525.Az

Səninlə tən olmağa gəlmişik - Günel Mehrinin yeni essesi


 

Səninlə tən olmağa gəlmişik - <b style="color:red"> Günel Mehrinin yeni essesi</b>

Bura mənim tanıdığım, bildiyim şəhər deyil artıq. İndi Füzuli - xeyirlə şərin, cənnətlə cəhənnəmin, zülmətlə işığın qovşağında yerləşir. Bir yanında sübhədək çaqqal ulayan, o biri yanında uşaq gülüşlərinin sədaları ucalan, bir qolunda uçqunlar, o biri qolunda yeni tikililər, şəkildən-şəklə, rəngdən-rəngə, haldan-hala düşən şəhərim... Ehsan Persa misraları kimi bir az sirli, bir az doğma, bir az yaxın, bir az uzaqsan mənə, əziz diyarım! İkimiz də əvvəlki deyilik. Mən indi nənəsinin həyətindəki zoğal ağaclarının arasında oynayan o balaca qızcığaz deyiləm. Böyümüşəm. Əlimdə qələm tutub səndən yazı yazacaq qədər böyümüşəm artıq... Heç o zoğal ağacları da yoxdur, o vaxtkı mən də yoxam, heç o vaxtkı sən də yoxsan...

Maşının pəncərəsindən maraqla boylanıram. Binalar... Ağaclar... İnsanlar... Hə, son görüşümüzdən sonra Füzuli də böyüyüb, dirçəlib. Tanıya bilməyəcəyim qədər dəyişib Füzuli. Öz ayaqları üstündə durmağa çalışan yeniyetmə gəncə bənzəyir. Tanış misralar qulağımın dəhlizlərində gəzişir:

 

Yenə bu şəhərdə üz-üzə gəldik...

Neyləyək, ayrıca şəhərimiz yox...

Bəlkə də biz xoşbəxt ola bilərdik,

Bəlkə də xoşbəxtik, xəbərimiz yox...

Aradan nə qədər il keçib görən?

Tanıya bilmədim, məni bağışla...

 

Nə qəribədir, Ramiz Rövşən bu misraları tamam başqa cür mənalandırmışdı, amma mən ayağımı şəhərə qoyar-qoymaz məhz bu şeiri, bu ifadələri xatırlayıram... "Tanıya bilmədim, məni bağışla..." Hə... Bağışla məni. Nə ilk qarşılaşnda, nə də indi tanıya bildim. Nə yalan deyim. İlk görüşümüzdə havandan barıt ətri çəkilməmişdi. Onda çaşmışdım, doluxsunmuşdum, duruxub qalmışdım sadəcə. Səni ağacsız, bulaqız, susuz, evsiz-eşiksiz yetim kimi tək-tənha görəndə içim oyulmuşdu. Elə o vaxtkı balaca qızcığaz kimi. Köndələn gölünün sahilində bir madar yarıqurumuş ağac tapıb ona söykənmişdim, sənə söykənən kimi... Sənlə bağlı ən son yazımı yazanda demişdim axı, "görüşənədək"... Bilirdim ki, bu, son deyil. Qovuşmağımızın başlanğıcdır.

Yenə burdayam. Köndələnin sahilində. Həmin ağac da ətrafında dövrələnən körpə ağaclarla birgə pöhrələnib, qol-budaq atıb. Köhnə tanışım kimi qucaqlayıram budaqlarını, sığallayıram yamyaşıl yarpaqlarını. Səni qucaqlayan kimi, səni sığallayan kimi. Sonra ağacın yarpaqlarına üzümü sürtüb pıçıldayıram. Sənə pıçıldayan kimi... "Gəl ikimiz də bir az təmkinli olaq. Bir-birimizə vaxt verək. Yaxından tanış olmaq, yenidən isinişmək, zamanla doğmalaşmaq üçün... Hərçənd ki, küçələrin başqa olsa da, havandan duydum ki, sənsən. Evlərinin görkəmi dəyişsə də, quşların, yaşıllığın, böyürtkənlərin, itburnun, buz bulaqların həminkidir. Heç bir səmaya bənzəməyən bulud nəqşli səman da, elə par-par yanan ulduzların da o vaxtkı ilə eynidir..."

Şər qarışır. Hardansa ulaşma sədası gəlir. Diksinib baxıram: "Çaqqal səsidir?" Sakinlər gülümsünür: "Hə, bala, qorxma. Füzulinin çaqqalı da gözəldir..." 

...Günəş doğur. Onun al şəfəqlərində isinirəm, qəfil üzümə vuran yağışında islanıram, böyürtkənindən dadıram, Çinar bulağından su içirəm. O vaxtlardakı kimi gözlərim Günəşə, bədənim yağışa, damağım böyürtkənə, ciyərim suya sevinir. Və yavaş-yavaş sənin şifrəni çözürəm. Sən elə həminkisən. Üzdən bəzənib-düzənsən də, geyinib-kecinsən də, sən elə sənsən, mənim doğma şəhərim! Sadəcə gizlənmisən bu bər-bəzəyin, geyim-kecimin arxasında. Axır ki, tapdım səni...

Üzümdə güllər açır. Köhnə-yeni şəhərimi kəşf etdiyimə necə sevinirəm.

Mənə həyətindən qızılgül dəstəsi bağışlayan Şəhla xalanın bişirdiyi göy kətəsinin dadında gizlin Füzuli, saçıma taxdığım yabanı çiçəklərin ətrində, qohumlarımın illər sonra bir stəkan pürrəngi çay ətrafında deyə-gülə etdikləri söhbətlərdə, qonşu divardan ara-sıra eşidilən tarın səsində, yeni evlərində qonaq qarşılayan sakinlərin təbəssümündə, bax elə bu səmada gizlin Füzuli...

Hündür bir eyvandan işıq-işıq pəncərələrə baxıram. Əllərim göydə, dodaqlarım şükranlar içində. Nə xoş, Ya Rəbb. Füzulimdə yenə həyat var. Yenə nəfəs var. İsti ocaq var. Çörək ətri var...

Bütün umu-küsülərin unudulduğu, doğmaların tapıldığı, yadların belə doğma olduğu torpağım! Sən də darıxmışdın bilirəm. Bu gülüş sədaları, samovar pıqqıltısı, torpağına bel, səmana çərpələng toxunduran insan hərarəti üçün darıxmışdın yaman. Geniş-geniş çöllərinə uzun-uzadı baxıram, baxıram və yəqin bilirəm ki, bizim sinəmizə vətən həsrəti ilə çalın-çarpaz dağlar çəkiləndə sənin də sinənə tankların ağırlığı izlər qoyurmuş. Darıxma, hər şey əvvəlki olmasa da, daha fərqli, daha gözəl olacaq. Çünki biz gəlmişik. Sənə gəlmişik. Və səninlə tən olmağa gəlmişik.

 





04.06.2024    çap et  çap et