525.Az

“Holland Times” Azərbaycandan yazıb


 

“Holland Times” Azərbaycandan yazıb<b style="color:red"></b> Niderlandın nüfuzlu “Holland Times” qəzetində Azərbaycanda baş verən mühüm hadisələr barədə məqalələr yer alıb.
 
Azərbaycanın Niderland Krallığındakı səfirliyindən APA-ya verilən məlumata görə, “European Games – First time in Europe” adlı məqalə ölkəmizdə 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına həsr olunub.
 
Məqalədə qeyd olunur ki, Avropa Olimpiya hərəkatının I Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə olunması ölkəmizin idman sahəsində öhdəliklərə sadiqliyinin göstəricisidir: “Azərbaycanda olimpiya hərəkatının irəliləməsi prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə başlayıb. Bu illər ölkədə idman və mədəniyyət sahəsində əsaslı inkişaf və irəliləyiş müşahidə olunub, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib, ölkə bir çox dünya və Avropa çempionatlarına, eləcə də nüfuzlu mədəniyyət tədbirlərinə ev sahibliyi edib. Qeyd olunanlar I Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün zəmin yaradır. Prezident İlham Əliyevin sərəncamı ilə müvafiq təşkilat komitəsi yaradılıb. Komitəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir”. Həmçinin məqalədə I Avropa Oyunlarının əsas idman növləri və s. barədə məlumat verilir.
 
“Sothern Gas Corridor – New Era in Energy Security of Europe” adlı məqalədə isə 20 sentyabr 2014-cü il tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi barədə ətraflı məlumat verilib. Məqalədə qeyd olunur ki, təbii enerji ehtiyatları ilə zəngin oıan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu bir daha sübut edib: “Azərbaycan qazının Gürcüstan və Türkiyə ərazisindən keçməklə, Avropaya nəqlini nəzərdə tutan layihənin təməli “Əsrin müqaviləsinin” 20-ci ildönümündə qoyulub. Dəyəri 45 milyard dollar olan 3500 km-lik qaz xətti yeddi ölkənin ərazisindən keçir. Layihəyə qoşulmuş ölkələrin dövlət və hökumət başçıları, aparıcı neft-qaz şirkətlərinin təmsilçiləri sözügedən mərasimdə iştirak ediblər. Layihə son 10 ildə inkişaf tempinə görə dünyada birinci olan Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsinə səbəb olmaqla yanaşı, layihəyə qoşulan digər dövlətlər üçün də mənfəətli olacaq”.
 
“Ferry terminalof New Baku International Trade Sea Port Complex” adlı məqalədə isə 22 sentyabr 2014-cü il tarixində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı haqqında məlumat verilir. Qeyd olunur ki, sözügedən tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Niderlandın Van Oord şirkətinin regional meneceri Hans Luijnenburq və digər rəsmilər iştirak ediblər. “Dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi son illərdə Azərbaycanın tranzit potensialını daha da artırması üçün kompleks addımlar atılıb, limanın planı və layihəsi Niderlandın “Royal Haskoning şirkəti” tərəfindən tərtib edilib. Yeni bərə terminalı Xəzər hövzəsində Azərbaycanın tranzit və nəqliyat imkanlarını daha da gücləndirəcək”. Məqalədə sözügedən terminalın texniki imkanları və s. barədə ətraflı məlumat verilir.
 





09.10.2014    çap et  çap et