|
|
|
|
Rusiya-Ukraynaya müharibəsinin bütün dünyada gərginliyi artıracağı, münaqişə bölgələrində hərbi toqquşmaların intensivləşəcəyi haqqında ehtimallar bir-birinin ardınca öz təsdiqini tapmaqdadır. Yaxın Şərqdə alovlanan münaqişə səngimək bilmir. İndi də Koreya yarımadasında vəziyyətin gərginləşməsi müşahidə olunur. Pxenyanın nüvə ambisiyalarını dayandırmaq istəməməsi, yanvar ayından bəri bir neçə dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ziddinə olaraq balistik raketlərin sınağını həyata keçirməsi və nəhayət, Şimali Koreyanın Cənuba zibil yüklü şarlar göndərməsi Koreya yarımadasında gərginliyin artan xətt üzrə yüksəlməsinə səbəb olur. Öz növbəsində Seul Pxenyanla 2018-ci ildə imzalanmış müqavilədən imtina edəcəyinə işarə vurur. İndi isə Cənubi Koreya ABŞ və Yaponiya ilə birgə təlimlər keçirmək qərarı verib. “The Japan Times” Vaşinqton, Tokio və Seulun hərbi əlaqələri möhkəmləndirmək üçün yeni təşəbbüslər irəli sürdüyünə diqqət çəkərək üç ölkənin müdafiə nazirləri Lloyd Ostin, Minoru Kihara və Şin Von Sikın hərbi ittifaqdan danışmadan münasibətlərin “institusionlaşdırması” ifadəsindən istifadə etmələrinə diqqət çəkir. Ekspertlər təhlükəsizlik sahəsində əməkdaşlıq üçün daimi qurumların yaradılmasını əslində hərbi ittifaqın yaradılması anlamına gəldiyini bildirirlər.
Tokio Universitetinin professoru Sebastyan Maslov hesab edir ki, hərbi ittifaq yaradılmasını zəruri edən bir neçə səbəb var. Yaponiya və Cənubi Koreyada Ağ ev sahibinin dəyişmə ehtimalını nəzərə alırlar və belə bir hadisənin hərbi ittifaqın yaradılması üçün “imkanlar pəncərəsi”ni bağlayacağından ehtiyat edirlər. Eyni zamanda, Seul Pekinin Koreyanın cənubunda Amerikanın THAAD raketdən müdafiə sisteminin yerləşdirilməsinə etiraz etməsindən narazıdır və buna görə Cənubi Koreya üçtərəfli ittifaqın yaradılmasında daha çox maraqlı olmağa başlayıb.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Koreya və Monqolustan şöbəsinin müdiri Aleksandr Vorontsov hesab edir ki, ABŞ, Yaponiya və Cənubi Koreya hərbi ittifaqa doğru sürətlə irəliləyir.
Amerikanın B-1B uzaqmənzilli bombardmançı təyyarəsi son yeddi il ərzində ilk dəfə birgə təlim çərçivəsində Koreya yarımadası üzərində uçuş edib. Təlimlərdə ABŞ-nin və Cənubi Koreyanın müasir qırıcıları iştirak edir. Seuldan yayılan məlumatda qeyd edilir ki, təlim ABŞ-nin Cənubi Koreyanın təhlükəsizliyinin təmin edilməsinə və müttəfiqlərin birgə müdafiə sisteminin gücləndirilməsinə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır. Təlim zamanı B-1B bombardmançısının sərbəst düşən bombaları idarə olunan bombalara çevirən JDAM dəstləri ilə təchiz edilmiş sursatlardan istifadə etməsi isə müşahidəçilər tərəfindən Pekin və Pxenyana qarşı əzələ nümayişi kimi dəyərləndirilir. ABŞ, Cənubi Koreya və Yaponiya Koreya yarımadasında keçirilən təlimlərdən sonra Hind-Sakit okean hövzəsində daha bir təlim keçirəcəklər. “Freedom Edge” adı verilmiş təlimin təfərrüatları açıqlanmayıb.
Üç ölkənin müdafiə nazirləri Lloyd Ostin, Minoru Kihara və Şin Von Sikın Tayvanla bağlı mövqelərinin dəyişməzliyini bir daha təsdiqləmələri, beynəlxalq birliyin təhlükəsizliyinin və rifahının ayrılmaz elementi kimi Tayvan boğazında sülh və sabitliyin vacibliyini vurğulamaları da diqqət çəkir.
Ötən iki ildə əsas diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəldən ABŞ son aylar yenidən Hind-Sakit okean hövzəsinə diqqətini artırmağa başlayıb. Yaponiya və Cənubi Koreya ilə münasibətlərini hərbi ittifaq həddinə çatdıran ABŞ Çinin ərazi iddialarına qarşı Filippin və Vyetnamı da dəstəkləyir. Ötən il Filippin prezidenti kiçik Ferdinand Markosun Vaşinqtona səfəri zamanı sıx hərbi əməkdaşlığın yeni prinsipləri barədə iki ölkə liderləri arasında razılıq əldə edilmişdi. Qeyd edilmişdi ki, bu əməkdaşlıq quruda, dənizdə, havada, kosmosda və kiberməkanda ABŞ-Filippin hərbi əməkdaşlığının əlaqələndirilməsini nəzərdə tutur. Mart ayında ABŞ dövlət katibi Antoni Blinken Filippinə səfər etmiş və bu ölkənin xarici işlər naziri Enrike Manalo ilə görüşdə iki ölkə arasındakı müttəfiqliyin dəmir kimi möhkəm olduğunu bildirmişdi. ABŞ-nin dövlət katibi Çinlə mübahisəli suların iqtisadi baxımdan Filippin və “bütün dünya” üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayaraq Manilaya dəstəklərinin sarsılmaz olduğunu bəyan etmişdi. Blinkenin Maniliya səfərinin ardınca keçirilən ABŞ-Yaponiya-Filippin dövlət başçılarının sammitində qəbul edilən birgə bəyannamədə Çinin Şərqi Çin dənizində güc və ya məcburiyyət yolu ilə status-kvonu birtərəfli qaydada dəyişdirmək cəhdinə qarşı qəti etiraz etdikləri, buna yol verməyəcəkləri öz əksini tapmışdı.
Cənubi Koreyanın ABŞ-la əməkdaşlığının önəmli sahələrindən biri də silah və hərbi texnika istehsalı ilə bağlıdır. Rusiyanın Ukraynaya tam miqyaslı hücumu başlayandan bəri Cənubi Koreyanın hərbi-sənaye kompleksinin aparıcı şirkəti “Hanwha Aerospace”in gəlirləri 11 dəfə artıb. Bu isə şirkətin səhmlərinin dəyərinin 350 faiz artmasına səbəb olub. ABŞ-nin Şərqi Avropadakı əsas müttəfiqlərindən olan Polşa Cənubi Koreya şirkətinə 670 ədəd K9 özüyeriyən haubitsa və 290 ədəd MLRS sifariş edib. Rumıniya da bu haubitsalardan almağa çalışır. Cənubi Koreya şirkəti Vaşinqtonun digər müttəfiqi Avstraliyaya 3.3 milyard ABŞ dolları dəyərində 129 tank satacaq.
Bütün bu amillər Cənubi Koreyanı mühüm müttəfiqə çevirib. İndi ABŞ mühüm müttəfiq saydığı Cənubi Koreyanın təhlükəsizliyinin təmin olunması üçün Pekin və Pxenyana əzələ nümayiş etdirir. Ekspertlərə görə, bu əzələ nümayişi Pekin və Pxenyanı bir qədər geri çəkilməyə vadar edəcək. Hind-Sakit okean hövzəsində proseslərin inkişafı Pekin və Pxenyanın siyasətində dəyişikliklərin baş verib-verməməsindən, eləcə də ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olacaq.