525.Az

Güvəndiyin dağlara qar yağanda heç üşüdünmü


 

Güvəndiyin dağlara qar yağanda heç üşüdünmü<b style="color:red"></b>

Gülər MÜBARİZ

 

Oyuncaq

 

Güvəndiyin dağlara qar yağanda heç

üşüdünmü,

Dondumu heç ürəyində qönçə açan tumurcuqlar?

Qəm köynəyin yaralara məlhəm edib büründünmü,

Soldumu heç gözlərində ümid saçan arzu-kamlar?

Qırıldımı oyuncaqlar?

 

Qəlbim imiş əllərində, sıxıldığın

bilmədilər,

Pərdə tutdu gözlərini, görmədilər

olanları.

Pozmadılar yazılanı, günahları

silmədilər,

Kərpic-kərpic dağıtdılar o sevgidən

qalanları.

Qayıtmaz ki, ötən çağlar...

 

Yaraların gözü qopdu, sağalmadı heç

qaysaqlar.

Gözlərimdən axan yaşı görmədilər,

sezmədilər.

Ağrıyan qəlb hisslərini öz içində

gizli saxlar,

Məni məndə öldürməkdən usanmayıb bezmədilər.

Çölüm Gülər, içim ağlar.

 

Darmadağın oldu bütün tutunduğum

tutacaqlar,

Mən bu dərdin ağuşunda yana-yana

külə döndüm.

Xatirəmdə bir dərs olub, yaddaşımda

qalacaqlar,

Kükrəyən bir vulkan idim, qəfil yandım,

qəfil söndüm,

Qara bəxtim qara bağlar.

 

Günahları kəndir edib, sükutundan

asacaqlar,

“Ətəyindən o daşları tökün” dedim,

tökmədilər,

Məndən sonra yoxluğuma nekroloqlar yazacaqlar,

Bu nifrəti içinizdən sökün dedim,

sökmədilər.

Ölməz axı “canı sağlar”.

 

Vətən

 

Vətən, sən bir nur qayəsi, biz də sənin ulduzun, Dirçəldikcə güc alırıq, bütünük, qürurluyuq.

Nə yaxşı ki, övladınam, köküm, soyum türk qızı, Həsrətini bitirmişik, zəfərlə onurluyuq. Hamılıqla fəxr edirik, biz azərbaycanlıyıq.

 

Hər dərdinə dərman olan həm dostuq, həm sirdaşıq,

Sevincindən ilham alan gözü nəmli yoldaşıq. Qarabağa məlhəm olduq, Təbrizinə qardaşıq, Kədərinə son qoymuşuq, igid, dəliqanlıyıq, Talış, ləzgi, avar, kürd, tat - biz azərbaycanlıyıq.

 

Tarixlərə yaddaş olan Poladıq, Mübarizik, Düşməninə zərbə olan Dəmir Yumruq da bizik. Qarabağım brilyant qaş, Azərbaycanım üzük, Oğuz soyu, türk eliyik, hamımız Turanlıyıq, Təpədən dırnağa qədər biz azərbaycanlıyıq.

 

Bütöv yurdun bütöv olar xalqı, eli, milləti,

Bu millətdən uzaq etsin, ulu Tanrım zilləti. Parçalanıb bölünməsin yurdum bir daha qəti, Zəfərimiz dünya boyda, şərəfliyik, şanlıyıq,

Bir millət, iki dövlətik, türk azərbaycanlıyıq...

 

Tale nazı

 

Həsrət baxan pəncərənin bir üzüyəm,

Gözüm yolda...

Misralarla yola çıxan könüllərin qəm sözüyəm İtirmişəm şeirlərin sətrini də...

Sağda, solda

Sovrularaq itirmişəm səmtimi də...

Günəşin də uduzduğu məğribi var,

Hər döyüşün bir qalibi, məğlubu var...

Bu savaşın sonu hanı?!

Bir işığın zərrəsinə saxlamışam taleyimi...

Mən zülmətin haqq sözüyəm.

Mən günəşə ümid olan

kor bəxtimin nur gözüyəm...

Yüküm ağır, özüm boyda.

Sancı çəkir hər sətirdə

köksüm altda ürəyimdə...

Bıçaqların izləri var kürəyimdə...

Mən yarımçıq yolçuların

kağızdakı sözcüsüyəm,

Yolunu dumanda azan talelərin elçisiyəm....

Allahımın ətəyindən yapışmışam...

Hər kəlməmin önü şükür, sonu şükür,

Mərdliyimi görən nadan qan yaş tökür...

Mən anamın doğulandan mərd qızıyam.

Dünya boyda dərd qızıyam...

Sətirlərdən dilə gələn haqq yazıyam.

Gah gileyli, gah küsəyən, gah çağlayan,

Gah güləyən, gah ağlayan

Taleyin də çəkmədiyi bir nazıyam.

 





06.06.2024    çap et  çap et