525.Az

Qarşılama - İmir Məmmədlidən novella


 

Qarşılama - <b style="color:red"> İmir Məmmədlidən novella</b>

Avtobus qəsəbəyə dönən yola yaxınlaşanda Sevda ömür-gün yoldaşının üzü qəsəbəyə duran maşınını uzaqdan tanıdı. Sürücüyə - dayanacaqda saxlayarsan - deyib, qapıya tərəf gəldi.

Srürcü avtobusu yana verib saxladı. Sevda düşüb üzündə xoş təbəssüm maşına tərəf tələsdi.

Avtobus yenidən geniş şoseyə düzəlib yoluna davam etdi.

Onların ilk tanışlığı da burdan başlamışdı. Onda da Sevda avtobusdan düşüb qəsəbəyə tərəf yönələndə gördü, yolun kənarında furqonlu bir maşın durub. Qız maşının yanından keçmək istəyəndə, qapı açıldı və içindən cod saçlı gənc oğlan düşdü. Oğlan cəld hərəkətlə maşının digər tərəfinə keçib qapını düz Sevdanın burnunun önündə açdı.

- Əyləş, xanım, - dedi, - mən də qəsəbəyə tərəf gedirəm.

- Sən kimsən, mən sənin maşınında oturum!? - Qız üzündə sərt ifadə soruşdu.

- Mən Fəridəm. Səhv etmirəmsə, sənin adın Sevdadır.

- Hə, nolsun?

- Mən də bu qəsəbədə yaşayıram, Otur, yolumuz birdir.

Sevda maşında oturmadı, oğlanın üzünə tərs-tərs baxıb yoluna davam etdi.

Fəridi qəsəbədə görmüşdü. Sevdagil bura köçəndən sonra bir-iki dəfə dükana gedəndə həmin maşın dükanın qabağında gözünə sataşmışdı. Sözsüz ki, gənc xanım buna əhəmiyyət verməmiş, dükandan aldığını alıb evə qayıtmışdı.

Qızın ailəsi bura köçənə qədər də Sevda şəhərdə işləyirdi. Əvvəl də səhərlər işə gedəndə şəhərdaxili işləyən marşrut avtobusdan istifadə etməli olurdu. Bu qəsəbə şəhərdən bir az aralı idi, ancaq sevda üçün çox şey dəyişmədi, yenə marşrut avtobusla gedib-gəlməli olurdu. Görünür, Fərid də, gözü qızı tutandan sonra, bunu başa düşmüşdü.

Növbəti axşam Sevda işdən qayıdanda avtobus qəsəbənin döngəsinə çata-çatda qız qeyri-ixtiyari pəncərədən boylandı. Gördü, furqonlu maşın həmin yerdə durur. İçini qəribə həyəcan hissi bürüsə də, avtobusdan düşüb qəsəbəyə gedən yola tərəf yönəldi. Maşından bir az aralı keçmək istəyəndə, oğlan yenə cəld hərəkətlə maşının qapısını açıb qızın yolunu kəsdi.

- Əyləşin aparım.

- Yoldan çəkil!

- Qəsəbəyə qədər xeyli yol var, niyə əziyyət çəkirsən, onsuz da o tərəfə gedirəm, gəl, əyləş, səni də aparım.

- Lazım deyil, özüm gedirəm!

Sevda bunu deyərək Fəridi yana itələyib yoluna sərt addımlarla davam etdi.

Üçüncü axşam avtobus həmin yerə yaxınlaşaraq aradakı məsafə azaldıqca işdən qayıdan qızın narahatçılığı da artırdı. Uzaqda döngə görünəndə qız qəribə təşvişlə pəncərədən qənşərə boylandı.

Furqunlu maşın həmin yerdə durmuşdu.

Sevda bir istədi bu dayanacaqda deyil, sonrakı dayanacaqda düşsün, lakin tədricən qaş qaraldığını nəzərə alıb xeyli yolu piyada geri qayıtmaqdan xoflandı. Həm də içində baş qaldıran qəribə bir inad - o kimdir, ondan qorxursan! - deyə, sanki onu irəli itələdi. Odur ki, acıqlı tərzdə - saxla! - dedi.

Ayağını yerə basıb furqonlu maşına tərəf gedəndə həyəcandan dizlərinin bir az əsdiyini hiss elədi. Özünü ələ alıb yoluna davam etdi.

Fərid bu dəfə maşını elə saxlamışdı, demək olar ki, qızın keçib getməyinə yer qalmamışdı.

O, maşının sağ yanında qalan darısqal yerdən keçmək istəyəndə, hər şey olduğu kimi təkrarlandı. Sevda yenə maşına minməkdən inadcasına imtina edəndə, Fərid:

- Neçə gündür burda durub sənin yolunu gözləyirəm, gəl min, aparım da! - dedi.

- Mən sənə gözlə deməmişəm.

- Sən deməmisəm, amma ürəyim deyib.

- Ürəyinə de, məni burda gözləməsin, yaxşı deyil, görən-bilən nə deyər!

- Bəs harda gözləsin?

- Evdə.

- Evdə? Yəni deyirsən, elçimi göndərim?

Sevda Fəridin bu sualına cavab vermədi, yanından bir təhər keçib getdi.

Bir neçə gündən sonra oğlan qıza elçi göndərdi. Evləndilər.

Bundan sonra Fərid Sevdanı hər səhər furqonlu maşınında dayanacağa gətirib avtobusa mindirib şəhərə yola salırdı. Amma axşamlar yolunu yol qırağında gözləmirdi. Sevda buna razı olmurdu, deyirdi, avtobusun gecikməyi də var. Niyə işindən-gücündən olub orada durub məni gözləyəsən. Sən mənə görə işini buraxma, iki addımlıq yoldur, özüm gəlirəm də.

Bu minvalla, nağıllarda deyildiyi kimi qırx il keçdi. Bu zaman ərzində üç övladları oldu, qız köçürdülər, oğul evləndirdilər. Nə bir-birinə münasibətləri dəyişdi, nə də yaşam qaydaları.

Amma bu dəfə xanımını adəti üzrə səhər yola salan Fərid qaydanı pozmuşdu, qırx il öncə ilk tanışlıq günlərində olduğu kimi gəlib onun yolunu gözləyirdi.

Avtobusdan düşən Sevda gənclik illərində olduğu kimi qəribə həyəcan hissi keçirərək maşına yaxınlaşdı, qapını açıb Fəridin yanında oturdu. Əl çantasında nəsə axtararaq onun üzünə baxmadan:

- Deyəsən, köhnə xasiyyətinə qayıdırsan, - dedi.

Fəriddən səs çıxmadı. Sanki yuxuya getmişdi.

Sevda sumkadan dəri pulqabı çıxardı:

- Fərid, gör sənə nə aldım! Sən bəyəndiyindəndir.

Fərid başını aşağı salıb oturmuşdu.

- Fərid, yatmısan? - qadın onun çiyininə toxundu, Fərid o tərəfə əyilib, sol çiyini ilə maşının şüşəsinə söykəndi. - Fərid, eşitmirsən? - Sevda onu silkələdi, Fəriddən yenə səs çıxmadı, başı yırğalanıb sinəsinə tərəf əyildi. - Fərid! - Sevda onu bir də silkələdi, Fəridin cansız bədəni qabağa getdi, başı sükanın dirəndi, maşın siqnal verməyə başladı. Sevda qeyri-ixtiyari geri atıldı və bərəlmiş gözlərini uzaq boşluqlara zilləyərək deyəcəyi sözləri, hayqıracaq səsini sanki uddu. Bir müddət beləcə qaldı. Sonra uzaqlara baxa-baxa ətürpədici bir tərzdə pıçıldadı:

- Sənə dedim, gözləmə!

Sevdanın bu sözləri də içindən yara qaysağı kimi qopan bu səsi də maşının qulaqbatırıcı siqnalına qarışıb itdi. Sevda susdu, daha heç nə demədi.

Həndəvərdə olan qəsəbə sakinləri nəhayət maşının aramsız siqnalına fikir verdilər. Gəlib maşındakıları gördülər. Görənlər görməyənlərə də xəbər verdilər. Camaat yığıldı. Fəridin cəsədini öz maşınının arxa oturacağına uzatdılar, kimsə sükan arxasına keçdi... Nə bu vaxt ərzində, nə hüzrdə Sevda dinib danışmadı, lal-kar kimi oturub gözlərini uzaq boşluqlara zilləmişdi. Yalnız cənazəni qaldıranda o da ayağa durdu, ömürlük gedən ömür-gün yoldaşının arxasınca baxıb:

- Sənə dedim, gözləmə! Bu kəlməni həmin səslə pıçıldayaraq əlləri qoynunda yenidən uzaq boşluqlara zilləndi.

Həkimlər dedilər, tromb qopub.

Qəsəbə camaatı - Səhər tezdən arvadı qəsəbənin ətəyindəki dayanacaqda avtobusa mindirib yola salandan sonra maşını fırlayıb evə qayıdanda ordaca ürəyi yatıb, - dedi.

 





13.06.2024    çap et  çap et