525.Az

Hürriyyət aşiqi mücahidin həmişəyaşar irsi


 

"MİRZƏ BALA MƏHƏMMƏDZADƏ. SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA QEYDLƏR

Hürriyyət aşiqi mücahidin həmişəyaşar irsi<b style="color:red"></b>

Sovet rejimi və kommunist ideologiyasına qarşı ideoloji mücadilənin bayraqdarlarından biri, istiqlal hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşı Mirzə Bala Məhəmmədzadənin (1898, Bakı- 1959, İstanbul) zəngin, çoxşaxəli ədəbi, publisistik və elmi-nəzəri irsi ideya gücü və istiqaməti, mövzusu, dili, üslubu, sənətkarlıq xüsusiyyətləri ilə həmişəyaşarlılıq haqqı qazanmış milli sərvətimizdir. İstiqlal uğrunda mücadilə yolu vətarixini M.B.Məhəmmədzadənin əsərləri olmadan tam mənzərəsi ilə izləmək və dəyərləndirmək mümkünsüzdür.

M.B.Məhəmmədzadə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra bir müddət - 1920-24-cü illərdə Bakıda bolşevik rejiminə qarşı gizli fəaliyyət göstərmiş, sonra İrana, 1927-ci ildə Türkiyəyə keçməyə müvəffəq olmuş və İstanbulda məskunlaşmışdı. Milli ideallar uğrunda mübarizəsinə mühacirətdən əvvəlki kimi, qürbətdə də ara verməyən Mirzə Bala Məhəmmədzadənin yaradıcılığı məramı, missiyası, məhsuldarlığı, mübarizliyi, mahirliyi baxımından seçilir. Təsadüfi deyil ki, Azərbaycan Milli Elmlər Akademiyasının bu günlərdə işıq üzü görən "Mirzə Bala Məhəmmədzadə. Seçilmiş əsərləri" kitabı (Bakı,"Elm və təhsil", 2023, 612 səh.) məzmunu, mündəricəsi, sanbalı ilə yanaşı, həcmi ilə də diqqəti çəkir. Yeri gəlmişkən qeyd edək ki, bu kitab akademik İsa Həbibbəylinin baş redaktor olduğu "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası.

Seçilmiş əsərləri" seriyasının VII cildidir. Bundan əvvəl isə həmin seriyadan 6 kitab (I cild Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr. Bakı: Elm, 2016, 356 s; II. Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. Bakı: Elm, 2017, 368 s; III cild. Səlim Rəfiq Rəfioğlu.

Füzuli. Bakı: Elm və təhsil, 2019, 440 s; IV cild. Teymur Atəşli. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil, 2020, 336 s; V cild. Alazan Baycan. Əsərləri. Bakı: Elm və təhsil, 2021, 204 s; VI cild. Süleyman Təkinər. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil, 2022, 280 s) nəşr edilmişdi.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 8 fevral 2023-cü il tarixli (protokol №1) qərarı ilə çap olunan kitabın ilk mənbələr əsasında tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru, Nikpur Cabbarlı, cildin məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğlu, redaktorları Aysel Əfəndiyeva, Hülya Cəbiyevadır. 

Mirzə Bala Məhəmmədzadə, demək olar ki, qələmini ədəbi yaradıcılığın bütün növ və janrlarında sınayıb. Kitabda seçilmiş əsərlər müvafiq qaydada təsnif edilərək aşağıdakı başlıqlarla təqdim olunur: "Şeirlər", "Hekayələr", "Xatirələr", "Publisistika", "Klassik Azərbaycan ədəbiyyatı", "Ədəbi proses", "Ədəbiyyat və siyasət", "Milli hars", "Azərbaycan mühacirəti", "İncəsənət", "Türk dünyası", "Fars ədəbiyyatı", "Ensiklopedik oçerklər".

Toxunulan problemlərin genişliyi və rəngarəngliyi ilə diqqəti çəkən M.B.Məhəmmədzadə irsinin ana xəttini istiqlal mövzusu təşkil edir. Onun yaradıcılığında poeziya nümunələri say etibarı ilə az olsa da, "Qardaşım Baykaraya" adlı şeirindəki kimi güclü milli ruhu, hürriyyət təşnəsi və ictimai məzmunu ilə yadda qalır:

"Fikrim zindan gibi bir qəfəsdədir,
Hürriyyət eşqiylə sızlaram hər gün".

Bütövlükdə Azərbaycan ədəbiyyatının, nəsrinin ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan "Vətən qaldı" hekayəsi M.B.Məhəmmədzadənin bədii yaradıcılığının zirvəsidir. Əsər 1926-cı ildə "Yeni Qafqasya" məcmuəsində (İstanbul), 1952-ci ildə "Azərbaycan" dərgisində (Ankara) dərc olunmuşdu. Xalq Cümhuriyyətinin devrilməsindən sonra özü ilə ölkəmizə fəlakət gətirən sovet rejiminin qəddarlığını, bolşevizmin milli və tarixi şəxsiyyətlərimizə qarşı amansızlığını ifşa edən, mühacir həyatına məhkum olan soydaşlarımızın acı, ağır həyatını göz önündə canlandıran, eyni zamanda bir gün işğalın sona çatacağına, istiqlalın zəfər çalacağına dərin inam, böyük ümid yaradan bu hekayə zəngin, unudulmaz təəssürat yaradır. "Mühacirətin ilk ayları idi. Mənfur istilanın müdhiş dalğası ilə Rəstə atılmısdım" - cümlələri ilə başlayan hekayədə müəllif dostu ilə "istila hökuməti tərəfindən zorla İrana sövq edilən və bu-rada aclıqdan, xəstəlikdən və bilxassə sıtmadan ölən milli Azərbaycan nəfərlərinin bir torpaq yığınından ibarət mə-zarlarını" ziyarət etdiklərini, sonra "siqara və afyon tüstüsündən qararmış, qoxmuş bir qəhvəxananın qa-ranlıq bir köşəsində kirli bir yorğana bürünmüş", "ağlar, titrək, tutqun və qırıq bir səs-lə türkcə (azəri türkcəsiylə) bir şərqi" söyləyən mühacir soydaşımızla rastlaşdığını təsirli cümlələrlə təsvir edir. Onların arasındakı dialoqu həyəcansız, sakit və soyuqqanlı oxumaq mümkün deyil:

"- Şimdi söylə bakalım, və-təndə nə var? Kimlər sağdır, kimlər ölmüş?

- Ölən ölmüş, qalan qal-mısdır, ? dedim.

- General Səlimov sağmıdır?

- Öldürdülər...

- Ah... Qatillər!.. Pəki, general İbrahim ağa?

- Onu da.. 

- Qaydabaşı?

- Onu da öldürdülər...

- General Haşim bəy nerədə?

- Onu da qətl etdilər.

- General Tlexas?

- Onu da..

- Süleyman paşa?

- Onu da... Onu da...

Bir az susdu. Dərin-dərin nə-fəs alıyordu. Sonra yenə müra-ciət etdi:

- Nəsib bəy nerədə?

- Bəlli deyil...

- Həsən bəy, Fətəli xan?...

- Öldürmüslər.

O qızdı:

- Həp öldürmüslər.. Nə var öldürmüslər.. O halda kim qal-dı!!

 Üzünə baxdım. Sıtmadan sol-muş yanaqlarında göz yaşı vardı.

- Sağ qalan, - dedim, - çoxdur...

- Bütün rəisləri məhv et-mislər, bir kimsə qalmamış!

- Xeyr, qalmısdır...

- Kim?..

- Onları yetisdirən millət... Milləti yaşadan Vətən!"

İdeya, məzmun cəhətdən dəyərli, maraqlı, sənətkarlıq baxımından mükəmməl "Vətən qaldı" hekayəsi milli istiqlal sevgisindən yaranan, aktuallığını itirməyən parlaq sənət nümunəsidir. Əsər kədərli notlarla başlasa da, istiqlalın qələbə çalacağından, istiqbalın işıqlı olacağından xəbər verir: "Əvət, yalnız Vətən qal-dı!... İstila bu bulud gibi mü-vəqqəti və keçicidir. Madam ki, Vətən qalmısdır, istiqlal ümidi də qalmısdır!... ? deyə mənə döndü. Gözlərində həzin bir təbəssüm bəliriyordu".

M.B.Məhəmmədzadənin "Seçilmiş əsərləri"ndə verilmiş "İldırım", "On dəfə öldürülən" hekayələri də istiqlal uğrunda mücadilə tarixinin güzgüsü, milli məfkurəsinin daşıyıcısı, təbliğatçısı, klassik söz sənətimizin nadir incilərindəndir.

Publisistika M.B.Məhəmmədzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. "Azərbaycanın Ergenekondan çıxdığı gün", "İran xatirələri", "Muğan xan", "Promete-Boromete", "Moskva ortaq ədəbi türkcədən niyə qorxur", "Sıra əlifbayamı gəlir", "Sovetlər Birliyində türkoloji, "türk dilləri" və "türk millətləri", "Azərbaycan Misaqi-Millisi. 28 Mayıs İstiqlal Bəyannamə-sinin təhlili", "Milli hars və milli hakimiyyət" və sair kimi nümunələr mühacirət irsinin dəyərli örnəklərindəndir. Ədəbiyyat tarixində iz qoyan şöhrətli sənətkarların - Nizami, Qazi Bürhanəddin, Abbasqulu ağa Bakıxanov, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Əhməd bəy Ağaoğlu, Abbas Səhhət, Cəfər Cabbarlı, Məhəmməd Əmin Rəsulzadə və başqalarının həyat və yaradıcılığndan bəhs edən portret oçerklər özünəməxsus yanaşma, təhlil və qənaətlərlə maraq doğurur.

Azərbaycan mətbuat tarixinə redaktor, publisist kimi əbədi imza atan M.B.Məhəmmədzadə, həm də dövrü nəşrlərin, onun yaradıcılarının ilk peşəkar tədqiqatçılarından biridir. Hələ mühacirətdən əvvəl - 1922-ci ildə onun "Azərbaycan türk mətbuatı" adlı kitabı nəşr olunmuş, böyük maraq oyatmışdı. Mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirən Mirzə Balanın "Azərbaycanlı ilk türk qəzetçisi Zərdablı Həsən bəy.

Ölümünün 35-ci yıldönümü münasibətilə", "Molla Nəsrəddin" əlli il əvvəl intişar etmişdi", "Kəlniyyət"in ölümü (Qasımzadə Hacı İbrahimin vəfatı münasibətilə)", "Tərcüman", "Azərbaycan mühacirlik mətbuatının otuz illiyi" adlı yazılarında M.B.Məhəmmədzadə dövrü nəşrlərin proqramları, problemləri, dili, üslubu, sənətkarlıq məsələləri, mühərrirləri barədə mövqeyini bildirir, fikirlərini bölüşür. O, 1938-ci ildə Berlində "Qurtu-luş" jurnalının mətbəəsində nəşr etdirdiyi məşhur "Milli Azərbaycan hərəkatı" adlı kitabında mətbu orqanlardan da bəhs edir.

M.B.Məhəmmədzadə milli mətbuat haqqında məhəbbətlə söz açır, bolşevik nəşrlərini cəsarətlə tənqid və ifşa edirdi. M.B.Məhəmmədzadə "Azəri türk ədəbiyyatının dünəni və bu günü" adlı məqaləsində yazırdı: "Bolşevik həqayiqi basdan-başa bir səfalətdən ibarət ikən, matəm günləri bayrama, bayram günləri matə-mə təbəddül etmiş ikən irz, namus, şərəfi-milli kirli soldat çizmələri altında çey-nənməkdə, milli müqəddəsat yerlərdə süründürülməkdə ikən mətbuat; gülmək, şən gö-rünmək, bolşevizmə qəsidələr yazmaq vəzifəsiylə müvəzzəf-dir". Bir məsələyə də toxunmağı lazım bilirik. M.B.Məhəmmədzadə bolşevik nəşrlərini kəskin tənqid etdiyi kimi, o dövr Türkiyə mətbuatının ölkəmizə laqeyd münasibətini, Azərbaycanla bağlı məsuliyyətsiz yazılarını da ciddi qınamışdı.

Ədəbiyyatşünaslıq sahəsindəki yaradıcılığı M.B.Məhəmmədzadənin fəaliyyətinin mühüm qismini təşkil edir. Milli ədəbiyyatşünaslığın örnək nümunələrini yaradan tənqidçinin "Seçilmiş əsərləri"ndə toplanan elmi-nəzəri məqalələri dərin təhlili, cəsarətli mühakimələri, sanballı mülahizələri, dolğun qənaətləri ilə yadda qalır. Onun klassik Azərbaycan ədəbiyyatı mövzsunda qələmə aldığı "Dədə Qorqud", "Nzami", "Molla Pənah Vaqif", "M.Fətəli Axundov", "Mirzə Fətəli Axundzadə", "Mirzə Ələkbər Sabir", "Abbas Səhhət", "Əhməd bəy Ağaoğlu", "Cəfər Cabbarlı", ədəbi proses və ədəbi siyasətlə bağlı "Müasir azəri şairləri", "Ədəbiyyatda istiqlal və demokratizm", "Ədəbi hakimiyyət qovğası", "Proletar ədəbiyyatı milliyyətçi ədəbiyyatın vahid cəbhəsi qarşısında", "Ədəbiyyatda hegemoni qovğası", "Bolşevik "ədiblərinin" "Hücum"u", "Bolşevik ədəbiyyatı", "Yamaqlı ədəbiyyat", "Cığırdaşlar", "Sabir yaşasaydı", "Ədəbiyyat və kommunizm", "Dədə Qorqud və kommunizm","Dostoyevski və kommunizm", "Tolstoy və kommunizm", "Bazarovun oğulları", "Kommunist şairlər" və sair kimi çoxsaylı məqalələri saxta, qondarma sosrealizm prinsiplərinin inkarı, milli ədəbiyyatşünaslıq konsepsiyasının təsdiqi kimi bu gün də aktuallığını saxlayır.
(Ardı var)               
 

 





11.06.2024    çap et  çap et