525.Az

Ça­pa­raq not­lar - Firuz Mustafa yazır


 

Ça­pa­raq not­lar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

Ateistin ölümü

 

(Filosof Əmrəli İsmayılov haqqında)

 

Tərcümeyi-halından çıxarış:

 

Əmrəli İsmayılov 1937-ci il yanvarın 5-də Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Orta məktəbi Slavyankada bitirmiş, 1956-cı ildə  Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət "Vışka" qəzetində ədəbi işçi vəzifəsində çalışmışdır.

1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun aspirantıurasına daxil olur, SSRİ Elmlər Akademiyasının aspiranturasında Azərbaycan üçün ayrılmış yerdə təhsilini davam etdirir. Namizədliyi müdafiə etdikdən sonra Fəlsəfə İnstitutunda çalışır. Laborantdan şöbə müdirliyinəcən bir yol keçir. Əmrəli İsmayılov 10 nəfər elmlər namizədi hazırlamışdır. O, 4 monoqrafiyanın müəllifi, 7 kitabın tərtibçisidir. Bir müddət Akademiyanın Rəyasət Heyətində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir. Əmrəli İsmayılov 14 sentyabr 2019-cu il tarixdə vəfat etmiş, doğuldugu Slavyanka kəndində dəfn olunmuşdur.

Tanınmış filosof Əmrəli İsmayılov dünyasını dəyişdi.

Bu xəbəri mənə indicə onun bacısı oğlu çatdırdı.

Bir neçə gün öncə telefonum zəng çaldı. Səsi tutqun, boğuq olsa da, tanıdım. Bəlkə də 15-20 il idi ki, görüşmürdük.

- Tanıdın kimdir zəng edən?

- Tanıdım, Əmrəli müəllim.

- Eşitdim kənddəsən.

- Yox, gəlmişəm, indi Bakıdayam.

- Nə vaxt görüşə bilərik?

- Elə günü sabah.

- Onda zəhmət olmasa gələrsən bizə...

Vədələşdiyimiz vaxt evlərinə getdim.

O, bütün ömrü boyu özünü marksist filosof və ateist hesab edib. Moskvada aspirantura bitirib Vətənə dönəndən sonra Fəlsəfə İnstitutunda çalışıb. Çox prinsipial, düzünəqulu bir adam idi. Mövqeyi və məsləki sabit idi. Marksın fəlsəfi baxışları haqda monoqrafiyası vardı və bu əsər vaxtilə keçmiş Sovetlər birliyinin sosioloqları tərəfindən yüksək qiymətləndirilmişdi.

Əksər klassik filosoflarsayağı bəzi qəribəlikləri də vardı. Kant kimi təkliyi xoşlayardı. Russo kimi təbiəti çox sevərdi. Şopenhauer kimi ömrünün sonunacan tənha yaşadı, ailə qurmadı. Amma bütün bunlara baxmayaraq, elə adını çəkdiyimiz o Şopenhauer kimi bir daxili nikbinliyi də vardı. Gözəlliyə biganə deyildi.

...Görüşdük. Kitab "dalğalarının" arasından boy verib ayağa durdu. Əvvəlki kimi əzəmətli olsa da, hərəkətləri ləng idi. Bir xeyli söhbət etdik.

Zarafatla dedim ki, bax o vaxt rəhmətlik Şahnəzər Hüseynovla səni evləndirmək istəyirdik, əvvəlcə razılaşsan da, sonra fikrindən daşındın, halbuki o vaxt səni sevən qadınlar az deyildi.

Gülümsəyib dedi:

- Hə, o vaxt... Heyif, Şahnəzər də getdi. Babək Qurbanov necədir? Eşitdim ki, sənin barəndə kitab yazıb.

- O da rəhmətə getdi...

- Paho... Nə qəddar dünyadır... Mənim də ömrümə az qalıb. Yəqin ki, bu günlərdə hər şey sona çatacaq...

Ürək-dirək verdim. Dedi ki, mən materialist, üstəlik də, realist adamam. Bilirəm ki, başlanğıcın bir sonu olur. Onkoloji xəstəyəm. Bircə bu ağrılar olmasaydı...

Rus dilində yazdığı "Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti" adlı kitabını verdi. Öz uşaqlığından, gəncliyindən danışdı. Vətənpərvər idi.

- Bilirsən, mən əslən haralıyam?

Mən onu əslən ermənistanlı bilirdim. Onu da bilirdim ki, Göyçə mahalından Gədəbəyə, Slavyanka kəndinə köçüb gəliblər.

- Mənim əslim İğdırdandır. Yəni ulu babam iğdırlıdır. Bizim tayfaya Hacıkazımlı deyiblər. Sonralar ortaya qan davası düşüb, oranı tərk ediblər. Atam Bəyazid rayonunun Əyrivəng kəndində dünyaya gəlib. Sonradan bizimkilər bir müddət indiki Krasnoselsk, köhnədən Çəmbərək adlanan rayonunda məskunlaşıb. Amma 1918-ci ildə  erməni qırğını vaxti siz tərəfə, yəni Şınığa köçüblər. Sonrakı taleyimiz isə, bildiyin kimi, Slavyanka ilə bağlı olub. Mən orada doğulmuşam. Rus məktəbini də orada oxumuşam. Bax belə...

Əmrəli müəllim poeziyanı, ədəbiyyatı sevən, mütaliləli bir adamdı. "Rusdilli" olsa da, Azərbaycan ədəbiyyatına da yaxşı bələd idi.

Söhbətarası amızada kiçik bir dialoq da oldu.

- Sən Abbasəli Sarovlu adlı şair eşitmisən?

- Əlbəttə. Tanıyırdım da. Fars dilindən xeyli tərcümələri var. İstedadlı alim, yaxşı şair idi.

-Hə, mənim dostum idi Abbasəli... Qoy onun bir şeirini deyim... Görüm yadıma düşürmü, xatırlaya bilirəmmi?

Xatırladı və şeiri əzbərdən dedi.

Şeir lirik aşiqin öz sevgilisinə müraciəti kimi qələmə alınmışdı. Oradakı bir misra diqqqətimi çəkdi:

"Kəfənimi kirpiyinlə tikərsən..."

Daha sonra nəyisə xatırlayıbmış kimi dedi: -Bura bax, yoxsa bu şeiri vaxtilə sən demisən mənə?..

Qısaca:

- Ola bilər, - deyə cavab verdim.

...Bir xeyli söhbət etdik. Bacısı oğlu Camal rusdilli qəzetlərdən birinin əməkdaşı olan xanım yazarla gəlib çıxdı. Müsahibə götürəcəkdilər.

Əmrəli müəllim zarafatından qalmadı:

- Sönən filosofun közərtisinə, daha doğrusu, külünün istisinə gələnlər az olmur...

Mən xudahafizləşib qapıdan çıxanda Camal mənə yaxınlaşıb astadan dedi ki, Əmrəli müəllim vəsiyyət edib, deyib ki, onu Gədəbəydə öz yaxınlarının yanında dəfn etsinlər.

Bayaq zəng vuranda dedi ki, Əmrəli İsmayılovun son vəsiyyətinə əməl etdik, onu Slavyankada dəfn etdik.

Öz prinsipləri ilə yaşayan bir elm adamını, istedadlı filosofu itirdik.

Ateistə də rəhmət düşür.

Allah rəhmət eləsin.

14.09.19

 

Əkrəm Əylisli nədən qorxur?

                    

Əkrəm Əylislinin istedadlı yazıçı və SÖZə yaxşı bələd olan qələm sahibi olduğunu az adam dana bilər.

Yazıçının əsərləri bir çox dillərə tərcümə olunub. Xüsusən, sovetlər dönəmində kitabları müxtəlif ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy, hətta, Milli Məclisin (MM) deputatı da oldu (başqaları necə, o da eləcə). Ən maraqlısı budur ki, Ə.Ə. deputat olana qədər MM üzvlərini öz yazılarında ələ salır, onlara şəbədə qoşurdu. Hətta, onun   "Ətirşah Masan" adlı romanında deputatları "sancan" (bəzən haqlı olaraq) yerlər də az deyildi... Dediyim kimi, yaddaşım məni aldatmırsa, məhz həmin "roman-reportajdan" sonra Ə.Ə. deputat "oldu". Bütün bunlar öz yerində...

...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə iştirak edirdi. Yazıçı həm öz ədəbi kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı suallara  münasibətini bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə o, həm rusların, həm də ukraynalıların rəhbərlərini tənqid etdi. Rusları deyə bilmərəm, ukraynalıları (daha doğrusu, Zelenskini) niyə tənqid etdiyini yəqin ki, yazıçının yalnız özü bilər...

Ə.Əylislinin ən uğursuz əsəri, şübhəsiz ki, "Daş yuxular" romanıdır. Rus dilində yazılmış bu əsər doğrudan da zəifdir. Həm də lap zəif. Söhbət "müsbət" erməni obrazlarından getmir. Erməninin də (bəlkə, ola bilsin ki) sağlam düşüncəlisi ola bilər. Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən çox aşağı səviyyədədir... Yeri gəlmişkən deyim ki, bu əsəri oxumaq üçün kitabı yazıçının özü təqdim etmişdi mənə. Ki yəni cüzi tirajla nəşr olunmuş (sonralar Rusiyadakı jurnalların birində çap olunan) əsərin ilk oxucularından biriyəm...

Əkrəm Əylisli istedadlı qələm sahibidir. Amma açıq desək, bu adam "şou"suz dura bilmir... Vaxtilə Şüvəlanda çıxartdığı "oyunu" (bu hadisəni nisbətən yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana qoyuram hələ... "Daş yuxuların" yandırılması da hələ qalsın bir yana, hərçənd kitab yandırmaq yaxşı əlamət deyil...

Bax bu yerdə yazıçıya qarşı  başqa bir "kitabyandırma" kampaniyası, "törəni" yadıma düşdü... Haradasa "məlum  hadisələr" başlayan vaxtlar idi və günlərin bir günü Ə.Ə. Moskvada o zaman məşhur olan jurnallardan birində (Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr olunan "Drujba narodov" dərgisində) müsahibə vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində) dərc edilən bu müsahibədə Əkrəm müəllim  təxminən (əslində "təxminənsiz") belə bir fikir söyləmişdi ki, mən bir çox hallarda digər millətlərə daha böyük ehtiram göstərirəm və özümü onların arasında daha rahat hiss edirəm... Bilənlər bilir, o vaxt bu müsahibə tufan qopartdı. Adıçəkilən jurnalın nüsxələri və Əkrəm bəyin kitabları yandırılmağa başladı. Hərçənd ki, kitab yandırmaq yaxşı əlamət deyil...

O da yadımdadır ki, həmin dövrdə mən AzTv-də (Gənclik Baş redaksiyasında) "İlğım", "İdrak", "Məzunlar" adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən Ədəbi dram verilişləri Baş redaksiyasında Əkrəm Əylislinin xətrini istəyən həmkarları, yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir TV kanalı vardı. Kütləvi hücuma məruz qalan Ə.Ə. də həmin kanalın adıçəkilən redaksiyasına zəng vurub həyatının təhlükə altında olduğunu bildirmişdi...

Hər necə olsa da, yazıçını xilas etmək lazım idi. Axı bütün "cığal" hərəkətlərinə baxmayaraq, Əkrəm Əylisli istedadlı yazıçıdır. Di gəl ki, işin tərsliyindən, bu tanınmış, amma indi oxucu qəzəbinə düçar olmuş  yazıçı haqda heç kəs danışmaq istəmirdi. Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə Məmməxdanlı yazıçının bir neçə yaxın həmkarına zəng vurub dilə tutsalar da, efir-ekranda çıxış edib Əkrəmi müdafiə etmək istəyənlər yox idi. Hərə yaxasını bir tərəfə çəkirdi (Hə, elə buna bənzər əhvalat sonralar "Daş yuxular" nəşr olunanda da yenidən vaqe və təkrar olundu, yazıçının dostları qeyb oldular). Axır ki, uzun çək-çevirdən sonra Əkrəm bəyin nəfinə söz demək istəyən iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib Əkrəm Əylislini müdafiə etdilər, onun istedadına yüksək qiymət verdilər, bir balaca xəta etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz keçmiş tələbəsini yüngülvari məzəmmət də etdi... Əkrəm bəy də öz növbəsində (sinxron müsahibədə) jurnalın redaksiyasında onun söylədiklərinin təhrif edildiyini bildirdi və "mən elə yox, belə demək istəmişəm" -  deyə, iddia etdi... Təbii, belə yox, elə də ola bilərdi.

Əkrəm Əylisli xalq düşməni deyil. Amma o, hərdən ədəbi-bədii düşərgədə özünəməxsus bir "fırtına" qoparmağı xoşlayır, lap şou əhli kimi... Görünür, yazıçı unudulmaqdan qorxur. Əslində isə ta qorxudan keçib, Əkrəm Əylisli...

P.S. Təəssüf ki, bir çox elm, sənət və ya siyasət adamları haqqında yazarkən yalnız iki rəngdən istifadə etmək bizdə bir "qanun" halını alıb. Bu, AĞ və QARA rənglərdir. Bu cür daltoniklər üçün adam ya müsbət ya da mənfi, başqa sözlə ya yaxşı, ya da pis olmalıdır. Elə Ə.Ə. haqda olan yazılarda da... Mən çalışdım ki, bu kiçicik qeydlərdə Əkrəm Əylislini qara və ağ rənglərin arasındakı "boşluqda" verim. Zənnimcə, adını bilmədiyim o rəng daha "görümlüdür"...

 





06.06.2024    çap et  çap et