|
|
|
|
Samuxda Aqrar Biznes Festivalı keçirilib.
525.az xəbər verir ki, yerli kənd təsərrüfatının inkişaf perspektivləri yönündəki tədbir çərçivəsində “Ərik festivalı” da təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, Samux rayon İcra Hakimiyyəti və Gəncə Regional Turizm İdarəsinin birgə həyata keçirdikləri festivalın sərgi bölməsində COP29 tədbirinin təşviqatı məqsədilə təbiətqoruyucu texnologiyalar, kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, həmçinin resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, toxumçuluq materialları nümayiş olunub. Tədbirdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən fermerlərə göstərilə bilən xidmət və məhsullar barədə geniş məlumat verilib.
Həmçinin, festivalda gənclərin “GreenAgroHack” hakaton (proqramçıların birləşərək müxtəlif problemləri həll etmələri) yarışmasının qaliblərinin iştirakı ilə startap zona təşkil olunub. Startap zonada qalib iştirakçılar öz təqdimatlar nümayiş etdiriblər. Hakaton iştirakçıları üçün Şəmkir Aqroparkına tur təşkil edilib. İnfotur zamanı kompleksin intensiv bağçılıq təsərrüfatlarına, meyvə, tərəvəz zavodları və istehsal fabrikinə baxış keçirilib.
“Ərik Festivalı” çərçivəsində fermerlərin yetişdirdiklər bu bitki məhsullarının (meyvəsi, onun qurusu, şirəsi və digər çeşidləri) sərgilənib. Bununla yanaşı, festivalda bu meyvə ilə bağlı milli mətbəx nümunələri, məktəblilərin ərik mövzulu rəsmləri və digər əl işləri də nümayiş olunub.
İlk dəfə olaraq keçirilən “Ərik festivalı”yerli aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına töhfə vermək məqsədi daşıyıb.
Qeyd edək ki, ölkəmizdə Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən bölgə Samux rayonudur. Hazırda rayonun fermer və fərdi təsərrüfatlarında ümumən 500 hektardan çox sahədə 16 sort ərik becərilir. Azərbaycanın digər bölgələrinə nisbətən Samux rayon ərazisində ərik məhsulları daha tez yetişir.
Zakir Muradov, Samux-Gəncə