525.Az

30 ildən çoxdur bir şairin haqqını yeyirik - So­sial şə­bə­kə­də ya­zı­lan­lar


 

30 ildən çoxdur bir şairin haqqını yeyirik - <b style="color:red"> So­sial şə­bə­kə­də ya­zı­lan­lar</b>

Aida Qasımova, professor:

- Orta əsrlərdə sufilər, övliyalar  ilahi vəcdəgəlmə halı yaşamaq,  Allaha qovuşmaq üçün müxtəlif yollara əl atıblar. Xəlvətə çəkilmə, Mövləvi dərvişlərinin rəqsi, musiqi, gözəli seyr etmə, eləcə də susmaq kimi metodlar təcrübədən keçirilirdi.

Bu yaxınlarda bu axırıncı metod - susmaq (samt) barədə bir məqalə oxudum. Deməli, insan susarkən onun beynində dopamin maddəsi artır. Dopamin yaddaş, hissiyyat, əhval-ruhiyyə, ləzzət, bədən hərəkətlərinə nəzarət və s. ilə bağlı bir maddədir. Dopamin qıtlığı bəzi beyin xəstəliklərinə, o cümlədən, parkinsona gətirib çıxarır. İnsan 7 gün danışmazsa, bu maddə o qədər artar ki, insan özünü Allah kimi hiss edər, yəni sufilərin təbirincə desək, ilahi vəcdəgəlmə halında Allaha qovuşmuş kimi bir hal yaşayar (Ənə l-Həqq kimi). Alimlər yazır ki, parkinson xəstələri 7 gün danışmazsa, onlarda yaxşılaşma müşahidə olunar.

Qeyd edim ki, susmaq Quranda bir əhd və orucun bir növü kimi təqdim olunur;  Zəkəriyyə və Məryəm ana bunu təcrübədən keçirir (Məryəm surəsi).

 

Aydın Quliyev, jurnalist:

- Pornoaktrisa 21 ildir Trampdan əl çəkmir... Prokuror Elvin Breqi də ona qoşdular... Lap "Monika - Klinton" işinə döndü...

   Bu da Amerika... Düz 2003-cü ildəndir ki, pornoaktrisa Stormi Deniels Trampdan əl çəkmir. Monika Klintondan əl çəkmədiyi kimi... Ancaq bu iş "Klinton- Monika"  işindən qat-qat artıq siyasiləşdirilib... Detallara baxaq.

O zaman aralarında nəyinsə olması ittihamı ilə 2016-cı ildə Trampı şantaj etmək istəyərkən Tramp zirək tərpəşdi və 130 min dollar pul ödəyərək Storminin cəngindən qurtuldu. Ancaq müvəqqəti....

Trampın prezident seçilməsindən 2 il sonra 2018-ci ildə "Vuol street conəl" jurnalı hadisəni ictimailəşdirib. Tramp 2020-ci ildə seçkini Baydenə uduzandan sonra qalmaqal bir müddət arxa plana keçdi. Ötən il yeni seçki kampaniyası başlayan kimi xanım Stormi yenidən işə düşdü və ya düşürüldü... Belə ki, ötən il aprel ayında Manhetten prokuroru Elvin Breqq Storminin iddiası əsasında Trampa 34 epizod üzrə cinayət işi açdı. Bir neçə gün əvvəl isə məhkəmə Trampı bütün 34 epizod üzrə təqsirli tanıdı. Amerika tarixində ilk hadisədir ki, keçmiş prezidentə qarşı məhkəmədə cinayət işi açılır. Ən ilginc isə orasıdır ki, məhkəmə Tramp haqda müqəssirlik verdikti çıxarandan dəqiqələr sonra seçki kampaniyasına rəqəmsal vəsait toplanma sistemində əsl tıxac yaranıb və Trampın kampaniyasına yardımlar sürətlə 35 milyon dollara qalxdı...

İndiki dövlət elitası Trampı yıxmaq istəyir, cəmiyyət isə dəstəkləyir...

Bax buna görə lap başda yazdım ki, bu da Amerika...

 

Firudin Allahverdi, bəstəkar:

- Bu gün görkəmli şairimiz Əhməd Cavadın doğum günü idi. Geniş zəhmətkeş kütlələr onu artıq uzun müddətdi ki, dövlət himninin mətninin müəllifi kimi bilir. Amma eyni zamanda, bu mövzuyla maraqlanan xeyli adam da bilir ki, himnin sözlərinin müəllifi o deyil. Paylaşdığım fotodakı 1919-ci ildə nəşr olunmuş "Milli nəğmələr" kitabında bu mətn "Cəmo bəy" imzası ilə gedib. Çox güman ki, bu, Cəmo bəy Cəbrayılbəylidi.

Necə bu mətn 1980-lərin sonu, 90-ların əvvəlində Əhməd Cavadın adına yazılıb, bu, ayrı söhbətin mövzusudu - bilənlər bilir. Amma bir şey dəqiqdir: biz cəmiyyət olaraq 30 ildən çoxdur bir şairin haqqını yeyirik. Hamımız, kütləvi şəkildə.

Poeziyadan bir balaca anlayışı olan, Əhməd Cavadın incə, gözəl şeiriyyatından xəbərdar istənilən adam başa düşər ki, bu mətn Əhməd Cavad standartlarından nəzərəçarpacaq qədər fərqlidi. Cəmo bəyin sənətinə, şəxsiyyətinə bütün hörmətimizlə yanaşı, boynumuza almalıyıq ki, o, Ə.Cavad deyil. Bəlkə Əhməd Cavad özü sağ olsaydı, onun poeziyasına heç də yaraşmayan bu mətnin onun adına yazıldığına qəti etiraz edərdi.

Bu situasiyanın özəl səbəblərindən ziyadə, başqa biri də, görünür cəmiyyətdəki "kulta heyranlıq"dır. Bütpərəstlik. Himnin müəllifi mütləq görkəmli şairmi olmalıdır? Görünür, cəmiyyətimiz üçün kulta heyranlıq ədalətdən qat-qat üstündür ki, poeziya kimi məsum sahədə belə ədaləti bütə qurban verir. Bir daha xatırladıram - 30 ildən çoxdur ki, cəmiyyət olaraq bir şairin haqqını tapdalayırıq. Düz deyil.

 

Fehruz Şamıyev, rejissor:

- İzmir Film Festivalındaydım. Fransız Mədəniyyət Mərkəzində müzakirə və nümayişlər davam edirdi. Bir az aralıda durub türkiyəli kinematoqrafçılarla, həmin mərkəzin menecerinin dialoquna qulaq asırdım.

Mədəniyyət mərkəzinin meneceri, hardasa 40 yaşlı xanım yerli gənc kinematoqrafçılara uzun uzadı izahlar verirdi və sonda bir faktı qeyd etdi - Azərbaycanda ən azı 5 evdən birində pianino var. 

Bu informasiya nə qədər sorğulu olsa da, biz musiqili xalqıq. Bu minvalla xüsusiyyətləri nəzərə alıb yerli məhsulu, yerli audiovizual yanaşmanı təyin etmək lazımdır.

 

Fazil Mustafa, millət vəkili:

- Bu gün Qala kəndində yerləşən Qala qoruq kompleksinin açılış tədbirində iştirak etdim. Çox maraqlı bir tarixi məkandır, bərpa işi yüksək səviyyədə, gözəl əyləncə məkanıdır. Ailəlikcə baş çəkməyi tövsiyə edirəm. Əl işləri, xəttatlıq nümunələri adamı valeh edir. Bu cür gözəl məkanlarımızı tanımaq lazımdır.

 

Elxan Şahinoğlu, politoloq:

- Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustindən tutmuş tənqid etdikləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya qədər siyasətçilər var. Rusiyanı idarə edənlərin Nikol Paşinyanı təbrik etmələri radikal müxalifətlə mübarizədə Ermənistan hökumətinin mövqelərini gücləndirir. Ermənistanın radikal müxalifət təmsilçiləri son açıqlamalarında Qərb ölkələrini tənqid etməyə başlayıblar, ancaq arxalandıqları Rusiyadan da real dəstək ala bilmədilər. Çünki zəifdirlər. Kremlin Nikol Paşinyandan xoşu gəlməsə də, Ermənistanda ona alternativ siyasətçi tapa bilmir, keşiş də işə yaramadı. Buna görə də Kreml hələ ki, Paşinyanla yola davam qərarı verib.

 

Elçin Əfəndi, təhsil eksperti:

- Bir neçə şagird və müəllimlə söhbətimdən gəldiyim nəticə budur ki, iyunun 14-dək dərsə davam etmək onlar üçün işgəncədir. Artıq yorulub, tükəniblər.

Sizin fikrinizcə, tədris ili 14 iyunadək davam etməlidirmi?

 

Qismət Rüstəmov, şair:

- Dil nəzəriyyəsindən ən çox yazıçıların xəbəri yox imiş, bunu anladım. Gərək heç kim inciməsin, ancaq Türkiyə türkcəsinin təsirindən danışarkən gətirilən arqumentlərin 90 faizi impulsiv, özülsüz, əsassızdır. Səbəbi çox sadədir: çünki tutalım, hər hansı aparıcının danışığında çoxlu türkcə sözlərdən istifadə etməsi dilin yox, nitqin korlanmasıdır. Dilçilikdə Ferdinand De Sössürdən bu yana bu iki anlayışı - dili və nitqi ayırırlar. Dil öz tutumuna görə nitqdən böyük anlayışdır. Yəni sən 70 il nitqində "uje" deyə bilərsən, yaxud hələ də "razedka" sözünə normal qarşılıq tapmaya bilərsən, ancaq bununla dil əldən getmir. Bunlar nitq kənaraçıxmalarıdır. Mən hələ oralara baş vurmuram ki, informasiya nəzəriyyəsində dil koddur, nitq isə məlumat. Bu elementar səviyyəni bilmədən yazılan hər məqalə cahil cəsarətidir.

 

Aqşin Kərimov, siyasi təhlilçi:

- Azərbaycan 44 günlük müharibə ilə Ermənistanı məğlubiyyətə düçar etdikdən sonra Cənubi Qafqazın geosiyasi mənzərəsində fərqli prioritetlər meydana çıxdı. Yeni regional reallıqlar fonundakı aspektlər geostrateji tablo ilə bağlı:

- Perspektivləri müəyyənləşdirir,

- Bunun digər bölgələrə təsir dairəsini ölçür, qarşılıqlı əlaqə ilə proseslər bir-birilə zəncirvari şəkildə bağlanır.

Nəzərdə tutmaq lazımdır ki, Cənubi Qafqaz regionundakı proseslər aktorların qüvvələr nisbəti üzrə bölgüsündə baş verən dəyişikliklərin müşayiəti ilə davam edir.

Bunun nəticəsində Türkiyənin regionda genişlənən təmsilçiliyi təhdidlərə qarşı yüksələn profil kimi əhəmiyyət qazanır. Bu mənada Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi dərin geosiyasi əhəmiyyət kəsb edərək qlobal təhdidlərin Cənubi Qafqazdakı təzahürlərinə qarşı müştərək müdafiə immunitetini formalaşdırır.

Türkiyənin Cənubi Qafqazdakı iştirakı, Bakı-Ankara münasibətləri fonunda getdikcə daha dərin özüllərə baş vurur.

Beləcə, Türkiyə Azərbaycanla strateji əlaqələr fonunda regiona nəzarət yaratmaq məqsədlərini özünün xarici siyasətində aliləşən ideala çevirir. Ümumilikdə Türkiyənin regiondakı faktiki və səhnə arxasındakı təmsilçilik hüququ:

1. Ankara ilə Qərb arasında fikir ayrılıqları mövcud olsa da, NATO-nun genişlənməsinə töhfə verir,

2. Qərbin maraq göstərdiyi Gürcüstanı Rusiya təhdidlərindən qoruyur və Ankaranın bu hərəkətinə Azərbaycan da dəstək göstərir,

3. NATO-Rusiya-Çin qarşıdurmasının Qafqazdakı rəqabətini neytrallaşdırıraq geniş manevr sahəsi qazanır,

4. Rusiya ilə tərəfdaşlıq qismində şimaldan "əsən küləkləri" xəfiflədir,

5. İranın regional ambisiyalarını zəiflədən dəyər qazanır. Türkiyə regionda tək deyil, pərdəarxasında onun prioritetlərinə dəstək verən ölkələrdən biri Böyük Britaniyadır.

Vaxtı ilə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun "Azərbaycanın atdığı addımlar Britaniyanın prioritetləri ilə üst-üstə düşür" mövqeyini ifadə etməsi həmin fikri gücləndirəcək arqument kimi istifadə edilə bilər.

Çünki Azərbaycan strateji pəncərələri açarkən Türkiyə ilə razılaşdırılmış məqamları önə çəkir, bu məntiqlə Bakı-Ankara xətti Londonun ürəyincədir.

Qafqaz səhmlərində aktivlərini çoxaldan Türkiyə regionda böyük güclər arasında balanslaşdırıcı və çəkindirici akt kimi vacibdir.

Azərbaycan prosesləri, nəticələri Türkiyə ilə starateji məsləhətləşmələrlə təhlil edərək, regionda yaranan reallıqları nəzərə alaraq Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyasına dəyişiklik etmək çağırışını sürətlə icra etməlidir.

 





04.06.2024    çap et  çap et