İyunun 9-da Dövlət İmtahan Mərkəzi Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzindən 525.az-a verilən xəbərə görə, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 367 nəfərdən 4 nəfər imtahana gəlməyib. 173 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 11 və 12 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad. H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
***
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək.
525.az xəbər verir ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
Hakim vəzifəsinə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni DİM-in saytından çap edib götürə bilərlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 418 namizədin iştirakı nəzərdə tutulur.
İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 8:30-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10:00-da başlanır.
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.