən də 3-4-ü gəlib çıxır birinci yerə. O, 3-4-5-dən də zaman göstərəcək ki, kim sənətdə qalacaq, yəni,  onun içindən 1-i, 2-si qala, ya da qalmaya. Belə də olmalıdır. Nə olsun birinci yeri tutub? Məsələn, bizim zamanımızda bilirsiniz, mənimlə nə qədər tələbə var idi qurtaran? Hamı gəlib xalq artisti adı alıb, professor olmadı ki? Yaxud sənətdə tanınmadı ki?  Yenə də deyirəm,  hər şeyi zaman həll edir. Bu gün müsabiqədə iştirak edib,  birinci yeri tutmaq o demək deyil ki,  hər zaman birinci olacaqsan? Elə ola bilər ki, vaxt keçər, heç ona baxmazlar, heç haçansa birinci yeri tutdugu da yada düşməz. Ona görə dayanmaq olmaz. İşləməlisən. Buna zəhmət, istedad, əməksevərlik, ağıl əlavə etməlisən, bunları birləşdirməlisən, bir yerə qoymalısan. Zəhmət və əməksevərlik istedadla vəhdətdə olmalıdır - biri olmasa o biri də olmayacaq. İstedadın da var, səsin də var, amma ağlın yoxdur, bu, kimə lazımdır? Və yaxud ağlın var, amma istedadın yoxdur. Neyləyəcəksən onunla? Əgər Allah onların hamısını gətirib bir yerdə sənə veribsə, o zaman sən də zəhmət çəkib onun qədrini bilməlisən. Yoxsa, ay mənim gözəl səsim var, özümdən razıyam,  birinci yeri də götürmüşəm, neynirəm, daha qurtardı getdi. Nə olsun? O qədər birinci yeri götürənlər var ki, hazırda ortada  yoxdur. Amma elə birinci yeri götürənlərimiz var ki, sənətdədir,  inkişafdadır. 

Kamil HƏMZƏOĞLU

 





09.10.2014    çap et  çap et