525.Az

Ədalət Muradov: "4-cü Sənaye İnqilabı təhsili kökündən dəyişir"


 

Ədalət Muradov: "4-cü Sənaye İnqilabı təhsili kökündən dəyişir"<b style="color:red"></b>

"4-cü Sənaye İnqilabı dünyanı və cəmiyyəti tamamilə dəyişir və dəyişəcək də. Bu, hər zaman belə olub. Sənaye texnologiyaları cəmiyyəti dəyişib. Amma bu dəyişmə prosesində ortaya çıxan neqativləri aradan qaldırmaq üçün cəmiyyət çalışıb və həmin neqativləri də aradan qaldırıb. Bütövlükdə bu, kapitalizmin uydurduğu bir sey deyil, cəmiyyətin inkişafının məntiqi nəticəsidir. Artıq insan potensialı mövcud informasiyanı təhlil, həzm etmək gücündə deyil və burada cəmiyyət texnologiyanın köməyinə ümid bəsləyir. Buradan da süni intellektin zəruriliyi ortaya çıxır".

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

 

"4-cü SƏNAYE İNQİLABI ƏVVƏLKİ DÖVRLƏRDƏ İNSANLIĞIN YAŞAMADIĞI DƏYİŞİKLİKLƏR GƏTİRİR"

 

Rektorun sözlərinə görə, bütövlükdə 4-cü Sənaye İnqilabı adından göründüyü kimi, dördüncüdür. Bu o deməkdir ki, birinci, ikinci, üçüncü də olub. İnqilabdır ona görə ki, bu, özündən əvvəlkini inkar edib: "4-cü Sənaye İnqilabı əvvəlki dövrlərdə insanlığın yaşamadığı dəyişikliklər gətirir. 1-ci Sənaye İnqilabı buxar maşını və toxuculuq dəzgahının kəşfi ilə məhsuldarlığı əhəmiyyətli dərəcədə qaldırdı. Kəndli artıq fabrik fəhləsinə çevrildi. Aqrar iqtisadiyyatdan sənaye istehsalına bir keçid baş verdi. 2-ci Sənaye İnqilabı 19-cu əsrin sonunda başladı. Bu, elektrik enerjisinin kəşfi ilə bağlı oldu. Elektrik enerjisinin kəşfi artıq istehsal prosesində məhsuldarlığın artırılması üçün böyük bir təkan oldu. O dövrdə cəmiyyətdə baş verən ən böyük dəyişiklik o oldu ki, industrial cəmiyyətin əsası qoyuldu. 3-cü Sənaye İnqilabı internetin kəşfi ilə başladı. İnternetin kəşfi ilə baş vermiş yeniliklər son nəticədə 4-cü Sənaye İnqilabına gətirib çıxardı. 4-cü Sənaye İnqilabının özəlliyi ondan ibarətdir ki, burada bizi süni intellekt, genlərin modifikasiya olunması, bulud texnologiyalarının tətbiqi və s. O texnologiyalar ki, artıq insanın prosesə müdaxiləsini qaçılmaz etmir. Yəni insan olmadan onun görə biləcəyi işləri süni intellekt vasitəsilə həyata keçirilə bilir".

 

"İNSAN DAVAMLI ÖZ ÜZƏRİNDƏ İŞLƏMƏLİDİR"

 

İnsan faktorunun zəifləməsi əmək bazarında kütləvi işsizliyə səbəb ola bilər?

Ədalət Muradov bildirib ki, kütləvi işsizlik problemi yoxdur, olmayacaq da: "Ümumiyyətlə iş anlayışı insan cəmiyyətinin özünün düşündüyü bir anlayışdır. Hələ 100 min illər əvvəl insanlar ovçuluqla məşğul olanda 9-da işə gedim, 6-da işdən çıxım kimi bir iş rejimi anlayışı olmayıb. Bu, insanlığın sonradan düşündüyü bir kəşfdir. Bütövlükdə işsizlik problemindən, peşələrin sıradan çıxmasından daha çox məşğulluq fəlsəfəsinin özünün böhranı var ki, o məşğulluq necə olmalıdır? 4-cü Sənaye İnqilabında biz əvvəlki kimi iş yerində işləmiriksə, deməli, biz məşğul deyilik. Düşünürəm ki, burada ən böyük problem o deyil. Ən böyük problem ondan ibarətdir ki, texnologiyalar çox sürətlə dəyişir və insan tez-tez dəyişən o texnologiyalara uyğun olaraq özünü dəyişmək bacarığına malik olmalıdır. İnsan davamlı öz üzərində işləməlidir".

 

"BU DƏYİŞİKLİK BÜTÜN DÜNYADA EYNİ VAXTDA BAŞ VERMİR"

 

Rektorun dediyinə görə, dünənə qədər sosial şəbəkələr real dünyanın əksi idi. Bu gün o virtuallıq real həyatdır. Yəni burada fiziki və real, bioloji həyat artıq birləşib. Ona görə də burada hər şeyin dəyişməsi ehtimalı çox yüksəkdir. Amma burada bir məqam var ki, bu dəyişiklik bütün dünyada eyni vaxtda baş vermir: "Elə ölkələr var ki, hələ ki, 2-ci Sənaye İnqilabı dövründədir. Eləsi var ki, 3-cü və bəziləri də 4-cü Sənaye İnqilabı dövrünə başlayıb. Burada ölkənin kiçik və böyük olması önəmli deyil. Bu gün həmin ölkənin zəngin və ya yoxsul olması da önəm daşımır. Düşünürəm ki, bu rəqəmsallaşma, 4-cü Sənaye İnqilabının bizə verdiyi üstünlüklər, hər bir ölkə hər bir cəmiyyət üçün real tarixi bir şans yaradır. Azərbaycan da bu tarixi şansdan bəhrələnmək üçün ciddi addımlar atır".

 

"TƏHSİLDƏ DƏ "AĞILLI TƏHSİL" KONSEPSİYASINA KEÇİD TƏMİN EDİLMƏLİDİR"

 

Ədalət Muradov vurğulayıb ki, 4-cü Səneyi İnqilabı təhsili kökündən dəyişir. Artıq dünənki universitet 4-cü Səneye İnqilabında fayda verməkdə acizdir. Universitetlər 1-ci Sənaye İnqilabı dövründə formalaşıb. Bü günədək 1-ci Sənaye İnqilabə dövründə formalaşmış universitet fəaliyyətini davam etdirir. Amma artıq 4-cü Səneye İnqilabıdır. Bu, belə ola bilməz. Təhsil dəyişməlidir: "Qarabağ işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev "Ağıllı şəhər", "Ağıllı kənd", "Yaşıl enerji" konsepsiyasını irəli sürdü. Təhsildə də "Ağıllı təhsil" konsepsiyasına keçid təmin edilməlidir. "Ağıllı təhsil" konsepsiyası nədir? Çeviklik, inklüzivlik və ömürboyu təhsil. Bu, elə təhsildir ki, artıq bu təhsilin mərkəzində duran ideya təhsilalanın özünün təhsil almasına imkan yaratmaqdır. Burada müəllimin auditoriyanın ortasında durub tələbəyə nəyisə izah etməsi doğru deyil. İnternet harada varsa, orada da təhsil var. Ağıllı təhsilə keçid bu standartlarla mümkün deyil. Çünki bu, o qədər sürətlə dəyişir ki, standarta, çərçivəyə salmaq təhsili inkişafdan saxlamaq deməkdir. 4-cü Sənaye İnqilabının üstünlüyü odur ki, o, hər bir şəxsin bacarığına uyğun təhsil verir. Fərdiləşmiş təhsil konsepsiyasını önə çəkir: "Mən əminəm ki, rəqəmsal təhsillə bağlı rəqəmsal Harvard, Kembric, Oksford bunlar hələ yoxdur, hələ formalaşmayıb. Hələ formalaşmaq prosesindədir. Azərbaycanında rəqəmsal Harvard, Kembric və s. formalaşmaq potensiyalı var. Məsələn, mənim rektor işlədiyim UNEC-də biz rəqəm universitet modelini reallaşdırmışıq. Rəqəmsal UNEC-in qurulmasına təqribən 10 il vaxt sərf etdik. Bu gün bunun bəhrəsini biz görürük. Amma bu, bir universitetdə yox, bütövlükdə sistemin rəqəmsallaşdırılmasına ehtiyac var. Sovetlər dönəmindən qalmış və bu günün tələblərinə cavab verməyən o tərəfləri aradan qaldırmağın yeganə yolu da məhz rəqəmsallaşmaqdır. Bu gün UNEC 20 min tələbəyə distant təhsil vermək gücündədir. Düşünürəm ki, distant təhsilin alternativi yoxdur. Kütləvi ali təhsildən danışılan zaman distant təhsil əvəzsizdir. Ali təhsilin bir pilləsi digərindən fərqləndirilməlidir. Distant təhsil üzrə hələ də "Harvardlar" yoxdur və hazırda onların formalaşması prosesi gedir. Azərbaycanın bu istiqamətdə şansını yüksək qiymətləndirir və bu proseslərə qoşulmasını ölkəmizdə xüsusilə ali təhsilin gələcəyi üçün zəruri hesab edirik".

 

"TƏHSİL ARTIQ İQTİSADİ İNKİŞAFDAN ÖNƏ ÇIXMALIDIR"

 

UNEC rektoru vurğulayıb ki, sürətlə dəyişən dünyada yeni texnoloji bilik və bacarığa malik olan mütəxəssislərin yetişdirilməsi əsas məsələlərdən biridir: "İnkişaf etmiş iqtisadiyyat o səviyyəyə uyğun mütəxəssisləri tələb edir. Bu olmadığı halda o təşəbbüs artıq təhsilin üzərinə keçir. Təhsil artıq iqtisadi inkişafdan önə çıxmalıdır, o mütərəqqi ideyaları iqtisadiyyata ötürməlidir. Artıq burada ölkənin inkişafının lokomotivi təhsil olur. Məsələn, Amerika kimi ölkələrdə iqtisadiyyat təhsili formalaşdırır. Bizim kimi ölkələrdə isə təhsil iqtisadiyyatı formalaşdırır. Ona görə də burada təhsilə baxış dəyişməlidir".

 

"4-cü SƏNAYE İNQİLABI

ÖYRƏNMƏK İLƏ BACARIQLAR ARASINDA ƏLAQƏSİZLİYİ

ARADAN GÖTÜRÜR"

 

Ədalət Muradovun sözlərinə əsasən, sovet dönəmində diplom tələb olunurdu. Ona görə də valideynlər çalışırdı ki, övladları alitəhsilli, diplomlu olsun. Artıq cəmiyyətdə dəyişiklik baş verir. Məsələn, əgər bir şəxs mühasib ixtisası üzrə hər hansı universiteti bitirib. Artıq o diplom mütləq olaraq həmin şəxsin mühasib kimi qəbul olunmasını təmin etmir. İşəgötürən öncə həmin şəxsin mühasib kimi bacarıqlarını yoxlayır. Onun üçün önəmli olan diplom yox, həmin şəxsin bacarığıdır. Deməli, artıq diplom insanın bilik və bacarığının göstəricisi kimi qəbul edilmir: "Bacarıqlar önə çıxmalıdır. Diplom üstünlük göstəricisi olmamalıdır. Nəzəri biliklər cəmiyyət yüksək sürətlə dəyişdiyi üçün öz əhəmiyyətini itirir. Amma bacarıqlar dəyişməz qalır. 4-cü Sənaye İnqilabı öyrənmək ilə bacarıqlar arasında əlaqəsizliyi aradan götürür".

Rektor qeyd edib ki, süni intellekt tətbiqi ilə kənd təsərrüfatı istehsalı həyata keçirildiyi zaman tələb olunan işçi qüvvəsi əhəmiyyətli dərəcədə azalacaq. Bu, faciə deyil. Əsas odur ki, insan daim yenilənməlidir. Yeni peşələr ortaya çıxacaq. O yeni sahələrə uyğun fəaliyyət göstərmək üçün insan daim öz üzərində işləməlidir və o bacarığı ona aşılayan təhsil sistemi qaçılmaz görünür.

Sevinc QARAYEVA

 





13.06.2024    çap et  çap et