525.Az

“SOCAR-ın ofisinin qarşısındakı aksiya Azərbaycanla Türkiyə arasında bərqərar olmuş həmrəyliyi hədəfə alıb” - Millət vəkili


 

“SOCAR-ın ofisinin qarşısındakı aksiya Azərbaycanla Türkiyə arasında bərqərar olmuş həmrəyliyi hədəfə alıb” - <b style="color:red">Millət vəkili</b>

“Özünü Fələstin tərəfdarı adlandıran bir qrupun SOCAR-ın İstanbuldakı ofisinin qarşısında aksiya keçirməsi yalan təsəvvürlərə əsaslanan təxribatdır və Azərbaycanla Türkiyə arasında milli səviyyədə bərqərar olmuş həmrəyliyi hədəfə alıb”.

525.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində Türkiyə ilə birgə səylərini davam etdirir və rəsmi Bakı bunu özünün xarici siyasət prioritetlərindən biri kimi baxır:

“Şuşa Bəyannaməsində də ifadə olunduğu kimi, biz ölkə və xalqlarımız arasındakı dostluq və qardaşlıqdan çıxış edərək münasibətlərimizin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasını maraq və mənafelərimizə xidmət etdiyinə əminik. Türkiyə və Azərbaycan iki fərqli dövlət olsa da, qlobal müstəvidə, demək olar ki, bütün istiqamətlərdə mövqeləri tam üst-üstə düşür.

Hər iki ölkənin liderləri də dəfələrlə bəyan edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütövlükdə regionun təhlükəsizliyi və inkişafının qarantıdır. Məhz bu əməkdaşlıq regionda qeyri-sağlam niyyətləri olan güclər üçün keçilməz səddə çevrilib. Belə olan təqdirdə həmin dairələr üçün ilk məqsəd Bakı-Ankara münasibətlərində gərginliyə nail olmaqdır. Görünən odur ki, bu məsələdə Türkiyə üçün xüsusilə həssas məqam kimi yanaşılan Fələstin amilindən alət kimi istifadə edilməyə cəhd göstərilir. Lakin Türkiyə cəmiyyətində Azərbaycana münasibət birmənalı və dəyişməzdir. Ona görə də daha çox ayrı-ayrı təriqət və qruplaşmalar bu prosesə cəlb edilir”.

O qeyd edib ki, SOCAR-a qarşı aksiya məhz Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən aparılır:

“Məlumdur ki, aksiyaçılar Azərbaycanı İsrailə neft tədarük etməkdə günahlandırıblar ki, bu da, sözün əsl mənasında, absurd yalan və “feyk” arqumentdir. Çünki SOCAR İsrailə, ümumiyyətlə, neft satmır. Yalnız Azərbaycan nefti yox, bütövlükdə dünya neft bazarında bütün şirkətlər mallarını treyderlərə satırlar. Treyderlərin isə sonrakı mərhələdə nefti kimə satdığına şirkətlər nəzarət edə bilmirlər və bilməzlər də. O cümlədən də biz hansısa treyder şirkətinə bu mövzuda diktə edə bilmərik.

Qərb mediasının Azərbaycan Dövlət Gömrük Komitəsinin ötən il yaydığı məlumatlara istinad edərək İsrailin Azərbaycandan ən çox neft alan ikinci ölkə olması məsələsi də yalnız və yalnız bu prizmadan izah olunmalıdır. İsrailin Azərbaycan neftinə maraq göstərməsi və treyderlərdən ən çox Azərbaycan nefti alan ölkələrdən olması isə bu ölkənin öz qərarıdır”.

Deputat əlavə edib ki, Azərbaycanın İsraillə yüksək səviyyəli münasibətləri olsa da, birbaşa neft ticarəti yoxdur:

“Bütün bunların fonunda, məlum təxribatçı aksiyanın təşkilatçıları Azərbaycanı İsrailin əsas neft təchizatçılarından biri kimi təqdim etməklə SOCAR-ın timsalında bütövlükdə Azərbaycanı Türkiyə ictimai rəyində nüfuzdan salmağa, regionda sülh və sabitlik qarantoru kimi çıxış edən müttəfiqliyimizi sarsıtmağa çalışırlar. Lakin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən Azərbaycan və Türkiyə isə müştərək dəyərlərə söykənən sıx əlaqələri daha da inkişaf etdirməkdə və dərinləşdirməkdə israrlıdır. Bu kimi cılız cəhdlər mövcud reallığı dəyişə bilməz”.

 





02.06.2024    çap et  çap et