Minaların törətdiyi humanitar fəsadların aradan qaldırılması və mina təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq dəstək zəruridir.
525.az-a xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Azərbaycanda səfərdə olan Kanada Xarici İşlər Nazirliyinin Arktika, Avrasiya və Avropa İşləri üzrə baş direktoru Robert Sinkler və Kanadanın Türkiyəyə, eləcə də Azərbaycana akkreditə olunmuş səfirliyinin ikinci katibi Holy Vayt ilə görüşündə deyib.
S.Poladov işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi, mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsasən ölkəmizin daxili resursları hesabına həyata keçirildiyini qeyd edən S.Poladov, minaların törətdiyi humanitar fəsadların aradan qaldırılması və mina təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq dəstəyin zəruri olduğunu diqqətə çatdırıb.
Robert Sinkler mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dəstəklənməsinin Kanada üçün qlobal prioritet məsələ olduğunu vurğulayıb və Azərbaycanla qeyd edilən fəaliyyət sahəsi daxil olmaqla bir çox istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduqlarını bildirib.