525.Az

Ədəbiyyatımızın vicdanı - Məmməd Arif Dadaşzadə - 120 - Zümrüd Dadaşzadə yazır


 

Ədəbiyyatımızın vicdanı - Məmməd Arif Dadaşzadə - 120 -  <b style="color:red"> Zümrüd Dadaşzadə yazır</b>

İyunun 10-da ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, pedaqoq, ictimai xadim, Azərbaycan ədəbi tənqid və ədəbiyyatşünaslığının təməlini qoyanlardan biri - Məmməd Arif Dadaşzadənin (1904-1975) 120 illik yubileyi qeyd olunur. Elm adamlarını gənc nəsil az tanıyır və bu, təəccüblü də deyil - gündəmdə fərqli adlar və simalardır. Odur ki, alim haqqında düşüncələrimi bölüşməzdən öncə  bioqrafik məlumata üz tutmaq istərdim.

Əslən Xızının Bəylik kəndindən olan Məmməd Arif Bakıda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin “Şərq” fakültəsində (1925-1930) və Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında (1930-1931) təhsil alıb.

1941-1950-ci illərdə Azərbaycan Dövlət Universitetində “Rus ədəbiyyatı” kafedrasına rəhbərlik edib. Eyni zamanda, o, maarif nazirinin (komissarının) müavini, 1941-1947-ci illərdə “Vətən uğrunda” (“Azərbaycan”) jurnalının baş redaktoru vəzifələrində çalışıb.

Uzun illər (1939-1950; 1957-1959) Ədəbiyyat və Dil İnstitutunun direktoru olub. 1960-cı ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti seçilib və ömrünün sonunadək bu vəzifədə fəaliyyət göstərib.

M.Arif “Cəfər Cabbarlının yaradıcılıq yolu” və “Səməd Vurğunun dramaturgiyası” kimi fundamental monoqrafiyaların müəllifidir. O, bir çox elmi-nəzəri kitab, dərslik, yüzlərlə məqalə yazmış, ömrünün təqribən 40 ilini dünya ədəbiyyatından (Tolstoy, Qoqol, Qorki, Servantes, Remark və s.) tərcümələrə həsr etmişdir. İkicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” (1943-1944), üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1957-1960), ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (1967) kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir. Yazıçılar İttifaqının üzvü (1934), filologiya elmləri doktoru (1954), professor (1955), Akademiyanın həqiqi üzvü (1958), Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

M.Arif sözün əsl mənasında ədəbiyyatşünaslıq məktəbi, ədəbi tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətdir.

Məmməd Arif 1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və sədri olub. İki dəfə “Qırmızı əmək bayrağı”, “Lenin” və “Oktyabr inqilabı” ordenləri ilə təltif edilib.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Sənətkarlarımıza dair onlarla məqalənin müəllifi olsam da, Məmməd Arif  haqqında fikir söyləməyə bir qədər çətinlik çəkirəm, çünki səmimiyyətimə inamsızlıqdan ehtiyat edirəm. Bu gün xatırlananların əksəriyyəti çəhrayı boyalarla təqdim edilir, hərçənd aydındır ki, elm və sənət uğurları insanları bəd əməllərdən sığortalamır.

Actis testantibus - sənədlər şahidlik edir: M.Arif haqqında düşüncələrimi paylaşmağa məni sövq edən araşdırdığım arxiv sənədləri - məktublar, həmkarlarının, tələbələrinin, ümidvaram, səmimi yazılarıdır. Bu sənədlərin bir hissəsi AMEA-nın  nəşri olan “Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə: Məqalələr. Xatirələr. Məktublar” (Bakı: 2015; ön söz - İsa Həbibbəyli;  tərtibçi - Aqşin Dadaşzadə) kitabında əksini tapıb.

Babamın fotolarını nəzərdən keçirməyi xoşlayıram. Onlar, zənnimcə, insan xarakterindəki mühüm cəhətləri əks etdirir. Xüsusi münasibətlə icra olunan şəkillərdə belə kübarlıq, illərin ağrı-acısını əks etdirən xəfif kədər dolu ifadəli  gözlər nəzərə çarpır. “Vultus est index animi” - “sifət könlün inikasıdır” deyimi heç də təsadüfi deyil. M.Arifin sağlığında onun görkəminin siyasi xadimlər, sənət adamları, kino ulduzları ilə müqayisə olunduğunu tez-tez eşitmişəm. Məsələn, Vilayət Quliyev 1973-cü ildə filologiya fakültəsinin tələbəsi M.Ariflə görüşünü belə xatırlayır: “Arif müəllimin çox nəcib, işıqlı siması  vardı. Kinolarda gördüyüm ingilis lordlarına bənzəyirdi. Bizə bir saatdan çox ədəbi tənqid, məqsədi, vəzifələri və s. haqda danışdı...”

Yol seçimi haqqında da bir neçə kəlmə demək istərdim.

O, gənc ikən bədii yaradıcılığa meyilli idi. İlk yazıları “Molla Nəsrəddin” jurnalında dərc olunmuşdu. Şeirləri, məsələn,   “Brodskinin boyaları”, “İki nəşədən biri” - Mayakovskisayaq yenilikçi ruhu ilə fərqlənirdi. “Tar çalınır” hekayəsi  isə “Aprel alovları” məcmuəsində yer almışdı - özü də nə vaxt!   Proletkultçuların milli sənətə xor baxdığı, əski əlifba, çadra ilə bahəm tarı da arxivə təhvil verməyin labüdlüyü haqqında bar-bar bağırdığı dönəmdə.

M.Arif  rəssam da ola bilərdi.  “Maarif və mədəniyyət” jurnalında  çalışdığı illərdə M.Arif, onun öz təbirincə desək, “cızma-qara şəkillər” də çəkirdi, məsələn, R.Taqorun “Ac daşlar” hekayəsinə (tərcümə elə özünündür) illüstrasiyaların, Nəcəfbəy Vəzirovun vəfatı münasibətilə M.Rəfilinin hazırladığı nekroloqun başındakı portretin müəllifi idi.

M.Arif həyatını teatrla da bağlaya bilərdi. Kiçik yaşlarında seyr etdiyi xalq oyunları, “Şəbeh” tamaşaları onun təxəyyülündə silinməz iz buraxmışdı. Teatra sevgini Abbas Mirzə Şərifzadə haqqında yazdığı “Azərbaycan səhnəsinin günəşi” məqaləsində sezmək olar. O, 1919-cu ildə gördüyü “Otello” tamaşasını, baş rolda Abbas Mirzə, Yaqo rolunda Sidqi Ruhulla olmaqla, heyrətlə xatırlayardı.  Şərifzadənin ötürdüyü fövqəladə enerjini qeyd edib yazırdı ki, “ona təkcə senatorun qızı deyil, bütün tamaşaçılar vurulmuşdular”. Təsadüfi deyil ki, sonralar Arif müəllim dramaturgiya məsələlərinə xüsusi diqqət yetirirdi.

Şəfiqə Məmmədova 60-70-ci illərin sənət ab-havasını xiffət hissi ilə xatırlayır. Siz demə, Cəfər Cəfərov yeni tamaşaya baxdıqdan sonra qənaətlərini dəqiqləşdirmək üçün xəlvətcə teatra gələrmiş, aktyorlar isə onun zalda olduğunu duyub, dərhal səfərbər olunarmış. Məmməd Arifin də teatrda öz xüsusi yeri varmış - truppanın çox sevdiyi tələbkar və incə zövqlü tamaşaçılarından və tənqidçilərindən idi.

Mətləbə dönərək, söyləməliyəm: nəticədə Məmməd Arif nə şair, nə rəssam, nə də aktyor oldu. Başqa yol seçdi - tədqiq, tənqid, təlim  yolunu.

M.Arifin əsrlərdən miras qalmış qiymətli xəzinəyə - doğma ədəbiyyata görə məsuliyyət daşıdığını xüsusi qeyd edərdim. Cəlal Qasımovun “Kitabi-Dədə Qorqudun yasaqlanması” kitabında  eposu qoruyan alimlər - “öz həyatını təhlükə altına ataraq onun əleyhinə bir kəlmə də yazmayan, eyni zamanda susmayan, müqavimət göstərən ziyalılar, ...sabit və dəyişməz xarakterə malik şəxsiyyətlər” sırasında Məmməd Arif birincilər sırasında xatırlanır. “Dədə Qorqud kitabı” ensiklopedik lüğətində isə qeyd olunur ki, Ulu öndər Heydər Əliyev “50-ci illərdə “Kitabi-Dədə Qorqud” dastanının tədqiqatçıları olmuş Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Məmmədhüseyn Təhmasib, Əbdüləzəl Dəmirçizadə və başqaları kimi fədakar alimlərin xidmətlərini yüksək qiymətləndirmişdi”.

Hələ çox gənc ikən, özünün təbirincə, “vətəndaşlıq vəzifəsini, xalqa xidmət yollarını, gələcək həyat istiqamətini ciddi surətdə düşünməyə başlayan” M.Arif üçün alim olmaq təkcə tədqiqat aparmaq demək deyildi. O, Maarif komissarının müavini kimi təhsil quruculuğu ilə məşğul olur, 1939-cu ildən direktoru olduğu  Ədəbiyyat və Dil İnstitutunun təşəkkülü və inkişafında da fəal iştirak edir, eyni zamanda “Vətən uğrunda” (indiki “Azərbaycan”) jurnalına da rəhbərlik edir, gənc nəslin yetişdirilməsini də diqqətindən qaçırmırdı. Yalnız təəccüblənmək olar ki, belə irimiqyaslı işləri gerçəkləşdirmək üçün o, haradan qüvvə tapırdı? Əlbəttə, istirahətindən kəsirdi, amma ona enerji verən həm də çiyinlərində daşıdığı missiyanın Vətəni üçün əhəmiyyətinin dərki, gələcəyə inam, Azərbaycan sevgisi idi.

Alimin fəaliyyət çevrəsi geniş,  dünyagörüşü hüdudsuz idi. Azərbaycanda baş verən ən mühüm hadisələrin episentrində idi, fundamental tədqiqatlar aparmaqla yanaşı, cari ədəbi prosesi də diqqətlə izləyirdi. Estetik meyarlar sistemi mühafizəkarlıqdan uzaq idi. Bu keyfiyyət ona 60-cılar nəslinin  istedadlı nümayəndələrini vaxtlı-vaxtında dəstəkləmək imkanı vermişdi. Hələ 20-ci illərin sonunda Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını tərcümə etmişdi. Yəni elə ilk addımlarından “ən həssas, mərifətli tənqidçimiz” (Mir Cəlal) müasir ədəbiyyatda dəyərli olan nə varsa, onu dərhal dəqiq qiymətləndirməyi bacarırdı.

1969-cu ildə Vaqif Səmədoğlunun Yazıçılar İttifaqına üzv qəbul olunmasını dəstəkləyən rəyində İttifaqın “köhnə üzvlərindən” Məmməd Arif gənc şairin “bəzilərinə qəribə görünə bilən” yeni yazı ədasını, hadisələrə təravətli baxışını “əsl poetik yaradıcılıq əlaməti” adlandırır: “Vaqif Vəkilov öz hiss və düşüncələrini oxucuya təbliğ etmir, o, oxucuda məhz bədii təsir oyadır və oxucunun həssaslığına inanır. Şablon vəznsiz, şablon qafiyəsiz, şablon təşbehsiz yazır, amma şeir yazır, yaxşı yazır”. Sonra da ağsaqqal tənqidçi qeyd edir ki, “Vaqif Vəkilovu yalnız “yeni səpki”də yazdığı üçün yox, məhz yaxşı, mənalı, ağıllı yazdığı üçün” tərifləyir.

M.Arifin həqiqi novatorluğu modabazlıqdan fərqləndirməyin zəruriliyi barədə mülahizələri Qara Qarayevin fikirləri ilə necə də səsləşir!

M.Arif qibtəolunacaq dərəcədə təmkinli idi. Amma zahirən müvazinətini pozmayan, hissə qapılmayan bu müdrik insanın qəlbində həmişə emosiyalar tüğyan edirdi, nədən yazırdısa-yazsın, hər məsələyə ürək yanğısı ilə yanaşırdı. Gülrux Əlibəyli M.Arifi “özünün ən amansız və ən xoşniyyət tənqidçisi” adlandırmışdı. Çox sərrast sözlərdir. Bir tərəfdən qətiyyət, ciddilik, obyektivlik, o biri tərəfdən xeyirxahlıq, hər bir kəsə köməyə gəlmək istəyi - bir-biri ilə ilk nəzərdə uyuşmayan xüsusiyyətləri Arif müəllim öz xarakterində nadir bacarıqla bir araya gətirirdi ki, bu da onun şəxsiyyətini qeyri-adi dərəcədə cazibədar edirdi.

Ancaq bəzən sinirlənirdi - o vaxt ki, açıq-aşkar haqsızlıqla, səriştəsizliklə, milli, mədəniyyətə laqeyd münasibətlə rastlaşırdı.

40-cı illərdə M.C.Bağırovun Azərbaycan ədəbiyyatına dair iradlarından təngə gələn M.Arif onun Azərbaycan dilində məruzə etmək istədiyini eşidib,  ehtiyatsızlıq edib: “Kişi (el içində Bağırovu belə adlandırırdılar) heç azərbaycanca düz-əməlli danışa bilir ki, hələ bir bu dildə məruzə etsin?” - deyə bir qədər istehza ilə gileylənmişdi. Həmin söhbət əlüstü rəhbərə çatdırılmışdı. Növbəti müşavirədə Bağırov: “Hə, Məmməd Arif, nə deyirsən, deməli, mən azərbaycanca danışa bilmirəm?” - deyə tənə ilə söyləmişdi.

Onun mahiyyətini açıqlayan daha bir fakt. 1970-ci ildə M.Arif Mehdi Məmmədovun “Xəyyam” tamaşasına dair məqalə yazır. Maraqlıdır ki, o, əvvəl-əvvəl Hüseyn Cavidin pyesinin səhnələşdirilməsi haqqında planlarını onunla bölüşən M.Məmmədova “ürək-dirək vermədiyini”, bu əsərin səhnə tələblərinə uyğun gəlib-gəlməməsinə dair şübhələrinin olduğunu söyləyir. Lakin tamaşaya baxandan sonra tənqidçi: “Xəyyam”ın quruluşu məni məğlub etdi, qarşımda təsəvvürümə gəlməyən bir aləm canlandırdı”, - deyə böyüklərə xas səmimiyyətlə yanıldığını etiraf edir. Budur alim ucalığı və vicdanı!

M.Arifə mövzu məhdudiyyəti yabançı idi. Onun məqalələrinin bir qütbünü “Kitabi-Dədə Qorqud”, Azərbaycan xalq teatrı, klassik poeziya, digərini ən yeni ədəbiyyat, Qorkinin nəsri, Şiller, Şekspir  tamaşalarına resenziyalar təşkil edirdi. M.Arif tərcümə işinə xüsusi diqqət yetirmiş, dünya ədəbiyyatının əzəmətli əsərlərini Azərbaycan oxucusuna tanıtdırmağa çalışmışdı. Zavallı cəngavər Don Kixotun sərgüzəştləri haqqında Servantesin romanı ilə gənc azərbaycanlılar ilk dəfə məhz onun tərcüməsində tanış olmuşlar.          

M.Arif Azərbaycan ədəbiyyatı barədə yazdıqda araşdırmanı geniş kontekstdə aparır, klassiklərin əsərlərindən paralellərə üz tuturdu. Alimin Dostoyevski, Tolstoy,  T.Şevçenko, “şəxsi iztirablar, ürək sıxıntılarına” baxmayaraq, ümidsizliyə qapılmayan İ.Franko, “kədərli ruhu günəş işığına can atan” N.Barataşvili haqqında yazılarında analizin dərinliyi, lirik intonasiya adamı məftun edir.  M.Arifin “Anna Karenina” haqqında mühazirəsini dinləyən G.Əlibəyli onu heyranlıqla “Avropa ruhlu tədqiqatçı və geniş  ürəkli insan” adlandırmışdı.

Yaşadığı ölkənin siyasi quruluşu neçə-neçə millət təəssübü çəkən ziyalılar kimi onu da sərt imtahana çəkmişdi. 1950-ci ildə Heydər Hüseynova qarşı törədilən təqib  kampaniyasını nəzərdə tuturam.  İyulun 14-də “Bakı ziyalılarının yığıncağı” kimi “günahsız” bir başlıq altında keçirilən, əslində filosofun ifşası məqsədini güdən “məhkəmə prosesi”ndə Azərbaycan SSR KP MK-nın I katibi M.C.Bağırovun “Mətləbə keç!” çağırışlarına rəğmən, M.Arifin rəhbəri olduğu Ədəbiyyat və Dil İnstitutunun işindən uzun-uzadı danışaraq həmkarını tənqid etməkdən yayınması və nəhayət, səbri tükənən Bağırov tərəfindən “Sən Heydər Hüseynovdan da betərsən, sən türk casususan!” - deyə ittihamlandırılması alimə çox baha başa gəldi: bütün vəzifələrindən kənarlaşdırıldı, partiya, Yazıçılar İttifaqı sıralarından xaric edildi. M.Arifin belə bir vəziyyətə salınması şüurlara psixoloji təzyiqin gücləndirilməsi, ilk öncə H.Hüseynova vurulan daha bir zərbə idi. Alimin qızı Leyla xanımın xatırladığı kimi, o dəhşətli günlərdə atası burjua millətçilərinin “əsas zəhər verəni” (Bağırovun ifadəsidir) - M.Arifə zəng çalar, dostunun səsini eşidib: “Şükür Allaha, Arifi aparmayıblar”, - deyə bir az rahatlanaraq dərhal dəstəyi asarmış.

O günlərin atmosferini təsəvvür etmək üçün “Ədəbiyyat qəzeti”nin 1950-ci il iyul-avqust buraxılışlarını vərəqləmək kifayətdir. Qəzetin 21-ci sayında dərc olunmuş “Böyük vəzifələr qarşısında” baş məqaləsindən “bolşevizm əxlaqına zidd adətləri və ikiüzlülüyü yayan, ...saysız-hesabsız siyasi səhvlər buraxmış” M.Arifə aid aşağıdakı parçanı sitat gətirmək istərdim: “Məmməd Arifin uzun illər başçılıq etdiyi Ədəbiyyat İnstitutunun fəaliyyətində də sovet ədəbiyyatı problemlərindən uzaqlaşmaq, ədəbi irsə qeyri-tənqidi münasibət, keçmişi idealizə və burjua millətçiliyi təzahürləri kimi zərərli meyillərə yol verilmişdir. Məmməd Arif isə dönə-dönə olan tənqiddən heç bir nəticə çıxarmamışdır”. Kobud səhv, nöqsan kimi qələmə verilən bütün bu hallar indi  M.Arifi müsbət tərəfdən səciyyələndirir.

Dünənəcən əziz dost, həmkar, etibarlı tələbə bildiyin adamların dönərək üzünə olmazın tənqid söyləməsi polad iradəli insanı belə sarsıtmağa qadirdir. Nizami Muzeyində təşkil olunan ifşa yığıncağında bəziləri elə canfəşanlıq göstərirmiş ki, M.Arif dözməyib auditoriyanın vicdanına acizanə ünvanlanaraq: “Tənqid edirsiniz edin, amma bu dərəcədə də yox” deyibmiş.

Qəzetləri  oxuyarkən ona da fikir verirsən ki, bəzi tənqidçilər - onlar isə məşhur simalardır - formal xarakterli ifadələrlə kifayətləndiyi halda (məsələn, yazıçı Əbülhəsən “ifşa”sında ad çəkmir), digərləri sanki bəlağətdə bir-biri ilə yarışırlar. Müdrik Arif müəllim dövrün siyasi reallıqlarını nəzərə alaraq öz “tənqidçi”lərinin böyük əksəriyyətinə qarşı sonralar kin saxlamamışdı. Amma istisnalar da var idi. Həmin muzeydəki iclasda tələbəsi olmuş gənc xanımın iftiralar dolu çıxışı, görünür, Müəllim Arifə iztirablar yaşatmışdır: illər ötsə də, həmin xanımı görərkən sifəti ona xas olmayan sərt ifadə alırdı. Özüm müşahidə etmişəm və doğrusu,  həmişə nəzakətli babamın birdən-birə ovqatının kəskin dəyişməsinə təəccüblənmişəm...

Həmin yığıncaqdan iki gün sonra M.Arif, oğlu Arazla Kislovodskda dincələn Zümrüd xanıma məktub yazıb, ondan heç bir şayiəyə inanmamağı xahiş edir: “Əgər məni istəyirsənsə, öz istirahətini pozma, həmişəki kimi ol, ora dərd çəkmək yeri deyil”, - sətirlərində nə qədər sevgi var. Maraqlıdır ki, həmin “namüəyyən” vəziyyətdə M.Arif həyat yoldaşına tövsiyələr də verir, İsmayıla, Soltan xanıma, Timuçinə (aktyor, rejissor İ.Hidayətzadənin ailə üzvləridir) salam da ötürür. “Pul göndərsəm, əmanət kassasına qoyarsan” göstərişi isə onun düşüncələrinin heç də ürəkaçan olmadığına dəlalət edir. Amma təkidlərə baxmayaraq, Bakıya dönən Zümrüd xanım Arif müəllimə əsl arxa olur.           

Zümrüd xanım Axundova (1912-1961) M.Arifin ilk və yeganə sevgisi idi. Bu qonur gözləri yaşıla çalan, xurmayı saçları ağ bənizini haşiyələndirən füsunkar, “ağıllı, diribaş, dilli-dilavər” (Süleyman Rəhimov) xanım - pedaqoji texnikumun tələbəsi artıq 20-ci illərdən tanınan gənc M.Arifin könlünü fəth etmişdi. O dərəcədə ki, təmkinli, emosiyalarını cilovlamağı bacaran M.Arif  Zümrüd xanıma şeir formasında məktublar yazar, poçtalyon rolunda çıxış edən kiçik qardaşı Ağarəhim vasitəsilə bu məktubları gözaltısına ötürərmiş.

Gözəl, eyni amala xidmət edən adamların bir-birini tapması müskül məsələdir. Odur iki gənc alimin ailə qurması yazıçı Qılman İlkinin xatırladığı kimi, hamını sevindirmişdi. Arif müəllim -  Zümrüd xanım Bakının ən yaraşıqlı, ahəngdar cütlüklərindən idi.

Z.Axundova on beş yaşından dərs deməyə başlayaraq, eyni zamanda pedaqoji texnikum, sonra Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxumuş, təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunun aspiranturasında professor Y.Medınskinin (pedaqogika tarixinə dair ilk dərsliyin müəllifi idi) rəhbərliyi altında tamamlamışdı. Z.Axundova neçə-neçə qızı təhsilə cəlb etmişdi! 1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən: 1900-1914-cü illər” mövzusunda dissertasiya müdafiə edən Zümrüd xanım pedaqoji elmlər namizədi adını almış ilk azərbaycanlı qadın alim olmuşdu. Bu hadisəni “Azərbaycan müəllimi” qəzeti (1949, 30 iyun) “yalnız elm sahəsində müvəffəqiyyətlə çalışan Azərbaycan qadınlarının deyil, bütün Azərbaycan sovet mədəniyyətinin yeni nailiyyəti” kimi dəyərləndirmişdi.

Zümrüd xanım 1961-ci ilin dekabrında cəmi 49 yaşında vəfat etdi, mən isə altı ay sonra dünyaya gəldim. Sağlığında görə bilmədiyim nənəm gəlini Aidaya “siz, cavanlar, qədim adları bəyənmirsiniz... amma xahişimi yerinə yetir, qızın olsa, adını Zümrüd qoy”, - deyə ölüm ayağında vəsiyyət etmişdi. Odur ki,  iyunun 2-də - doğum günümdə babam təqvimin vərəqində “Zümrüd anadan oldu” yazdı və sonra uzun müddət doğmalar Arif müəllimi həyəcanlandırmamaq üçün məni adımla yox, “bacı” çağırdılar...

Qardaşımın adını isə babam qoymuş, özü də ata-anamın etirazına baxmayaraq, məhz bu adda təkid etmişdi. Hamı da çox təəccüblənirdi ki, nüfuzlu cabbarlışünas-alim niyə ilk nəvəsini Elxan yox, Aqşin adlandırıb. Hərçənd yəqin dərinə varsaq, bu qərarın arxasında duran məntiqi anlamaq olar. Oğlunun ad seçimi də düşünülüb-daşınılmışdı: atamız Azərbaycanın ilk  Arazlarından idi. Bu adı da, bildiyim qədər, Ə.Məmmədxanlı təklif etmişdi...

Buradaca  Məmməd Arif - Araz Dadaşzadə münasibətlərinə toxunmaq istərdim. Biz atamızla nəzakətlə, amma sərbəst, dostyana ünsiyyətdə olduğumuz halda, onun öz atası ilə davranma tərzində ilk nəzərdə rəsmiyyət sezilirdi. Nadir hallarda “ata” xitabından istifadə edən Araz Dadaşzadə başqa adamlarla söhbətdə atasını “Arif müəllim” adlandırırdı.

Ata-oğul  bir-birindən fərqlənsə də, onların insan mahiyyəti eyni idi: hər ikisi yüksək mənəviyyat sahibi olub, dürüst yaşamağa, haqqı müdafiə etməyə çalışırdı.

Araz Dadaşzadənin atasına münasibətinin kökündə dərin ehtiram hissi dururdu. Stalin rejimi dövründə Arif müəllim karyerasını, ailəsinin rifahını, öz həyatını zərbə altına qoyaraq ləyaqətini qoruya bilmişdi. Elmə, dosta xəyanətin mümkünsüzlüyü - məhz bu əqidə Məmməd Arifin bütün qərarlarına hakim kəsilmişdi. Atam da bunu yüksək dəyərləndirirdi.

Bizə tez-tez sual verirlər: babanızı necə xatırlayırsınız? Daim işləyən, qalaq-qalaq kitab-jurnalı mütaliə edən. Ailəmizdə didaktika, öyüd-nəsihətə yer yox idi. Babamızın otağından gecə süzülən işıq, makinasının taqqıltısı və həmin kitablar - evimizin ədəbiyyata sevgi dolu atmosferi bizim “tərbiyəçi”miz idi.

Bir Müəllimdən soruşublar ki, əsl ruh adamını necə tanımaq olar. Müəllim cavab verib ki, belə adamı nə nitqinə, nə görkəminə görə, ətrafında yaratdığı atmosferə görə müəyyənləşdirmək mümkündür. Çünki heç nə onun ruhuna xas olmayan atmosferi yaratmaq iqtidarında deyil. Babamız tək bir gəlişi ilə istənilən məkanda o həmin ülviyyət dolu ab-havanı bərqərar edirdi.

Arif baba təlim-tərbiyəmizdə təshihlər etməkdən vaz keçmirdi. Məsələn, qardaşım Aqşinlə mənim oxuduğum Bülbül adına musiqi məktəbinin tədris proqramlarında Avropa bəstəkarlarının əsərlərinə daha çox yer ayrılırdı. Babamız narahat olurdu: bəs milli musiqimiz necə? Günlərin bir günü baba əlimizdən tutub bizi opera teatrına apardı. Yadımdadır, bu, Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası idi. Əlbəttə, biz o zaman muğam operasının məziyyətlərini dərk etmək iqtidarında deyildik. Amma tamaşanın rəngləri, ayrı-ayrı səsləri yaddaşıma həmişəlik həkk olundu. Bahəm seyr etdiyimiz Vittorio de Sikanın  “Günəbaxanlar” filmi də yadımdadır. Bu dramatik kinolent, onun ürəkləri riqqətə gətirən musiqisi məni təsirləndirmişdi. Amma ata-anam bizim kinoteatra səfərimizdən narazı qalmışdı: hesab edirdilər ki, balaca bir qızın  məhəbbət haqqında belə “ciddi” filmlərə baxması üçün vaxt hələ yetişməyib...

Oxu çevrəmizi də diqqətsiz qoymurdu. Əlbəttə, biz maraqlı fabulası ilə seçilən, sərgüzəşt xarakterli ədəbiyyata üstünlük verirdik. O isə bizi əbədi mətləblərdən bəhs edən dərin ədəbiyyatla ünsiyyətdə olmağa səsləyirdi. Mənə məsləhət görürdü ki, dəftərçə tutub, oxuduğum kitablardan aforizmləri orada qeyd edim. “Bal arısı hər bahar çiçəyindən bir şirə toplayan kimi” o da özünün “Vətən eşqi” yazısında obrazlı şəkildə söylədiyi kimi, “sənət dühalarının əsərlərindən ruhuna yatan fikirləri toplamış, qiymətli inci danələri kimi sapa düzmüşdü”.

Uzun müddət düşünürdüm ki, babamızı işdən başqa heç nə maraqlandırmır. Amma onun həssaslığını 1972-ci ilin yayında duydum. O zaman biz ilk dəfə bir-birimizdən ayrı dincəlməli olduq. Babamızın səhhətində problem olduğu üçün o, daha sərin yerdə - Latviyada istirahət etdi. Biz isə o, qayıdandan sonra Krımdakı “Koktebel” pansionatına yollandıq. Bu təmkinli, azdanışan insan hər gün bizə - hər birimizə məktublar yazırdı, çox darıxdığından şikayətlənirdi. Nəhayət, istirahətini yarımçıq qoyub Bakıya döndü. Babamın Latviyadan Bakıya, Bakıdan Krıma yazdığı məktubları qoruyub saxlamışam. Bir məktubunda o, mənə şeir də ünvanlamışdı:

“Zümrüd bacı! Ey başlar tacı! Səni güllər gözləyir, Şirin dillər gözləyir.

Quşlar deyir: gəl bacı! Gəl, deyir, nar ağacı.

Üzümlər də gəl deyir, Gəl bir az dincəl deyir.

El-oba səni gözləyir,

Baba səni gözləyir.

Zümrüd, gör sənin üçün necə şeir yazmışam. Görəsən, sən mənə oradan, Krım xanlarının qılınc oynatdığı çöllərdən nə kimi xəbərlər gətirəcəksən!

Papaya, mamaya salam söylə. Aqşinə də bir yaxşı şirin söz de! “Neftçi”nin axırıncı yerə keçməsi münasibətilə onu təbrik et. Baban Arif, Bakı, 27/VII-72”.

Ailəmizin qoruyucu mələyi anamız Aida xanım M.Arif üçün təkcə bir gəlin deyil, doğma övladı qədər istədiyi insan idi. İxtisasca bioloq olan Aida xanım 1970-ci ildə “Məhəmməd Füzulinin təbii-elmi görüşləri” mövzusunda dissertasiya müdafiə edib elmlər namizədi dərəcəsini almışdı. Mövzu seçiminə evdəki filoloqların təsiri şübhəsizdir.

1972-ci ilin son dəqiqələri idi. Ailəmiz bayram süfrəsi arxasında əyləmişdi:  təbriklər, xoş diləklər söylənilirdi. Sentimentallıqdan uzaq babamız da söz götürdü və bu dəfə ümumi təbriklərdən kənarlaşaraq birbaşa mətləbə keçdi: “Açığını deyim, mən Aidaya məəttəl qalmışam. Bu insan qətiyyən özü barədə düşünmür, bütün fikri-zikri bizdədir. Onun ürəyinin genişliyinə, təmənnasız sevgisinə təəccüblənirəm...” Doğrusu, birinci dəfə babamızı belə həyəcanlı, duyğulu gördüm və onun minnətdar olmaq, mehriban münasibətləri dəyərləndirmək kimi keyfiyyətlərini özüm üçün kəşf etdim.

Bəli, M.Arif minnətdar olmağı bacarırdı. 70 illik yubileyində məktəb müəllimi Əlməmməd Mustafayevi təntənəli iclasa dəvət etmiş, ona xüsusi diqqət yetirməyi tapşırmışdı. O, M.Rəfili ilə ünsiyyətini sevgi ilə xatırlayır,  ədəbiyyata daha cəsarətlə gəlməsində bu insanın rolunu vurğulayır: “Rəfili məndəki utancaqlıq pərdəsini qoparır, məni həvəsləndirir, indiki təbirlə desək, irəli çəkirdi”.

İllər ötür və mən M.Arif şəxsiyyətinin böyüklüyünü, onun gördüyü işlərin miqyasını daha aydın anlayır, daha çox heyrətlənirəm. Əlbəttə, indi elmdə yeni metodologiya, yeni yanaşma tətbiq olunur,  yəqin ki, alimin, onun həmkarlarının yazılarının heç də hamısı bu gün zamanında olduğu kimi qavranılmır. Amma axı Şəxsiyyət olmaq bir başqa!  Qürur duyuram ki, belə bir insanın ailəsində - pak amallar,  təmənnasız zəhmət, saxtakarlıqdan  uzaq bir atmosferdə boya-başa çatmışam, onun asta səsi ilə söylədikləri hikmətli fikirləri eşitmişəm. Gör necə də xoşbəxt olmuşam! Arxiv materiallarını, məsələn, M.Arifin “Dədə Qorqud” dastanının qorunmasında rolunu açıqlayan tədqiqatı, repressiyaya məruz qalmış ədiblər barədə yazdığı bəraət məktublarını oxuduqca qürurum artıb, söz, sənət bilicisi Əlikamal Həsənzadənin aşağıdakı fikri yadıma düşüb: “Ədib yalnız o zaman Yazıçı olur ki, onun yaradıcılığını konkret bir Əməl bəzəyir. Heç bir kitab yazıçı şəxsiyyəti barədə onun gerçəkləşdirdiyi əməl qədər məlumat vermək iqtidarında deyil. Və yalnız o zaman ədibin yazdıqları tamam başqa rəngə boyanaraq oxucuya daha güclü təsir göstərir”.

Zənnimcə, Məmməd Arifin yazdıqlarını təravətli rənglərə boyayan həm də onun xeyirxah, nəcib əməlləridir.

Azərbaycan ədəbiyyatşünaslıq elminin gəmisini sualtı qayalardan, zamanın fırtınalarından virtuozcasına, məharət və müdrikliklə keçirə bilmiş, özündən sonra neçə-neçə dəyərli tədqiqat işi qoymuş, onlarla tələbə yetişdirmiş bu insanın - vətənpərvər alimin, müəllimin, əsl Azərbaycan ziyalısının səsi - gur, xaric intonasiyadan kənar, büllur tək saf -  həmişə ucalıqlardan gələcək.  

 





10.06.2024    çap et  çap et