525.Az

Un bahalaşır


 

ÇÖRƏK DƏ BAHALAŞACAQMI?

Un <b style="color:red"> bahalaşır</b>

Xəbər verildiyi kimi, son gümlər unun qiymətində kəskin artım müşahidə olunur. Aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. Qiymət artımını satıcılar da təsdiqləyirlər. Bahalaşmanın səbəbi kimi məhsulun azlığı göstərilir.

 

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, unun çox yaxın zamanlarda bir az da bahalaşması gözlənilir: “Çünki həm Rusiyadan, həm də Qazaxıstandan dünya bazarlarına taxıl ixrac olunurdu. Sözügedən ölkələr həm də Azərbaycanın əsas taxıl tədarükçüləridir. Yaz aylarında su daşqınları və şaxtalı havanı müşahidə etdik. Həmin ölkələrdən gələn məlumatlara görə, 20-25 faizə yaxın taxıl sahələri məhv oldu. Bu ərazilərin bir qismi su altında qaldı, digər qismi isə şaxtadan zərər gördü. Dünya bazarında qiymətlərin artım trendi var. Azərbaycan özünü təxminən 24-25 faiz taxılla təmin edə bilir. Qalan hissəni xaricdən alırıq. Son illər taxıl aldığımız üç ölkə -Ukrayna, Rusiya və Qazaxıstan var idi. Ukraynadan müharibəyə görə taxıl almaq xeyli çətinləşib. Bu, mümkünsüz hala gəlib. Rusiya isə öz daxili tələbatını ödəmək üçün taxıl ixracı ilə bağlı tez-tez qadağalar qoyur. İndi əsas bazarımız Qazaxıstandır”.

N.Cəfərli qeyd edib ki, dünya bazarında qiymət artımı yay aylarında da davam edəcək: “Bu, yaz əkininin zərər görməsindən yaranan qiymət artımıdır. Ola bilər ki, payızlıq buğda daha uğurlu olsun, dünya bazarına daha çox taxıl çıxarılsın. Məhsuldarlıq olarsa, payızda ucuzlaşma ola bilər. Məhsuldarlıqla bağlı problemlər qalsa, bu ilin sonuna qədər qiymət artımını dalğa şəklində müşahidə edə bilərik”.

Ekspertin dediyinə görə, çörəyin qiymətinin perspektivi ilə bağlı bu fikirləri deyib: “Azərbaycanda çörəklə bağlı çox maraqlı bir yanaşma var. Un bahalaşan kimi çörəyi bahalaşdırmırlar. Çox həssas mövzu olduğu üçün bunu etmirlər. Əksinə, çörəyin çəkisini azaldırlar. Əslində, bu da bahalaşmadır. Sadəcə vizual olaraq qiymət dəyişmir deyə rahatlıqla belə addım atırlar. Ola bilsin ki, yenə qiymət dəyişməsin, amma çəkisi azalsın. Bir müddətdən sonra unun qiyməti elə bir həddə çata bilər ki, artıq onu çəki ilə tənzimləmək mümkün olmasın. Ona görə də qiymət artımı gözləniləndir”.

İqtisadçı ekspert Elşad Məmmədov unun qiymətindəki bahalaşmanı dünya iqtisadiyyatında baş verən proseslərlə əlaqələndirib və dünya iqtisadiyyatındakı problemlərin daha da dərinləşəcəyini deyib: “Bir tərəfdən maliyyə sektoru ilə real istehsal sektoru arasında problemlər, uyğunsuzluqlar daha da artır, digər tərəfdən isə ölkələr arasındakı iqtisadi və geosiyasi ziddiyyətlər kritik dərəcədə böyüyür. Bütün bunlar da qiymət amilinə öz təsirini göstərir. Biz yaxın aylarda dünya bazarında qiymətlərin pul-kredit siyasətinin sərtləşməsi hesabına bir qədər sabit saxlanmasına baxmayaraq, kəskin bahalaşmanın şahidi olacağıq. Bu da qlobal və regional bazarlarda qiymət artımına səbəb olacaq. Əgər Azərbaycan idxaldan asılılığı azaltmasa, bu bahalaşma ölkə iqtisadiyyatına öz təsirini göstərəcək. Biz kəskin bahalaşmanın şahidi olacağıq. Bunun qarşısını almaq üçün dövlət yerli istehsala daha çox sərmayə yatırmalı, kənd təsərrüfatı sektorunun inkişafı maksimum şəkildə təmin edilməli və regional iqtisadi əməkdaşlıq çərçivəsində zəngin resurs bazasına malik olan qonşu ölkələrlə iqtisadi əməkdaşlıq dərinləşdirilməlidir. Bütün bunlara nail olsaq, qiymət artımı ölkənin istehlak bazarına kritik dərəcədə təsir etməz”.

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, hazırda bu bahalaşma çörəyin qiymətinə elə də təsir etməyəcək: “Bahalaşma yerli bazarla yanaşı, dünya bazarında da var. Ötən illərə nəzər salsaq görərik ki, qiymətlər daim qalxıb-düşüb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə qiymətlər demək olar ki, eynidir. Nəzərə almaq lazımdır ki, keçən ilin iyul-avqust aylarında unun qiyməti baha idi. Daha sonra qiymət tədricən düşdü. İndi yenidən artım müşahidə olunur. 2022-ci ildə un kəskin bahalaşmışdı. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsi idi. İndiki qiymət artımı isə o səviyyədə deyil”.

Ekspert əlavə edib ki, hazırda olan qiymət artımı dərhal çörəyin bahalaşmasına səbəb olmayacaq: “Dünya bazarında buğda qiymətləri yüksəlməyə doğru davam edərsə, çörəyin qiymətində artım ola bilər. Bir sözlə, yaxın həftələrdə çörəyin bahalaşması gözlənilmir. Unun qiyməti çörəyin maya dəyərinin 40-50 faizini təşkil edir. Bu, indiki qiymət artımında çox cuzi qəpiklər deməkdir”.

İqtisadçı Fuad İbrahimovun sözlərinə əsasən, unun qiymətində artım tendensiyası müşahidə olunsa da, çörəyin bahalaşması gözlənilmir. İqtisadçı əlavə edib ki, bazarda olan əksər sahibkarlar un tədarükünü aylıq olaraq təmin edirlər: “Ümumilikdə isə, unun qiymətində növbəti artım gözlənilmir”.

Ekspertlər hesab edirlər ki, gələn aydan ölkədə taxıl biçinin başlaması da bazara müsbət təsir edəcək.

İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, Azərbaycanda unun bahalaşmasını Avropa bazarındakı bahalaşma ilə əlaqələndirirlər. Düzdür, Avropa bazarlarında müəyyən bahalaşmalar ola bilər. Ancaq bu, bizim daxili bazara ciddi təsir edə bilməz. Ona görə ki, Azərbaycan buğdanı Avropadan deyil, əsasən, Rusiyadan alır. Hazırda isə Rusiya buğdasının qiymətində artım yoxdur. Deməli, ölkədə unun qiyməti süni şəkildə qaldırılıb. Onun dediyinə görə, ötən il dünyada buğda istehsalı tələbatdan aşağı-yuxarı 10 faiz çox olub: “Ona görə də bu ilin iyul-avqust aylarına qədər bazarda köhnə buğdanın qiyməti sabit olacaq. Artım olmayacaq”.

İqtisadçı ekspert Əli Əlirzayev unun qiymətinin artmasının müxtəlif səbəbləri olduğunu bildirib: “Unun qiymətində artım gözlənilirdi. Tələb ondan ibarətdir ki, bu idxalyönümlü məhsuldur. Yəni biz onu xarici ölkələrdən gətiririk. Əslində bütün dünyada qiymət artımı var. Son illərdə Azərbaycanın buğdası artmır və buna görə də biz xaricdən buğda alırıq. Ümumiyyətlə, bazar iqtisadiyyatının qanunu belədir. Əgər hər hansı bir məhsulun qiyməti dəyişirsə, o demək deyil ki, məhsulu istehsal edən sevinməlidir. Ümumiyyətlə, unun, buğdanın istehsalı üçün kənd təsərrüfatı xərcləri artır və bu da bahalaşmaya səbəb olur. Əgər bir məhsulun qiyməti artırsa, o mütləq dolayısı ilə digər məhsullara da təsir edəcək. Un istehsal edən sahibkar və yaxud da hər hansı bir xarici təsərrüfatçı əgər görsə ki, onun məhsulu xərcini ödəmir, aldığı məhsulların qiyməti artdığı üçün o da öz məhsullarının qiymətini artıracaq. Bu bazarın qanunudur. Bütün dünyada bu proses gedir”.

İqtisadçının sözlərinə görə, dövlət bununla bağlı tədbirlər planı hazırlamalıdır: “Dövlətin vəzifəsi odur ki, bu dəyişmələrin proqnozunun vermək yolu ilə qabaqcadan tədbirlər hazırlasın və yaxud da ki, gəlirləri artırsın. Qiyməti artan məhsulların, dövlətin və sahibkarın da gəlirləri artır. O gəlirlərin hesabına qiymət artımı onun hər səviyyəsinə təsir edir. Un elə bir məhsuldur ki, bütün məhsullara, əhaliyə təsir edir”.

İqtisadçı ekspert Rəşad Həsənovun dediyinə görə, idxal prosesinə təsir edən amillər qiymətlərin müəyyən həddə azalıb-artmasına səbəb olur. Köhnə taxılın artıq tükənməsi və yeni mövsümə keçid buna nümunədir. Bu səbəbdən təchizat zəncirində qısamüddətli fasilələr yaranır: “Azərbaycanda istehsal olunan taxıl daxili tələbat ödəmir. Yerli istehsal olan taxıl öz keyfiyyət göstəricilərinə görə ərzaq məhsullarının istehsalına uyğun olan standartlara cavab vermir. Bu səbəbdəndir ki, Azərbaycanda taxıl məhsullarının böyük bir qismi idxal mənşəlidir. Ölkəyə un əsasən, Rusiyadan idxal olunur. Rusiya-Ukrayna müharibəsinin günü-gündən gərginləşməsi qiymətlərə təsir edir. Çünki həm Ukrayna, həm də Rusiya qlobal iqtisadiyyatda ciddi rola malikdir. Konfliktin gərgin mərhələyə daxil olması bu istiqamətdə müəyyən narahatlıqlar yaradır və bazar da buna reaksiya verir. Ona görə də qiymət artımı yerli istehsalda deyil, idxal olunan məhsullarda müşahidə olunur”.

R.Həsənov qeyd edib ki, unun qiymətində müşahidə olunan artım cüzidir və bu çörəyin qiymətinə təsir edə bilməz: “Yaxın aylarda çörəyin qiymətində artım olacağını düşünmürəm. Qeyd edim ki, qlobal bahalaşma fonunda, xüsusilə, çörəyin qiyməti sabit saxlanmalıdır. Bununçün müxtəlif alətlər də var”.

Sevinc QARAYEVA

 





10.06.2024    çap et  çap et