525.Az

İkinci doğum günü - Bayram Məmmədov yazır


 

İkinci doğum günü - <b style="color:red"> Bayram Məmmədov yazır</b>

Orta məktəb illəri həmişə kövrəkliklə xatırlanır. Yada düşənlərin əlçatmazlığında qürur da olur, təəssüf də. Qürur da ömrün zərrəsinə dönür, təəssüf də. Dünənlərdə qalanları yenidən yaşamaq dünənləri yaşatmaq deməkdi. Dünənlər həmişə xatirə biçimində yaşadılır, xatirələrə bu qüdrəti də duyum verir, ürək verir, zaman verir...

Orta məktəbdə tənəffüs şagird istəyinin ifadəçisi olurdu. Orta məktəb illəri həm də tənəffüsə çağıran zənglər ilə yadda qalır. Tənəffüslərdə neçə-neçə mətləblər çözülərdi, neçə-neçə istəyə görünməzliklərdən işıq düşərdi. Tanıdıqlarınla salamlaşardın, hansısa kitabı istəyərdin, hansısa kitabı verərdin. Bəzən sirr açardın, sirr alardın. Eldar Azadov bacımla bir sinifdə oxuyurdu. Yaxşı oxuyan şagirdi hamı tanıyır; məktəbdə Eldarı hamı kimi mən də yaxşı şagird kimi tanıyırdım. Eldar, Sərməs, Tahir, İqrar, Səadət məktəbin təhsil mücahidləri idilər. Müəllimlər - Ziyad Nəsibov (riyaziyyat), Nəriman Ağayev (fizika), Eldar İsmayılov (fizika), Əsəd Məmmədov (kimya), Bənövşə Qocayeva (biologiya), Ziyad Təhməzov (tarix və ictimaiyyət), Zalı Orucov (ədəbiyyat) onların biliyini yüksək dəyərləndirirdi. Mən təkcə bacımla deyil, onların hamısı ilə fəxr edirdim...

Eldar Azadov 1954-cü il iyunun 15-də Zəngilanda, müəllim ailəsində anadan olub. Onun təhsilə marağı, həvəsi atası Həsənxan müəllimin məsləhətləri, tövsiyələri ilə formalaşıb. Həsənxan müəllim böyük Nizaminin bir beytini böyük qürurla hərdən, sözarası oğluna da deyərdi: "Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz". Bu kəlamlar Eldarın düşüncələrinin nizamına dönürmüş, bu beyt Nizami hikmətinin qüdrəti kimi yeniyetmənin kitablara (əslində, elmə) sevgisin vərəq-vərəq artırmış...

Eldar Zəngilan şəhər orta məktəbini 1970-ci ildə fərqlənmə ilə bitirmiş, öz yolunu özü seçmişdi. Həsənxan müəllim onun seçiminə etiraz etməmişdi. Bu, müəllimin şagirdə, atanın oğula inamı idi; inam uğur diləməkdi, niyyətə xeyir-dua verməkdi...

Eldar qəbul imtahanında uğur qazana bilmədi. Rayona qayıtmadı: "Mən ata-anamın, müəllimlərimin yanına tələbə kimi qayıdacam!" - niyyəti ilə şəhərdə qalıb tikintidə işlədi, işləyə-iləyə imtahanlara da hazırlaşdı. Bir il Eldarın gecələrinə ortaq olmaqla ötüşdü.

Eldar Həsənxan oğlu Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə qəbul olundu. Müəllimi Ziyad Nəsibov onda sevincdən kövrəlib də; Eldar "Əqlin gimnastikası" adlandırılan bəşəri elmin incəliklərini mükəmməl öyrənməyə başladı...

Universiteti bitirdikdən sonra - 1976-1978-ci illərdə təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləməyə başladı. Kibernetika İnstitutu böyük yolun başlanğıcı imiş: O illərdə gənc mütəxəssislər Azərbaycandan kənarda təhsil almağa da, müxtəlif müddətlərdə təcrübə keçməyə də, təcrübə müddətində elmi işinin istiqamətini məhz həmin elm ocağı ilə əlaqələndirməyə də böyük maraq göstərirdi. İnstitutun rəhbərliyi şöbə müdirlərinin, elmi şuranın üzvlərinin təqdimatı, zəmanəti və rəyi əsasında seçimlər edir, daha ümidverici gəncləri xarici elmi təhsil ocaqlarına ezam edirdi. Kim təklif etmişdi, özü də bilmədi, demədilər də. Bir onu dedilər ki, elmi ezamiyyətə gedirsən; 1977-1978-ci illərdə Litva Respublikasının Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda təcrübə keçməyə. Təcrübə müddəti də başa çatdı, İnstitut Eldarın iş yerinə - İnstituta təşəkkür məktubu da ünvanladı.

Eldar 1980-ci ildə Elmlər Akademiyasının Kibernetika İnstitutunda aspiranturaya daxil oldu. Elmi araşdırmalar onun ömrünün sabahlarının səmtini göstərdi. Elmi ad üçün aldığı təhsil müddətində (1981-1983) Moskva İdarəetmə İnstitutuna ezam edildi; bu göndərişdə də inam vardı. Eldar Hə-sənxan oğlu bu inamı qətiyyətlə doğrultdu...

Eldar Azadov 1984-1988-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində, 1988-1991-ci illərdə Bakı Ali Partiya Məktəbində müxtəlif vəzifələrdə işlədi; öyrənmək həvəsi ifadəsi olduğu kimi öyrətmək niyyəti ifadəsi də var. Öyrətməyə təşnə olanların öyrənciləri ustadlarını həmişə böyük ehtiramlarla xatırlayırlar. Eldar Azadov belə müəllim olub. İllər sonra da bu səviyyədə ehtiramlarla xatırlanmaqdadır...

1991-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya institunun "Sosial İdarəetmə və menecment" kafedrasında baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışıb.

1993-cü ildə "Şəhərin və şəhər təsərrüfatının inkişafının proqnozlaşdırılması üçün imitasiya modelinin işlənib hazırlanması" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə, 1998-ci ildə isə dosent elmi adına layiq görülüb.

Dosent Eldar Azadov elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirir. Yeni tədqiqat sahəsi üzrə araşdırmalar aparır. Yerli özünüidarə və dövlət idarəçiliyi üzrə apardığı tədqiqatları elmi məqalələrində ümumiləşdirir, bu sahələr üzrə elmi tezislər yaradır.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Ümumi və xüsusi menecment" kafedrasının müdiri, 2004-2007-ci illərdə "İnzibatı idarəetmə" fakültəsinin dekanı, 2007-ci ildən 2014-cü ilədək isə "Dövlət idarəetməsi və menecment " kafedrasının müdiri vəzifələrində işləyib.

Orta məktəbdən tanıdığım, sevdiyim Eldar Həsənxan oğlunu bu illərdə daha yaxından tanıdım. O vaxtlar ikimiz də şagird idik. Şagird kimi tanıdığım, sevdiyim Eldarı elmi işçi, alim kimi tanıdım, sevdim. Bakı Sosial İdarəetmə və Politologiya institutunda birimiz müəllim, digərimiz müdavim (dinləyici) idik. Görüşəndə o da sevindi (Canbarlı gənc bu mötəbər institutda təhsil alır!), mən də (zəngilanlı alim belə bir mötəbər institutun müəlimidir!) qürurlanmışdım. Dinləyicilərin onu maraqla dinləməsi, onun öyrətmə metodikasından razı qalması mənə gözəl könül xoşluğu verirdi. Eldar müəllim dinləyicilərlə gərəkli ünsiyyət qura bilirdi. Hamı onu həm də yüksək mədəniyyətinə, dərin biliyinə, sadəliyinə görə sevirdi. Tələbkar müəllim idi. Tələbkarlıq öyrətmə niyyəti idi. Eldar müəllim dinləyicilərə bir mətləbi də xatırlatmağı sevirdi: "Zamanın geriyə dönüşü yoxdu, anlara dəyər verin..." Eldar müəllim zamana dəyər verə-verə öyrədir, dinləyicilər zamana dəyər verə-verə öyrənirdi.

İşğaldan əvvəl Zəngilandan uzaqda yaşayanların da ürəyi Zəngilanla döyünürdü. Onlar da ruhən döyüşənlərin sırasında idi. Eldar müəllimlə bir qədər qohumluğumuz da vardı - bacım Həsənxan müəllimin qardaşı qızının ailəsinin gəlini idi. Həmin ailənin əzizi kimi Eldar müəllimin Zəngilana gəlişləri haqqında da məlumatım olurdu, onun səngərlərdə əsgərlərlə görüşlərini də görürdüm, Zəngilan rayon ərazi özünümüdafiə taboru ilə bağlı fəaliyyətinə də bələd idim. Müharibədə döyüşçü kürəyini el-obasına sevgisi olanların nəfəsinin isitdiyini duyanda daha cəsarətlə döyüşür. Döyüşçülərimiz zəngilanlıların səngərlərə gəlişindən ruhlanır, döyüş əmrlərini daha böyük cəsarətlə, qorxmazlıqla yerinə yetiridi. Həmin illərdə səngərə belə gəlişlərdən birindən sonra dörd kəşfiyyatçının çətin relyefdə düşmənin neçə postunun arasından keçməklə gətirdikləri məlumatlar Zəngilanın müdafiəsində xeyli əhəmiyyətli olmuşdu. Belə gəlişləri zəngilanlıların qeyri-rəsmi döyüşü adlandırmağım Zəngilandan uzaqda yaşayan zəngilanlılara könül xoşluğu vermişdi. O vaxtlar Eldar müəllimin bu haqda nə düşündüyünü bilməmişdim. Yəqin ki, təvazökarlıqla, "Borcumuzdur..." - deyibmiş.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında (indi Milli Müdafiə Universitetinin İdarəetmə İnstitutu) işləyirdim. Diplom işini tamamlamaqda olan müdavimlərdən biri elmi işi ilə bağlı peşəkar alimlərdən birindən məsləhətlər almaqda ona köməklik göstərməyimi xahiş etdi (mən də həmişə öyrənmək istəyənlərə yardımçı olmağı özümə mənəvi borc bilmişəm). Müdavimin elmi işi Eldar müəllimin tədqiqat sahəsinə yaxın mövzuda idi. Ona müraciət etdim, niyyətimi bildirmişdim. Gülümsünmüşdü, "Amalım öyrətməkdi, Bayram müəllim. Şadam ki, məni öyrətmək mücahidlərindən biri bilirsən. Gəlsin, köməyimi əsirgəmərəm", - demişdi. Müdavim diplom işini hazırlamışdı da, böyük uğurla müdafiə etmişdi də. Elmi Şuranın üzvlərindən biri demişdi ki, bu iş son illərin ən dəyərli elmi ilərindən biridir. Bu rəy müdavimi də sevindirmişdi, məni də, təbii ki, Eldar müəllimi də. Bu hadisəni niyə xatırladım? - Eldar Həsənxan oğlu böyük ürək yiyəsidi, insanlığı, insanları sevir, xeyirxahlığı həyat, yaşam fəlsəfəsinin tərkib hissələrindən biri bilir. Bu kimi hadisələr çox olub. Yaddaşında qalanları da var, unutduqları da. Eldar müəllim kimi bəşəri düşüncəli adamlar elədiyi yaxşılığı heç zaman xatırlamaq istəmir, xatırlamır. "Yaxşılıq etmək insanın mənəvi borcudur. Bunu bacarmayanlar kamil insan ola bilməz..." - bu qənaətlə yaşayanlardan biri də Eldar Azadovdur.

3 aprel 2014-cü il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədrisn metodiki və keyfiyyət təminatı mərkəzin direktoru vəzifəsində elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən Eldar Azadov 40-a yaxın elmi məqalənin, o cümlədən, "Oyunlar nəzəriyyəsi" (dərs vəsaiti, 1995), "Bələdiyyələr yerli idarəetmənin təşkilati formasıdır" (1998), "Azərbaycan bələdiyyələri: ilk təcrübə, əsas problemlər və inkişaf perspektivləri" (2004), "Dövlət idarəetməsində islahatlar: nailiyyətlər, problemlər, perspektivlər" (2005), "Dövlət idarəçiliyi: izahlı lüğət" (2006), "Dövlət idarəçilik nəzəriyyəsi" (dərslik, 2010) kimi 6 kitabın həmmüəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı, Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni, Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə  Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyi (1918-2018) yubiley medalı, Azərbaycan Res-publikası Prezidentinin 2 fevral 2024-cü il tarixli sərəncamı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyi (1923-2023) yubiley medalı ilə təltif edilib...

Eldar Həsənxan oğlu Azadov duru ömür yaşayır. El-obasını sevən, Vətənini sevən, insanları, insanlığı sevən bir azərbaycanlı kimi aylarını il, illərini ömür edir...

Zəngilanın işğalından sarsılanlardan biri də Eldar Həsənxan oğlu olmuşdu. O da illərlə Araz çayına ayrılıq çayı demişdi, sahillərində nəfəs dərməyə icazə verilməsə də bu günahsız çayı, ruhunun əzizlədiyi çayı hərdən qınayırdı, onu da bilirdi ki, bölünməz ruh nə vaxtsa ayrılığı da sonlandıracaq. 1993-cü il oktyabrın 29-da Araz zəngilanlıların qurtuluş çayı oldu. Onda Eldar müəllim Araza xitabən nələr deyib görəsən? - heç kimə bəlli deyil. Zəngilan işğaldan azad ediləndə Eldar Həsənxan oğlunun da ruhunun qırışığı açılıb. Onda Zəngilanda yaşadığı Zəngilanlı günlərini xatırlayıb və Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə bir Dədə Qorqud alğışı pıçıldayıb: "Ürəyinizin təpəri azalmasın, əliniz tətikdə titrəməsin, torpaqlarımızı işğaldan azad etməklə milyonların alğışını qazandınız!"

"Dünyaya gəlişi işğal olunmuş ərazi olanlar üçün iki doğum tarixi olur. Bütün zəngilanlılar üçün ikinci doğum tarixi 2020-ci ilin 20 oktyabrıdır. İndi yaşayan bütün zəngilanlıların ruhu yaşdaşdır..." - Eldar müəllimin də kövrəkliklə dediyi bu kəlmələr bütün zəngilanlıların Zəngilana (deməli, Vətənə) sevgisini ifadə edir.

 





11.06.2024    çap et  çap et