525.Az

Rəfiq Zəka Xəndan yad edilib


 

Rəfiq Zəka Xəndan yad edilib<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycanın görkəmli şairi, yazıçı-ssenarist, onlarla məşhur mahnının söz müəllifi Rəfiq Zəka Xəndana həsr olunmuş tədbir keçirilib. Tədbirdə tanınmış qələm adamları və Rəfiq Zəkanın ailə üzvləri iştirak ediblər.

Xalq şairi Sabir Rüstəmxanlı tədbiri açıq elan edərək Rəfiq Zəka ilə tanışlığının tarixçəsini yada salıb. Ötən illərin xatirələrini dilə gətirən S.Rüstəmxanlı milli taleyimizlə bağlı görüşləri, müzakirələri, Rəfiq Zəkanın milli mücadilədəki yeri və rolunu xüsusi vurğulayıb. O, Rəfiq Zəkanın Azərbaycan dilinin zənginliklərindən məharətlə istifadə etməsindən və leksikonunda türk sözlərinə üstünlük verməsindən söhbət açıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar Rəfiq Zəka ilə 80 il əvvəlki tanışlığından, onunla musiqi məktəbində oxuduğu illərdən, Vaqif Səmədoğlu ilə Rəfiq Zəkanın dostluğundan bəhs edib. Rəfiq Zəkanın güclü yumor hissi olduğunu vurğulayan Xalq yazıçısı maraqlı əhvalatları yada salıb, onun fenomenal yaddaşa və geniş biliyə sahib olduğunu bildirib.

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Rəfiq Zəkanın 85 illik yubileyi ərəfəsində bu tədbirin keçirilməsini etibar nümunəsi kimi qiymətləndirib. O, Rəfiq Zəkanın Türkiyə ədəbiyyatına olan sevgisi və yaxşı bələdliyini diqqətə çatdırıb. Azərbaycanda sevilən mahnıların bir çoxunun söz müəllifinin Rəfiq Zəka olduğunu qeyd edən R.Məcid "Ötən günlərimi qaytaraydılar" nəğməsinin necə rəğbətlə qarşılandığını və dillər əzbəri olduğunu bildirib.

Xalq şairi Vahid Əziz Rəfiq Zəka ilə dostluq əlaqələri, onun insani xüsusiyyətləri, xeyirxahlığı, insanpərvərliyi barədə danışıb.

Yazıçı Seyran Səxavət Rəfiq Zəka ilə bağlı xatirələrini dilə gətirib, onun Vaqif Səmədoğlu və Vaqif Nəsiblə birgə maraqlı səfərini, duzlu-məzəli söhbətlərini yada salıb.

"İki sahil" qəzetinin baş redaktoru, professor Vüqar Rəhimzadə tədbirdə səsləndirilən xatirələrin Rəfiq Zəkanın aydın portert cizgilərindən, onun böyük fikir adamı olmaqla yanaşı, yüksək şəxsi keyfiyyətlərindən xəbər verdiyini bildirib.

Şair Musa Ələkbərli çıxışında Rəfiq Zəkanın yaradıcılığı, dostluğu və bunların timsalında tarixi cəhətdən həlledici məqamlarda funksionallığı barədə fikirlərini bölüşüb.

"Rəfiq Zəka yaradıcılığında türkçülük və Türkiyə" monoqrafiyasının müəllifi olan filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva görkəmli şairin müraciət etdiyi mövzular, əsərlərinin əsas qayəsi və ideyası barədə çıxış edib. Bakı Slavyan Universitetinin dosenti Kəmalə Umudova da Rəfiq Zəkadan misralar səsləndirərək filoloji görüşlərini nəzərə çatdırıb.

Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru Flora Naci Rəfiq Zəkanın Azərbaycan dilinin təbliğində əvəzsiz rolu olduğunu qeyd edib.

Tədbirin sonunda şairin həyat yoldaşı Nailə xanım və qızı - Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxış edərək qonaqlara, tədbirin təşkilində əziyyəti olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

NADİR

 





11.06.2024    çap et  çap et