"Avropa Parlamentinə keçirilən seçkilərdə Fransanın əldə etdiyi nəticələr Makronun siyasətinin tam iflasa uğradığını göstərdi. Hətta ermənilərin köməyi ona məğlubiyyətdən qaçmağa imkan vermədi".
Bunu 525.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, məğlubiyyətə səbəb Makron hakimiyyətinin həm ümumi strateji siyasətdə, həm də iqtisadiyyatda yol verdiyi ciddi səhvlərdir.
"Makron ermənilərin tələsinə düşdü. Onun ermənipərəst siyasəti əslində Fransada əhali tərəfindən mənfi qarşılandı"', - deputat əlavə edib.
Fransa prezidentinin parlamenti buraxıb yeni seçki təyin etməsinə toxunan A.Mollazadə deyib ki, Makron tam məğlubiyyətə uğradı. Onun siyasəti uğursuzluğa düçar oldu. Makron çalışırdı ki, Marin Le Pendən (ifrat sağçı -red.) daha çox özünü faşist kimi göstərsin, ermənilərdən dəstək gözləyirdi, amma görürük ki, tam məğlubiyyətə uğradı və ermənilərin maliyyə dəstəyi də ona kömək olmadı.
Deputat düşünür ki, yeni tərkibdə parlament Avropa İttifaqının siyasətində köklü dəyişikliklərə çalışacaqdır: "Avropa Parlamenti seçkiləri sağ qüvvələrin qələbəsi ilə nəticələndi. Bunun əsas səbəbi miqrasiya siyasəti ilə razı olmayan əhalinin öz etirazını bildirməsidir”.
Seçkinin nəticələrinin müsəlmanlar üçün hansı təhlükələr yarada, islamafobiya meyillərinin arta bilməsinə gəlincə, deputat deyib ki, Avropa İttifaqında ciddi dəyişikliklərə ehtiyac var və indiyə qədər aparılan siyasətə, səhvlərə son qoymalıdır: "Daha çox insanların istəklərini qəbul etməli, cinayətkarlıqla, korrupsiya ilə bağlı vəziyyəti dəyişməlidir. Çox təəssüf ki, Avropa siyasətində korrupsiya böyük yer tutur”.
A.Moillazadə Almaniyada da hakim partiyanın - solçuların zəifləməsinə diqqət çəkib: “Onların siyasətinə əhali etirazını bildirdi. Mənə elə gəlir ki, Almaniya kansleri Olaf Şoltsun bilavasitə korrupsiya ilə bağlı olduğunu əhali bilir və öz etirazını ifadə etdi. Frank Şvabe kimi siyasətçilər Almaniyanın hakim partiyasını demək olar ki, rəzil edib.
Şvabe tək Azərbaycanla bağlı qərəzli mövqe sərgiləmir, bilavasitə ona maliyyə dəstəyi verən ölkələrin əmrlərini yerinə yetirir.
Yeni parlamentdə dəyişikliklər olmalıdır və bu dəyişikliklərin əsas mahiyyəti ilk növbədə açıq miqrasiya siyasətinə son qoyulması olacaq".
Pərvanə Sultanova