525.Az

UŞAQLAR ÜÇÜN HEKAYƏLƏR


 

UŞAQLAR ÜÇÜN HEKAYƏLƏR<b style="color:red"></b>

ATA QUCAĞI

 

Balaca Mahir axşam yatağa təzəcə uzanmışdı ki, telefon zəng çaldı. Anası telefonun dəstəyini qaldırdı. Danışıb qurtarandan sonra sevincək halda üzünü Mahirə tutdu:

- Əziz balam, atan cəbhədən gəlir. Bu gecə evdə olacaq.

Mahir çox sevindi və yataqdan qalxıb paltarını geyinmək istədi. Ancaq anası buna imkan vermədi:

- Mahir, görmürsən yuxu səni aparır, yerində uzan yat, atan gələndə qalxarsan!..

Aradan bir az keçdi. Ana diqqət yetirdi ki, Mahir başını yorğanla bürüyüb... O, oğlundan soruşdu:

- Başını niyə bürümüsən, ay Mahir? Yoxsa başın üşüyür...

- Yox, ana, yuxum gəlir. Qoy üzümü görüb tanımasın, yoxsa yuxu məni aparar...  Atam gələndən sonra yatacam...

...Aradan bir az keçmişdi ki, Mahirin mışıltısı eşidilməyə başladı... O, səhər yuxudan oyanarkən gözünü açıb özünü atasının qolları arasında gördü...

 

BÖYÜRTKƏN  KOLU

           

Turqut arxın üstə aşağı-yuxarı hərlənirdi. Birdən gözü arxın qırağındakı böyürtkən koluna  sataşdı. Kolun qarağaca dırmaşmış qanadlarında yaxşı yetişmiş, özü də necə deyərlər, lalıxlamış çoxlu böyürtkən vardı. Kolun ətəyi   yığılmışdı... Ancaq yuxarı  qanadlara əl dəyməmişdi...

Turqut düşünürdü ki, yuxarı qanadlardakı böyürtkəni necə yığmaq olar... Kolun yuxarı qanadları heç cür əl çatan deyildi...                      

O, bir xeyli fikirləşəndən sonra evə gəlib, balaca bacısının güllü vedrəsini götürdü və geri qayıtdı.

Biçənəkdəki atın örüyünü açıb çəkə-çəkə balaca qayanın  dibinə gətirdi. O, qayanın üstdən hoppanıb atın belinə mindi və atı arxdakı  böyütkənliyə sarı sürdü. Daha əli böyürtkənin yuxarı qanadlarına çatırdı.

Çox keçmədi ki, Turqut güllü vedrəni yetişmiş zilqara, şipşirin, ətirli böyürtkənlə doldurdu...

                                   

SARIMSAQ...

                       

Uşaqlar nahardan sonra həyətdə top-top oynayırdılar. Turqut anidən ayaq saxlayıb  üzünü dostu Samirə tutdu:

- Sarımsaqlı yemək yemisən, eləmi?..

Samir təəccüblü bir görkəm alıb ondan soruşdu:

- Bunu sənə kim dedi!?

Turqut elə də çox  fikirləşmədən cavab verdi:

- Sarımsaq!..

Samir astaca başını tərpətməklə Turqutun sözünü təsdiqləmiş oldu...

 

İSTİOT ƏHVALATI

 

Balaca Lalə ilk dəfə idi ki, çıxıb dirrikdə təkcə gəzirdi. O, tünd yaşıl rəngli istiotdan birini üzüb böyründən azacıq dişləmişdi ki, ağzı acışdı. Elə acışdı ki, qız birnəfəsə evə qaçdı. Ağlaya-ağlaya su qabına cumdu. Bir xeyli keçəndən sonra ağzının acısı keçdi...

Lalə bir neçə gün dirriyə yaxın getmədi. Bir gün nənəsi onu da özü ilə dirriyə gətirdi. Qız baxıb gördü ki,  dirrikdəki istiotun hamısı da   qıpqırmızıdır... O, nənəsinə dedi:

- Ay nənə, bir bu istiotlara bax, sən yanımdasan deyə qorxudan rəngini dəyişib ki, tanımayım!..

 

AĞACA ÇIXAN QUTAB...

 

Nənə həyətdə oynayan nəvələri Turqutu və Ələsgəri yanına çağırdı.Onların hərəsinə təzəcə bişmiş bir qutab verdi. Bu zaman qonşu uşağı Ələsgəri çəpərdən səslədi. Oğlan qutabı  həyətdəki skamyanın üstə qoyub çəpərə yaxınlaşdı...

Bir azdan o geri qayıtdı və  baxıb gördü ki, qutab skamyanın üstündə yoxdur... Ələsgər qardaşından soruşdu:

- Ay Turqut, mənim qutabım hanı?

Turqut acı bir təbəssümlə cavab verdi:

- Mən gəlib götürüncə ağacın başına çıxdı...

- O nə deməkdir, ay qaqaş, qutabın əl-ayağı var ki, ağaca çıxa?

Turqut:

- Pişiyin ağzında!.. - deyə cavab verdi. Ələsgər ağacın başına göz gəzdirdi. Ağacın haça budağında çönbəlmiş halda dayanan pişik pəncəsi ilə ağzını-burnunu silib-təmizləyirdi...

 





05.06.2024    çap et  çap et