525.Az

Etnoqrafiya tariximiz və anamın əl işləri


 

Etnoqrafiya tariximiz və anamın əl işləri<b style="color:red"></b>

Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın “Qarabağın sənət irsi” tarixi-etnoqrafk monoqrafyasını vərəqləyəndə uşaq vaxtı Tovuz nənəmlə arteziana su gətirməyə getməyimizi xatırladım. Seyidli kəndinin Molla məhləsindəki arteziana yolumuz Gülzadə xanımgilin darvazaları önündən keçirdi, yəqin o səbəbdən. Nənəm suyu babam dəmirçi Salmanın qayırdığı səhəngdə gətirirdi.

Bu xalını anam Tovuz nənəmlə birgə toxuyub. Ağdamın Seyidli kəndi. 1958

Nənəmgildə, ələlxüsus da, evin zirzəmisində, taxtapuşunda bu kitabda sadalanan neçə-neçə sənət nümunəsi görmüşdüm. Sənətdən başım çıxmayan vaxtlar idi onda. Anamın cehiz gətirdikləri arasında muzeylərə eksponat olası neçə sənət əsərinin olduğunu indi dərk edirəm. İşğaldan əvvəl bir neçəsini çıxara bilmişdik – 1950-ci illərdə nənəmlə toxuduğu bu kilim, bir də öz əl işi olan toxumalar. Bu “pələng” məndə qalıb, “dibçəkdə gül” bacımda.

Əsər haqda bircə onu deyim ki, Qarabağ sənətkarlığının demək olar, bütün sahələrinə –toxuculuq, dəriçilik, metal, daş, ağacişləmə, qurama, bədii tikmə – toxunulub. Bu sənətlərin inkişaf tarixi ilə yanaşı onların etnoqrafk səciyyəsi, statistikası, məişətdə yeri, rolu araşdırılaraq elmi-etnoqrafk şərhi verilib.


 Anamın əl işi.1950-ci illər

Bu sənətkarlıq nümunələrinə çekanka sənətini də əlavə edərdim. Çekanka nazik dəmir lövhə üzərində döyülən rəsmlərə deyilirdi. “Makan” ayamalı dayıoğlu Vaqifin çoxlu çekanka rəsmləri vardı. O vaxt eşitmişdim ki, Xankəndi erməniləri onun əsərlərini alıb İrəvanda neçə qat bahasına satırmışlar.

Tarixçi alim Gülzadə Abdulovanın bu araşdırması yer üzündən silinən böyük bir ərazidə bir vaxtlar mövcud olmuş mədəniyyətin tarixinə, etnoqrafiyasına aid sanballı əsərdir. Buna görə bu çox dəyərli kitabın müəllifinə təşəkkür edirəm. Məni nənəmlə Qaraçava arxı boyu suya apardığına görə isə ayrıca sağol deyirəm!

12 iyun 2024
 

 





12.06.2024    çap et  çap et