Azərbaycan COP29 sədrliyi çərçivəsində bütün tərəflərlə aktiv iş aparır, iqlim dəyişikliyinin yaratdığı və qlobal narahatlığa səbəb olan bir sıra vacib problemləri gündəmə gətirir. Həmin problemlərin həllinin tapılması, eyni zamanda bu məqsədlə maliyyə yardımının ayrılması Bakı konfransında prioritet olacaq. Bununla yanaşı, iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli də Bakının COP29-a sədrliyinin əsas prioritetləri arasındadır. COP çərçivəsində Bakıda İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısının keçirilməsi də planlaşdırılır.
Azərbaycan İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmişə həmrəy olub, COP sədrliyindən əvvəl də onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə bu məsələ diqqətə olub. Hərəkatda sədrliyi zamanı Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxaraq bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib.
Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən, 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.
Prezident İlham Əliyev keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edib. Azərbaycan özü bu çağırışa vəsait ayıran ilk ölkə olub.
Dövlət başçısı çıxışlarında hər zaman bildirib ki, İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır. İqlim dəyişikliyinə heç bir təsiri olmayan bu ölkələr onun ən pis fəsadlarına məruz qalır, hətta ekzistensial təhlükə ilə üzləşirlər. İqlim dəyişikliyi onların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişinə də mane olur.
Prezident İlham Əliyevin ötən ay Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda keçirilən 4-cü Beynəlxalq Konfransın iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub ki, bu dövlətlərin səslərinin yüksək və aydın eşidilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik: "Mən COP29 zamanı bütün ölkələri İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərməyə çağırıram. Azərbaycan öz növbəsində artıq bir sıra İnkişaf etməkdə olan kiçik ada dövlətlərində qasırğaların, zəlzələlərin, daşqınların və digər təbii fəlakətlərin törətdiyi fəsadların aradan qaldırılmasına öz dəstəyini göstərməkdədir. Biz bu ölkələrə yardım etmək üçün əməli addımlar atmağa davam edəcəyik. Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən, digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq".
Bakı, həmçinin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanlarını genişləndirməyi planlaşdırır. İndiyədək 10-dan çox belə kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb.
Dövlət başçısı iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında da bu mövzuya toxunaraq deyib ki, İnkişafda olan kiçik ada dövlətlərini dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq: "Çünki bizdə, Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir. Biz bu işə məsuliyyətlə yanaşırıq".
Bir məqamı da qeyd edək ki, bu il mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi Bakıda səfərdə olub. Onlar Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarını bölüşərək bir sıra təkliflərini də səsləndiriblər. Təkliflər sırasında İtki və Zərər Fondunun fəaliyyətə başlaması. İqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması, İqlim dəyişikliyinin qarşısının alınması tədbirlərinin görülməsi, təmiz enerjiyə ədalətli və bərabər keçid prosesinin qəbul edilməsi olub. Onlar Azərbaycanın COP sədrliyindən gözləntilərinin böyük olduğunu dilə gətiriblər. Eyni zamanda Azərbaycanın bu beynəlxalq foruma olan inamı bərpa edə biləcəyinə inam ifadə olunub. Ada dövlətlərinin rəsmiləri hesab edirlər ki, COP29 təkcə qlobal miqyasda yox, konkret olaraq kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olmalıdır. İqlim dəyişikliyi sərhədlərə baxmır, kiçik və ya böyük ölkə olmasına baxmır. O, sadəcə, hamımıza təsir edir. Qonaqlar bu vəzifəni üzərinə götürdüyü üçün Azərbaycanı və xüsusilə dövlət başçısını təqdir etdiklərini, ölkəmizin COP29 sədrliyinə dəstək olacaqlarını vurğulayıblar.
Bakının COP üçün seçdiyi "Yaşıl dünya naminə həmrəy olaq" şüarı onun COP29 missiyasının ruhunu əks etdirir.
Prezident İlham Əliyevin hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb. Bu məqsədə çatmaq üçün isə bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır.
çap et