525.Az

“Gürcüstana yardımı dayandırmaq ABŞ-ın maraqlarına mənfi təsir göstərəcək - Kobaxidze


 

“Gürcüstana yardımı dayandırmaq ABŞ-ın maraqlarına mənfi təsir göstərəcək - <b style="color:red"> Kobaxidze</b>

“ABŞ xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı hadisələrə cavab olaraq Gürcüstana maliyyə yardımına yenidən baxılması imkanını istisna etmir”.

525.az xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Söhbət bir neçə ildə Gürcüstana ayırdığımız 390 milyona yaxın yardımdan gedir ki, indi buna yenidən baxılır.  İndi nə edəcəyimizi, necə və nə vaxt edəcəyimizi araşdırırıq. İki həftədən az bir müddət əvvəl biz Gürcüstanın qəbul etdiyi qanunu nəzərə alaraq münasibətlərimizə yenidən baxılacağını elan etdik... Burada təkcə ritorika deyil, real, ciddi siyasi nəticələr var”.”, - o deyib.

Hər il ABŞ bu paketi Gürcüstanın müdafiə və demokratik institutlarını gücləndirməyə, ölkənin iqtisadi inkişafına və vətəndaş cəmiyyətinə dəstək verməyə yönəldir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə hesab edir ki, ABŞ-ın müdafiə yardımını dayandırması Vaşinqtonun maraqlarına mənfi təsir göstərəcək: “Müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi həm Gürcüstan tərəfi, həm də Amerika tərəfi üçün eyni dərəcədə vacibdir. Bu məsələdə hansı ixtisarın nəzərdə tutulduğunu bilmirəm. Bu, həm ölkəmizin maraqlarına, həm də Amerika tərəfinin maraqlarına eyni dərəcədə zərər verəcəkdir. Buna əsaslanaraq hər kəs praqmatik hərəkət etməlidir. Bu, mənim hamıya çağırışımdır”.

Baş nazir Amerikanın maliyyələşdirməsinə yenidən baxılacağı təqdirdə Gürcüstan üçün ciddi nəticələr gözləmir. O hesab edir ki, pulun böyük hissəsi vətəndaş cəmiyyəti təşkilatlarına gedib: “Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinə gəlincə, mən buna kömək deyə bilmərəm... Yollara gəlincə, yolları nazirlik çəkir. Bəzən bunlar kreditlərdir, daha az amerikan vəsaiti ilə... Vətəndaşlarımız vergi ödəyirlər və bu pul ölkədə yolların çəkilməsinə sərf edilir”, - Kobaxidze bildirib.

O, “şantajın” qəbuledilməz olduğunu bəyan edib və yenidən Tbilisi ilə Vaşinqton arasında münasibətləri bərpa etməyə çağırıb: “Şantaj dilinə gəlincə, bu, əlbəttə ki, yaxşı deyil. Ona görə də ümid edirəm ki, hamı münasibətlərin yenidən qurulmasının, sağlam olmasının vacibliyini düzgün dərk edəcək və addımlar atılacaq... Biz buna hazırıq”.

 

 





06.06.2024    çap et  çap et