Bir sıra Avropa ölkələrində ifrat sağçı partiyaların uğur qazanmasına baxmayaraq, Avropa Parlamentinə keçirilən seçkilər Ukraynaya dəstək tərəfdarlarının mövqeyinin daha güclü olduğunu göstərdi. Seçkilərdən əvvəlki rəy sorğuları ifrat sağçı və avroskeptik qüvvələrin ciddi uğur qazana biləcəyindən xəbər verirdi. Ancaq seçkilərin nəticələri göstərdi ki, Almaniya, Avstriya və Fransada ifrat sağların uğuruna baxmayaraq, Avropa İttifaqına üzv ölkələrin böyük əksəriyyətində mərkəzçi qüvvələrin mövqeyinin güclənməsi müşahidə olunur. Almaniyada kansler Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokratlar məğlub olsalar da, Bavariya əyalət hökumətinin başçısı Markus Zöderin başçılıq etdiyi Xristian Demokrat İttifaqının (CDU) daxil olduğu mühafizəkar Xristian Sosial İttifaqı seçkilərdə qalib gəlib. Markus Zöder hökuməti istefa verməyə və vaxtından əvvəl parlament seçkiləri keçirməyə çağırıb: "Almaniyanın yeni başlanğıca ehtiyacı var. Ona görə də mümkün qədər tez yeni seçkilər keçirilməlidir".
Markus Zöderin belə bir təkliflə çıxış etməsinə Fransa prezidenti Emmanuel Makronun partiyasının seçkidə ifrat sağçılara səs-küylü məğlubiyyətindən sonra Milli Assambleyanı buraxaraq erkən seçkilər təyin etməsi də öz təsirini göstərib. Fransada iki turdan ibarət parlament seçkiləri Parisdə Yay Olimpiya Oyunları başlamazdan əvvəl, iyunun 30-da və iyulun 7-də keçiriləcək.
Almaniyada ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının uğuru isə ənənəvi olduğu kimi, əsasən ölkənin şərqində, keçmiş Almaniya Demokratik Respublikasının ərazisində müşahiə olunub. Paytaxt Berlinin daxil olduğu Brandenburq əyalətində AfD seçicilərin 25.7 fazinin səsini qazanaraq birinci partiya olub. AfD beş il ərzində bu əyalətdə səslərini 9.8 faiz artıra bilib. Almaniyanın şimal-şərqində yerləşən, əhalisi əsasən slavyan mənşəli olan Meklenburq-Ön Pommern əyalətində AfD-i ötən parlament seçkiləri ilə müqayisədə seçici dəstəyini iki dəfə artıraraq, 25.6 faiz səs qazanıb. Siyasi şərhçilər AfD-nin bir sıra liderlərinin Rusiya və Çinlə əlaqələri ilə bağlı qalmaqallara baxmayaraq, güclü nəticələr əldə etməsini iki səbəblə izah edirlər. Keçmiş sosialist Almaniyasının vətəndaşları Rusiya ilə daha yaxşı münasibətlərin və əlaqələrin tərəfdarıdırlar. Digər tərəfdən qanunsuz miqrant axını, miqrantların bir sıra səsli-küylü cinayətlər törətməsinə iqtidardakı "yaşıllar"ın dözümlü münasibəti seçiciləri ifrat sağçı şüarlarla çıxış edən AfD-yə səs verməyə vadar edib. Seçkidə uğur qazanmasına baxmayaraq, AfD siyasi səhnədə daha da təklənir. AfD-nin Avropa Parlamentindəki ifrat sağçı "Kimlik və Demokratiya" qrupundan çıxarılması da bunu təsdiq edir.
Avstriyada rusiyayönlü Azadlıq Partiyasının qələbəsi Avropa İttifaqı ərazisində ifrat sağçıların qalib gəldiyi və ya uğur qazandığı sonuncu ölkədir. Digər ölkələrdə güclü Avropa tərəfdarları və Ukraynaya dəstək verməyi təbliğ edən qüvvələrin önə çıxması müşahidə olunur. İtaliyada Baş nazir Giorgia Meloninin rəhbərlik etdiyi mühafizəkar "İtaliya Qardaşları" partiyası qalib gəlib. Bu isə Meloninin ölkə daxilində olduğu kimi, beynəlxalq aləmdə, xüsusilə də Avropa İttifaqında mövqeyini gücləndirəcək. Slovakiyada müxalif "Tərəqqipərvər Slovakiya" partiyasının qələbəsi, rusiyayönlü Baş nazir Robert Fitsonun başçılıq etdiyi SMER-in məğlubiyyəti də gözlənilməz olub. Bu isə Ukraynanı dəstəkləmək istəyənlərin mövqelərini gücləndirir. Ukrayna üçün ən sevincli xəbərlərdən biri də Macarıstandan gəlib. Ukraynaya yardımla bağlı Avropa İttifaqı və NATO-nun təşəbbüslərinin 47 faizinə veto qoymuş Macarıstanın Baş naziri Viktor Orbanın partiyası ötən bazar günü son 20 ildə Avropa Parlamentinə keçirilən seçkilərdə ən aşağı nəticəni göstərib. Baş nazir Viktor Orbanın lideri olduğu FIDESZ partiyası müttəfiqi Xristian Demokratik Partiyası ilə birlikdə 44.2 faiz səs qazanıb. Siyasətə yeni gələn Piter Maqyarın sağ mərkəzçi Tiza partiyası isə 30 faiz səs qazanaraq əsas müxalif qüvvə olduğunu nümayiş etdirib. Çox maraqlıdır ki, seçkilərdən əvvəl rəy sorğuları Baş nazir Viktor Orbanın tərəfdarlarının 58 faiz səs ala biləcəyini göstərirdi. Ona görə də FIDESZ-in müttəfiqi Xristian Demokratik Partiyası ilə birlikdə cəmi 44.2 faiz səs alması Baş nazirin tərəfdarlarının uğursuzluğu kimi dəyərləndirilir. Buna görə də, Macarıstanda iqtidarla müxalifət arasında mübarizənin bundan sonra daha da kəskin xarakter alacağını da proqnozlaşdırmaq mümkündür.
Niderland, İspaniya, Yunanıstan, Polşa, Belçika, Xorvatiya, Estoniya və digər Avropa ölkələrində seçkilərin nəticələri Brüssel rəsmiləri və rəsmi Kiyev üçün arzuolunandır. Kiyevə tərəddüdsüz dəstəyin tərəfdarlarının və Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyən qüvvələrin qələbəsi qitədə və dünyada gedən proseslərə ciddi təsir edəcək. Ukrayna bu il onu gözləyən iki ciddi sınağın birincisindən itkisiz çıxdı. Ukraynanı daha bir sınaq noyabr ayında, ABŞ-da gözləyir. Rusiyanın Ukraynaya qarşı müharibəsində aydın mövqeyi olmayan Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansı var. Ancaq Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri belə deməyə əsas verir ki, Ukrayna noyabrda ABŞ-da keçiriləcək seçkilərin nəticələrindən çox da narahat olmamalıdır. Avropa Parlamentinə seçkilərin nəticələri Ukraynanın xeyrinə olduğu, hazırda Avropanın əksər ölkələrində hakim olan Rusiya əleyhinə mövqe Vaşinqtonun mövqeyində yarana biləcək fərqliliyi zərərsizləşdirəcək. Digər tərəfdən seçkilərin nəticələri Rusiyaya qarşı qadağaların qüvvədə qalmasının təminatıdır. Eyni zamanda, seçkilərin nəticələri Avropa İttifaqının Şərqə doğru genişlənmə siyasətinin davam edəcəyi anlamına da gəlir. Gürcüstanın müxalif "Aqmaşenebeli Strategiyası" partiyasının sədri Georgi Vaşadze Avropa Parlamentinə keçirilən seçkiləri şərh edərkən bildirib ki, Avropa ölkələri İttifaqın genişlənməsinə səs veriblər. Vaşadze hesab edir ki, bundan sonra gürcü xalqı və demokratiyası Avropadan daha çox dəstək alacaq. "Gürcü xalqının iradəsini saxtalaşdırmaq və Gürcüstanı Avropaya deyil, fəlakətə sürükləmək istəyən "Gürcü arzusu"nun təmsil etdiyi satqınlar qrupuna qarşı daha çox təzyiq olacaq". Gürcüstan müxalifəti də Ukrayna kimi seçkilərin nəticələrindən razı qalıb.
Avropa Parlamentinə seçkilərin nəticələrində diqqət çəkən məqamlardan biri də Kiprdə müstəqil namizəd kimi iştirak edən 24 yaşlı Fidias Panayiotounun qələbəsidir. Panayiotou aprel ayında namizədliyini irəli sürəndə məqsədinin seçkidə qalib gəlməkdən daha çox gəncləri siyasətə cəlb etmək olduğunu bildirmişdi. Yutubda 2.6 milyon abunəçisi olan kanalın sahibi 24 yaşlı bloger siyasətdən və Avropa İttifaqından heç bir məlumatı olmadığını, lakin öyrənməyə hazır olduğunu bildirib.
Avropa Parlamentinə keçirilən seçkilər bütövlükdə qitənin sabitlik və genişlənmədən yana olduğunu nümayiş etdirməklə yanaşı, Brüsselin siyasətinə düzəliş etməsinin zəruriliyini də üzə çıxardı. Bu isə ilk növbədə Brüsselin miqrant siyasəti ilə bağlıdır. İfrat sağçı qüvvələrin təzyiqi altında miqrant siyasətinə bir sıra düzəlişlər edən Brüsselin yeni qadağalar tətbiq edəcəyini proqnozlaşdırmaq mümkündür.