“Rəsmi Bakı tərəfindən Ermənistanın Konstitusiyası ilə bağlı məsələ birinci dəfə deyil ki, qaldırılır. Cənab Prezident TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən açıq qalan məsələlərə toxunub və bu mövzu barədə danışdı. Dövlət başçısı demədi ki, biz danışıqları saxlayırıq, sülh danışıqları davam edir, sadəcə olaraq sülh müqaviləsinin qüvvəyə minməsi üçün onun təkcə imzalanması kifayət deyil. Sənəd ratifikasiyadan keçməlidir”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, bu ratifikasiya zamanı Ermənistanda müqavilə ilə bağlı onların Konstitusiya Məhkəməsi qərar çıxarmalıdır: “Qərar o olacaq ki, sülh müqaviləsi onların Konstitusiyayına cavab verir və bunu sübut etməlidirlər. Yaxud cavab vermirsə, ya Konstitusiyanı dəyişməlidirlər, ya da müqaviləni rədd etməldirlər. Hər bir halda bu, əslində Ermənistanın problemidir. Azərbaycanın problem deyil. Sadəcə olaraq onlar bu sənədi ratifikasiya etməyincə, Konstitusiya və o sənəd arasındakı ziddiyyətləri aradan qaldrımayınca, müqavilə qüvvəyə minməyəcək. Azərbaycan da sənədi ratifikasiya etməyəcək. Sülh müqaviləsi bu baxımdan qüvvəyə minməyəcək. Cənab Prezident bunu açıq şəkildə elan etdi”.
R.Musabəyov Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın qəbuluna zərurət olması barədə fikirlərini yada salaraq deyib ki, bu istiqamətdə real addımların atılmamasının səbəblərindən biri də də onun revanşist qüvvələrdən çəkinməsi ilə bağlıdır: “Paşinyan deyirdi ki, Konstitusiya dəyişməlidir. Həm də təkcə Azərbaycana qarşı ərazi iddiası ilə bağlı yox, orda bir çox bəndlər dəyişməlidir. Bilirsiniz ki, Türkiyəyə də ərazi iddiaları var, onlar da aradan götürülmədlir, əks halda Türkiyə ilə münasibətləri normallaşdırmaq qeyri- mümkündür. Konstitusiyada gerbdən tutmuş digər məsələlərə qədər bir çox bəndlərə iradlar bildirmişdir. Paşinyanın sözündən belə çıxırdı ki, Konstitusiyanı dəyişmək təkcə Azərbaycanın istəyi ilə deyil. Özləri üçün də bir çox qüsurlar olduğundan onu yeniləməyə ehtiyac var. İndi öz işləridir, gedib etsinlər. Bizim üçün əsas odur ki, o sənədə Konstutusiyaya zidd adı ilə hansısa düzəliş edib, bitərəfli şərh verməsinlər. Bu, Azərbaycan üçün qəbuledilməzdir. Belə olduğu halda, yəni o ziddiyətləri ermənilər özləri aradan götürməyənə qədər, Prezidentin də açıq şəkildə dediyi kimi, sülh müqaviləsi qüvvəyə minməyəcək və işlək sənəd olmayacaq”.
Politoloq hesab edir ki, bunun üçün referendumun keçirilməsi mütləq deyil, sabah onların Konstitusiya Məhkəməsi bu sənədi təsdiq edəndə, qərar çıxara bilər ki, əvvəlki deklarasiyada “Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşməsi”nə dair bənd aradan götürülür: “Ona görə ki, “Dağlıq Qarabağ” mövcud deyil. Özləri o qərarları çıxartmalıdırlar. Biz onlardan referendum tələb etmirik ki, öz işləridir”.
Konstitusiya dəyişikliyi ilə bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da bu günlərdə səsləndirdiyi fikirlərə toxunan millət vəkili deyib ki, Azərbaycanın Konstitusiyasında heç bir ölkəyə qarşı hansısa ərazi iddiaları mövcud deyil: “Hüquqi varislik ərazi varisliyi demək deyil. Sadəcə boyunlardan məsuliyyəti kənara atmaq üçün belə əsassız iddialar irəli sürürlər”.
R.Musabəyov ikinci məsələ kimi ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı rəsmi Bakının İrəvana təklifinə diqqət çəkib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistana edilən təklif barədə ilk dəfə idi danışılırdı: “Amma inanmıram ki, Ermənistan buna cəsarət tapsın. Azərbaycan dəfələrlə bəyan edib ki, biz Minsk qrupunu tanımırıq, onunla heç bir əməkdaşlıq etmirik. Kimlərsə indi boş yerə onlara maaş yazdırır, hansısa bir vəzifə tuturlar. Reallıqda onların heç bir funksiyası yoxdur. Ermənistan bizim təklifimizə qoşulsaydı, çox gözəl olardı. Sülh müqaviləsi imzalanmayana qədər düşünmürəm ki, bu, mümkün olsun. Ermənilərin xarakterinə bələd olduğumuz üçün onlar sülh müqaviləsi imzalandıqdan sonra da deyəcəklər ki, bizlik deyil, Qarabağ ermənilərinin hüquqları var və ona görə biz onu bağlamırıq. Ermənilərdən müsbət davranış gözləmirəm. Minsk qrupunun mövcudluğundan onların başı ağrımır. Ona görə də bu istiqamətdə addım atmırlar. Azərbaycan deyir ki, artıq bu mövcud deyil. Azərbaycanla yanaşı desələr ki, Minsk qrupuna ehtiyac qalmayıb, onu saxlamaq bundan sonra qeyri-mümkün olacaq. Ancaq bunu etmirlərsə, bu, o deməkdir ki, Azərbaycan birtərəfli qaydada Minsk qrupunu nə tanıyır nə qəbul edir. Əgər biz qəbul etmiriksə, bizə heç nə deyə bilməzlər. Kimsə desə ki, mən Minsk qrupunun həmsədriyəm, onu Azərbaycanda heç kim qəbul etməyəcək. Ona görə də indi həmin dövlətlərdən XİN-in xüsusi nümayəndəsi kimi Bakıya səfərə gəlirlər”.
Pərvanə
çap et