Azərbaycan dünyada ərazisi minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Ermənistan 30 ilə yaxın davam edən işğalı müddətində torpaqlarımızı kütləvi şəkildə minalayıb. Ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. İlkin qiymətləndirmələrə görə, ərazimizə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlar yerləşdirilib.
İşğaldan sonra Azərbaycan dövləti azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirməklə paralel olaraq öz gücünə mina terroru ilə də mübarizə aparır.
Aydın məsələdir ki, bu, çox mürəkkəb və uzun müddət tələb edən bir prosesdir. Mina təhlükəsinə tamamilə son qoymaq üçün uzun illər tələb olunur.
Qeyd edək ki, müharibənin başa çatmasından bu yana, yəni təxminən 4 il müddətində əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-i uşaq, 38-i isə qadındır.
Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla bərabər, ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Azərbaycan həm bu problemlə mübarizə aparır, həm də dünyanın diqqətini bu terrora, təhlükəyə cəlb edir. Bu baxımdan Bakı və Zəngilanda artıq üçüncü dəfədir keçirilən "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi" mövzusunda Beynəlxalq Minatəmizləmə Konfransı mühüm əhəmiyyət kəsb edir. Tədbirdə bir sıra xarici ölkələrin dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının təmsilçiləri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsini qeyd edib. Vurğulanıb ki, 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür.
Azərbaycan son üç ildə BMT ilə birlikdə mina mövzusuna həsr edilmiş bir sıra beynəlxalq konfranslar keçirib, təşəbbüslər irəli sürüb. Əsas məqsəd bu vacib problemə diqqətin artırılmasına, bu məsələdə beynəlxalq həmrəyliyə nail olmaqdır. Çünki beynəlxalq həmrəylik, dəstək sözügedən təhlükənin aradan qaldırılmasında mühüm rol oynayır.
Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edib və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində davamlı iş aparır.
Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb.
Azərbaycanın təşəbbüsü ilə "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf Ölkələrin 2023-cü ildə keçirilmiş 15-ci görüşündə "Minaların mədəni irsə təsiri" ilə bağlı qətnamə qəbul edilib. Azərbaycan tərəfi bu mühüm qətnamənin davamı olaraq cari ilin may ayında Ağdamda "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi konfrans təşkil edib.
Hazırda Azərbaycan BMT ilə birlikdə mina fəaliyyətinin tədrisi üçün "Mükəmməllik Mərkəzi"nin yaradılması istiqamətində iş aparır. Konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət sənədi imzalandı ki, bu da ölkəmizin qeyd edilən sahədə öz təcrübəsini oxşar problemlərlə üzləşən digər ölkələrlə bölüşməyinə də kömək edəcək. Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir. Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa, regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir.
çap et