525.Az

Azərbaycan milli hərəkat tarixinin ilk tədqiqatçı alimi


 

Azərbaycan milli hərəkat tarixinin ilk tədqiqatçı alimi<b style="color:red"></b>

Azərbaycan xalqının tarixinə daxil olmuş görkəmli tədqiqatçı alimlərin elmi-pedaqoji fəaliyyətini, yaradıcılığını və ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı sahələrini öyrənmək, onların mənalı həyat yolunu, zəhmətsevərliyini və vətəndaş mövqeyini, vətənpərvərliyini  və yüksək insani keyfiyyətlərini gənc nəslə çatdırmaq çağdaş dövrümüzdə də mühüm əhəmiyyətə malikdir. Xalqımızın tarixinə, milli-mənəvi dəyərlərimizə kökündən bağlı olan belə tədqiqatçı alimlərin qələmindən çıxan tarixi kitablar geniş elmi ictimaiyyət və tələbələr tərəfindən sevilə-sevilə oxunan əsərlər sırasına daxildir. Belə alimlərdən biri ömrünün müdrik çağını yaşayan tarix elmləri doktoru, professor Xəqani Məmmədovdur.

 

Azərbaycan xalqının yaradıcı təfəkkür və düşüncə tərzinin, milli istiqlal mübarizəsi və azadlıq hərəkatının ən böyük nailiyyəti özünün müstəqil milli dövlətini bərpa etmək, qüdrətli dövlətçilik ənənələrini davam etdirmək və həyata keçirmək bacarığıdır. Azərbaycan xalqının milli azadlıq mübarizəsi-nin məntiqi nəticəsi kimi, dövlət müstəqilliyinin bərpasının böyük əhəmiyyəti həm də o oldu ki, qədim və zəngin dövlətçilik tariximizin obyektiv yazılmasına əlverişli şərait yarandı.

Bu baxımdan tarix elmləri doktoru, professor Xəqani Məmmədovun elmi yaradıcılığı diqqəti cəlb edir. X.Məmmədov Azərbaycan tarix elmində yenilik yaradan tədqiqatçı alimlərdən biridir. Bu dəyərli alim gecə-gündüz tədqiqatlar aparır, müxtəlif arxiv materiallarını araşdıraraq xalqımızın şərəfli tarixində mühüm problemlərdən biri və vacibi olan milli hərəkat tarixini, onun mərhələlərini, mahiyyət və məzmununu müəyyən etdi və tariximizin açılmamış səhifələrinə aydınlıq gətirdi və bununla da Azərbaycan milli hərəkat tarixinin müəllifi statusunu qazandı.

X.Məmmədovun Azərbaycan tarix elminə gətirdiyi bu yenilik bu gün bütün ali məktəblərdə tədris edilir və on minlərlə tələbə gənclərimiz mili hərəkat tariximizi öyrənirlər.

X.Məmmədov özünün elmi fəaliyyəti ilə milli tariximizdə adı çəkilən problemin tədqiqi ilə ilk çığır açan alimlərdən biridir. O, ilk dəfə olaraq XIX-XX əsrlərin qovşağında dahi milli öndərlərimiz olan H.Zərdabinin, M.Ə.Rəsulzadənin, Ə.Hüseynzadənin, Ə.Topçubaşovun, M.B.Məmmədzadənin, H.Baykaranın və başqalarının bizə məlum olmayan əsər və çıxışlarından maksimum faydalanaraq məntiqi nəticə çıxarmış və çağdaş tariximizə daxil edilən yeni konsepsiyanın müəllifi olmuşdur. Bu konsepsiya isə respublika tarixçiləri tərəfində yüksək qiymətləndirilmiş və dərsliklərə daxil edilmişdir.

Xəqani Məmmədov 1954-cü il iyun ayının 18-də Ağcabədi şəhərində dünyaya gəlmişdir. 1970-ci ildə Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirən Xəqani Məmmədov elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur. Cəmi 16 yaşı yenicə tamam olan gənc Xəqani tələbə yoldaşları içərisində ən gənci idi.

Hələ tələbə ikən gecə-gündüz tarix kitablarını yorulmaq bilmədən kitabxanalarda fasiləsiz öyrənən Xəqani özünün zəhməti və elmi biliyi hesabına 1975-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirir. Təhsil Nazirliyinin göndərişi ilə doğma məktəbində tarix müəllimi işləyir və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olur. Onun istedadı və savadı nəzərə alınaraq 1982-ci ildə tarix fakültəsində müəllim vəzifəsinə təyin edilir.  Sənətini və milli tariximizi canı qədər sevən Xəqani müəllimə zaman keçdikcə bu peşə şöhrət gətirdi. 1985-ci ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edir və tarix elmləri doktoru alimlik dərəcəsini alır. 2000-ci ildə professor vəzifəsini tutur. Sürətlə keçən bu illər ərzində Xəqani Məmmədov zəngin və çoxsahəli bir elmi-pedaqoji yaradıcılıq məktəbi keçir. Bu illər ərzində ciddi elmi tədqiqatlar apararaq dəyərli əsərlər yazır.

Bu gün respublika elmi ictimaiyyətinin görkəmli alimlərindən biri, Azərbaycanda və türk dünyasında tanınmış dəyərli tarixçi alim, yüzlərlə insanın qəlbində özünə əbədi heykəl ucaldan, sevgi və istək dolu mənalı ömür yaşayan Xəqani Məmməd oğlu Məmmədovun anadan olmasının 70 və elmi-pedaqoji fəaliyyətinin 49 ili tamam olur. Qəlbinin hərarətini, zəngin elmi biliyini istəkli tələbələrinə öyrətmək, bütün insanlara əlindən gələn köməyi etmək, onlara mənəvi dayaq olmaq Xəqani müəllimin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin başlıca amalına çevrilmişdir.

Xəqani Məmmədov müdrik alim, dəyərli ziyalı, gözəl təşkilatçı, əvəzsiz dost, minlərlə insanın və tələbə dünyasının sevdiyi istəkli müəllim, təcrübəli pedaqoq, xalqını və Vətənini canı qədər sevən insandır. Yaxşılıq və xeyirxahlıq onun qanında və canında, bütün elmi və pedaqoji yaradıcılığında, praktik əməllərində və mənalı ömür bioqrafiyasındadır.

X.Məmmədov Azərbaycan tarix elmində öz sözünü deyən yaradıcı və məhsuldar tədqiqatçı alimdir. Xəqani müəllim Bakı Dövlət Universitetinin aspiranturasına daxil olduğu ilk günlərdən elmi tədqiqatlara böyük həvəs və istəklə yanaşırdı. Məhz həmin istək arzusu ilə Xəqani müəllim respublikanın, o zamankı İttifaq dövlətinin mərkəzi şəhərlərinin kitabxanalarında, arxivlərində yorulmaq bilmədən axtarışlar aparır, yeni-yeni arxiv materiallarını elmi dövriyyəyə cəlb edirdi. Həmin ciddi elmi axtarışların məntiqi nəticəsidir ki, onun qələminin məhsulu kimi Azərbaycanın XIX əsrin sonu - XX əsrin əvvəllərini əhatə edən milli hərəkat tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm və mədəniyyət sahələrində fəaliyyəti, Türkiyədə və Azərbaycanda erməni quldurları tərəfindən törədilən soyqırımlar və b. kimi sanballı tədqiqat əsərləri yazıldı və geniş elmi ictimaiyyətin istifadəsinə verildi. Xəqani müəllim doktorluq dissertasiyasını müdafiə etməklə kifayətlənmədi. Müdafiədən sonra onun ali məktəblər üçün dəyərli dərs vəsaiti və monoqrafiyası, bir çox elmi əsər və məqalələri işıq üzü gördü. Onun Azərbaycan tarixi elminin müxtəlif sahələrinə dair çoxlu elmi əsərləri, dərslikləri və monoqrafiyaları, ali məktəblərimizdə tədris edilən və sevilərək oxunan kitabları vardır.

Xəqani Məmmədovun elmi-tədqiqat sahəsi çox genişdir. Zəhmətkeşlərin əmək tərbiyəsi ilə elmi yaradıcılığa və araşdırmalara başlayan və elmlər namizədi alimlik dərəcəsi alan (1985-ci il) X.Məmmədov, sonradan daha aktual problemləri tədqiq etməyə və Azərbaycan tarixinin sovet dövründə yasaq edilmiş problemlərini araşdırmağa başladı. Azərbaycan xalqının milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi dövlət müstəqilliyinin bərpasının böyük əhəmiyyəti həm də o oldu ki, qədim və zəngin dövlətçilik tariximizin obyektiv yazılmasına əlverişli şərait yarandı. Azərbaycan tarixinin yeni təfəkkür tərzində, doğru-düzgün yazılmasına xüsusi diqqət və qayğı göstərən Ümummilli lider Heydər Əliyev 1993-cü il sentyabrın 21-də və 1997-ci il yanvarın 31-də ziyalılarla, AMEA-nın rəhbərliyi ilə görüşündəki nitqində Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılmasının vacibliyini qeyd etmiş və bu istiqamətdə elmi-tədqiqat işlərinin genişləndirilməsinin zəruri olduğunu bildirmiş, tarixçilərə dəyərli məsləhətlərini, tapşırıqlarını və tövsiyələrini vermisdir. Azərbaycan tarixi elminin gələcək inkişaf strategiyasını müəyyənləsdirmək, tarixçilər ordusunu səfərbər etmək və istiqamətləndirmək baxımından Heydər Əliyev bu tarixi görüşləri ilə Azərbaycan tarixçilərinə hər hansı bir problemin dərindən və obyektiv araşdırılması üçün dövlət səviyyəsində hərtərəfli şərait yaratdı. Heydər Əliyev demişdir: "...Tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri də var. Tariximizin hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq... Biz qısa vaxtda heç olmasa XX əsrin tarixini yazmalıyıq".

 Ümummilli lider Heydər Əliyevin xalqımızın tarixinin yeni təfəkkür tərzində araşdırılmasına dair tapşırıqları və göstərişləri tarixçi alimlərin qarşısında bir proqram sənədi oldu. Tarixçi alimlər yeni-yeni aktual mövzularla araşdırmalara başladılar.

Geniş araşdırmalara başlayan X.Məmmədov 1998-ci ildə "Azərbaycanda maarifçilik və milli hərəkat (XIX yüzilliyin sonları - XX yüzilliyin əvvəlləri)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi aldı. Onu da qeyd etməliyik ki, iki il əvvəl, yəni 1996-cı ildə onun tərəfindən  "Azərbaycan milli hərəkatı (1875-1918-ci illər)" adlı monoqrafiyanın nəşr olunub geniş ictimaiyyətə çatdırılması respublika tarix elmində böyük marağa səbəb oldu və görkəmli tarixçi alimlər həmin kitaba yüksək qiymət verdilər. Arxiv sənədləri və milli-azadlıq hərəkatının görkəmli xadimlərinin, qabaqcıl ziyalılarının əsərləri, dövrü mətbuat materialları əsasında, geniş araşdırmalar nəticəsində yazılan həmin monoqrafiyada ilk dəfə idi ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan milli hərəkatının sosial-iqtisadi və siyasi təməli, maarifçilik hərəkatı və milli-mədəni inkişaf, milli-demokratik ideyalar, erməni-azərbaycanlı münaqişələrinin milli-azadlıq hərəkatına təsiri,  qabaqcıl ziyalıların türkçülük və demokratik dəyərlərə söykənən istiqlal mübarizəsinin ümummilli xalq hərəkatına çevrilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və s. məsələlər ətraflı tədqiq edilmişdir.

X.Məmmədov həmin kitabda ilk dəfə olaraq Azərbaycan milli hərəkatının mərhələlərini müəyyənləşdirmiş, həmin hərəkatın təkamül tarixini izləmiş, hər bir mərhələnin də özünəməxsus xüsusiyyətlərini səciyyələndirmiş, milli hərəkatın daxili və xarici amillərini faktlar və sənədlər əsasında müəyyənləşdirmişdir. Azərbaycan milli hərəkatı probleminin tədqiqi ilə bağlı arxiv materiallarının, habelə xarici sovetoloqların və azərbaycanşünas alimlərin bir çox tədqiqatlarının ilk dəfə elmi dövriyyəyə cəlb edilməsi kitaba elmi marağı daha çox artırmış, onun elmi-nəzəri və əməli əhəmiyyətini daha da yüksəltmişdir.

X.Məmmədovun ömür kitabının və elmi araşdırmalarının hər hansı bir səhifəsinə diqqət yetirərkən, onun sözun əsl mənasında dəyərli və istedadlı bir alim olması dərhal təsdiqlənir. Ona görə ki, X.Məmmədov tədqiqatçı alim kimi Azərbaycan tarixinin bir çox məsələlərini araşdırmış və yorulmaq bilmədən yeni-yeni əsərlər və elmi məqalələr yazmışdır. "Azərbaycanda maarifçilik və milli hərəkat" (Bakı, 1998, doktorluq dissertasiyası),   "Aydınlarımızın istiqlal mücadiləsi" (Bakı, 1999), "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, elm və mədəniyyət sahəsində fəaliyyəti" (Bakı, 1999), "Azərbaycan xalqının milli istiqlal mübarizəsi" (Bakı, 2005, dərs vəsaiti), "Türkiyədə və Azərbaycanda erməni millətçilərinin cinayətləri" (Bakı, 2007, monoqrafiya),  "Erməni iddiaları və Azərbaycanlıların soyqırımı" (Bakı, 2008, dərs vəsaiti) və digər elmi əsərlər X.Məmmədovun qələminin məhsuludur. Bunlardan başqa X.Məmmədov "Azərbaycan tarixi" XI sinif, "XX əsrin siyasi tarixi"  (mühzirə kursu), "Siyasi tarix" (I və II hissələr), "Azərbaycan tarixi" (Ali məktəblər üçün dərslik, Bakı, "Bakı Universiteti Nəşriyyatı",  2014, 2015 və 2017, 2019-cu illər) və başqa dərsliklərin həmmüəllifidir.

X.Məmmədov yaradıcı alimdir. Bu vaxta qədər onun 15 adda monoqrafiyası, dərsliyi, dərs vəsaiti, elmi-metodik kitabçaları, proqramları, 130-dan artıq elmi əsərləri və məqalələri çap olunmuşdur. Onun əsərləri Polşa, İsveç, Türkiyə və başqa  xarici ölkələrdə nəşr edilmişdir.

X.Məmmədov həm də respublikamızda bacarıqlı ali təhsil və elmi təşkilatçılarından biridir. O, 1995-2003-cü illərdə Bakı Biznes Universitetində beynəlxalq əlaqələr üzrə prorektor və "Humanitar fənlər" kafedrasının müdiri vəzifələrində işləmiş, 2005-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasında "Rəhbər kadrların ixtisasının artırılması" fakültəsinin dekanı vəzifələrində çalışmış, 2007-ci ildə təhsil nazirinin əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru vəzifəsinə təyin edilmiş və 2013-cü ilə kimi həmin vəzifədə fəaliyyət göstərmişdir.

Filialın direktoru vəzifəsində işlədiyi dövr ərzində o, əsas fəaliyyətini tədris intizamının gücləndirilməsinə, tələbələrin dərsə dəvamiyyətinin yüksəkdilməsinə, təhsilin keyfiyyətinin artırılmasına, filialın maddi-texniki bazasının möhkəmləndirilməsinə, xüsusən də tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi zamanı obyektivlik və şəffaflığın təmin edilməsinə yönəltmişdir. Nəticədə 2007-2012-ci illərdə əvvəlki illərdən fərqli olaraq filial əməkdaşlarından 4 nəfər dosent elmi adını almış, 2 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlmiş, filialın 8 məzunu Respublikanın müxtəlif ali məktəblərinin magistratura pilləsinə daxil olmuşlar. Filialın yerləşdiyi tədris inzibati korpusu əsaslı təmir edilmişdir.

O, 2009-cu ilin mart ayının 18-də keçirilən Referendum ərəfəsində rəsmi vəkil olaraq Ağcabədi, Ağdam, Laçın, Goranboy, Beyləqan və Xocavənd rayonlarında keçirilən tədbirlərdə fəal iştirak etmişdir.

2013-cü ilin may ayında Azərbaycan Respublikasının BMT-dəki Daimi nümayəndəliyinin rəhbərliyi tərəfindən Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə dəvət olunmuş professor X.Məmmədov həmin konfransda "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarıdır" mövzusunda maraqlı məruzə ilə çıxış etmişdir. Professor Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan Diaspor Təşkilatının üzvləri ilə görüşmüş və orada "Erməni iddiaları və azərbaycanlıların soyqırımı" mövzusunda məruzə ilə çıxış etmiş və diaspor təşkilatı tərəfindən xatirə medalı ilə təltif edilmişdir.

Xəqani müəllimin mənalı ömür yolu, geniş həyat təcrübəsi var. Onun fəaliyyəti xalqına, dövlətinə sədaqət nümunəsi, vətənpərvərliyi isə gənclərə örnəkdir. O, bir azərbaycanlı kimi öz köklərinə, milli dəyərlərinə bağlı bir vətəndaşdır. Xəqani müəllimin daxili aləmində və  xarakterində təmkinli bir müdriklik var, böyük səbir sahibidir, dostlarını və opponentlərini axıradək dinləmək, öz fikir və mülahizələrini söyləmək, dəyərli tövsiyələrini vermək, onlara kömək əlini uzatmaq bacarığına malikdir.

O, 2016-cı ildən özünün elmi-pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan tarixi" kafedrasında davam etdirmişdir. Hazırda həmin universitetin tarix-coğrafiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında öz fəaliyyətini uğurla davam etdirir.

 Xəqani Məmmədov özünün mənalı ömrünü bütünlüklə elmə, təhsilə və maarifə həsr etməklə geniş elmi-pedaqoji və ictimai-siyasi həyat yolu keçmiş və 70 illik ömür bioqrafiyasının zirvəsinə yüksələ bilmişdir. O, "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)"  Azərbaycan Respublikasının yubiley medalı ilə, Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmiş, "Qızıl Qələm" mükafatı laureatı adına layiq görülmüşdür.

Hörmətli Xəqani müəllim! 70 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, Uca Tanrıdan Sizə cansağlığı və xoşbəxtlik, geniş elmi-pedaqoji fəaliyyətinizdə parlaq uğurlar, dövlətimizin və dövlətçiliyimizin inkişafını nümayiş etdirən yeni-yeni elmi əsərlər yazmağınızla bizi sevindirməyinizi arzulayıram!

Nuru MƏMMƏDOV

Tarixi elmləri doktoru, BDU-nun professoru, respublikanın əməkdar müəllimi

 





14.06.2024    çap et  çap et