525.Az

Müəllimi urvatsız edən öz nazirliyidir - So­sial şə­bə­kə­də ya­zı­lan­lar


 

Müəllimi urvatsız edən öz nazirliyidir - <b style="color:red"> So­sial şə­bə­kə­də ya­zı­lan­lar</b>

Taleh Şahsuvarov, jurnalist:

- Yol hərəkət qaydalarının pozulması inzibati xətadır. İnzibati xətalarla bağlı məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Bu məcəlləyə görə cərimə tənbeh növüdür. Cərimənin məbləğinin təyin olunması üçün Məcəllədə kriteriyalar nəzərdə tutulub. Cərimənin məbləğinin artırılması ilə bağlı istənilən təklif bu kriteriyalarla əsaslandırılmalıdır. Əgər bu əsaslar yoxdursa, təklifin qəbul olunması hüquqa ziddir... Ona görə də öncə bu sual qoyulmalıdır ki, cərimələrin artırılması Azərbaycanda minimum maaş və orta aylıq əmək haqqının məbləğinə uyğundurmu? Minimum əmək haqqının 350 manat civarında olduğu ölkədə nəinki 400, 300, 200, 100, 50, hətta 35 manat məbləğində də inzibati tənbeh məbləği ola bilməz. Azərbaycanda yol hərəkət qaydalarının pozulması ilə bağlı 10 manatdan yuxarı bütün cərimələrin məbləği dediyim səbəbdən ağlabatan deyil və hüquqi prinsipi pozaraq təyin olunduğu üçün ləğv olunmalıdır.  O ki qaldı parkinq məsələsinə, AYNA-nın ödəniş üsulu Konstitusiyaya ziddir. AYNA öncə vətəndaşların konstitutsiya hüquqlarını pozmağı dayandırmalı və Azərbaycan manatının statusuna vurduğu zərbənin cavabını verməlidir. Vətəndaş parkinqə getdi və telefonunun enerjisi bitdi, parkinq xidmətinin haqqını ödəmədi. Buna görə vətəndaşa cərimə və ya inzibati həbs tətbiq etmək hüququn üzünə lopa tüpürməkdir. Əgər gələcəkdə bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə işlər getsə, hamısı təmin olunacaq. Dövlətin reputasiyasını, atributlarını, vətəndaşın konstitutsion hüquq və maraqlarını, nəhayət hüquq sistemini bu şəkildə heçə saymağa heç kimin ixtiyarı yoxdur!

lll

Bu gün açıqlanan məlumata görə, 4 min müəllim sertifikatlaşmadan keçə bilməyib. Verilən məlumata görə, onlara məktəbdən kənarda işlə təmin olunmasına köməklik göstəriləcək. Fikrimcə, bu məsələ yığışdırılmalıdır. Dövlətin verdiyi ali təhsil diplomu heç bir sertifikatın gölgəsində qala bilməz. Məsələni sadə şəkildə izah edim. 1900-cü ildə də, 1950-ci ildə də, 2000-ci ildə də,  indidə və gələcəkdə də 2-nin üstünə 2 gələndə 4 edir. Bir müəllimə 2000-ci ildə ali məktəbi bitiribsə, elmi baxımdan dəyişən fundamental heç nə yoxdur. Mendeliyevin cədvəli də eynidir, Füzulinin qəzəlləri, Eynşteynin nisbilik nəzəriyyəsi də! Bu müddət ərzində edilən elmi yeniliklər proqrama daxil olubsa, bu, çox cüzi hissədə ola bilər. Ancaq illər dəyişdikcə, fənlərin öyrədilməsi metodikası dəyişə bilər. Bu da hər gün dəyişməli bir proqram deyil. Odur ki, Elm və Təhsil Nazirliyi bu sertifikat oyununu bitirib müəllimlərin təkmilləşdirilməsi üçün proqramlar həyata keçirməli, onlara seminarlar təşkil etməlidir. Bunu dövılət də nəzərə alır və ona görə də müəllimlərin təkmilləşdirilməsinə hər il büdcədən pul ayırır. Gündə bir test icad eləyib Azərbaycanın ziyalı təbəqəsini məhv etmək yox, təbəqəni innovasiyalarla tanış edib müasirləşdirmək lazımdır. ETN-nin işi hoqqa çıxarmaq yox, uzunmüddətli və dayanıqlı inkişafın kadr bazasını hazırlamaqdır.

 

Elşad Paşasoy, jurnalist:

- Xatırlayırsınızmı, paytaxtdakı binaların üstündən kütləvi şəkildə su çənləri yığışdırıldı ki, Bakıya fasiləsiz su veriləcək, şəhərin görüntüsünü pozan elementlər yığışdırılmalıdır...

Camaatı narazı saldılarmı? Fasiləsiz su verildimi?

İndi avtobus və velosiped zolağına çıxan avtomobillərin cəriməsi artırılır, hazırda 40 manatdır, bundan sonra 100 manat cərimələnəcəklər...

Hətta velosipedini parklanma yerindən kənarda saxlayanlar 10 manat cərimələnəcək... Velosiped yolu varmı ki, cərimə də tətbiq olunur? Hələ park yeri bir yana qalsın.

Avtobuslarda kart sistemini tətbiq edənlər heç düşünmədilər ki, son illər Bakıda əhali sürətlə artıb, 10-15 il əvvəl alınmış "pişik balası" boyda avtobuslarla, azı 10-15 dəqiqəlik intervalla, yayın qaynar çağında kondisionersiz avtobusla sərnişin daşımaq olmaz!

Hələ üstəlik, "ictimai nəqliyyatı təşviq edənlər" tapılır, onların iki dayanacaq arası avtobusla aparasan, ağılları başlarına gələr. Əvvəlcə avtobusda vəziyyəti yaxşılaşdırın, sonra taksilərin yaxasından yapışın! Yoxsa camaat pulunu çölə atmayıb ki, taksi ilə hərəkət eləsin, rahat avtobus dura-dura...

Nə isə xırda problemləri vaxtında həll eləməyəndə böyüyüb adamın üzünə ağ olur. Səlahiyyət sahibləri, sizə etimad göstərib DÖVLƏT, ölkənin rəhbərliyi, işinizin öhdəsindən gəlin, insaflı olun!

 

Şamil Paşayev, hüquqşünas:

- Fağır müəllimləri tapmısınız, danlayırsınız.

Müəllimi təəssüf ki, öz nazirliyi urvatsız etmək üçün hər şey edir.

Dostlar, müəllim müqəddəs peşədir. Müəllim bir qarın ac, bir qarın tox yatmaqdır. Özünə, uşağına heç bir şərait yarada bilməməkdir. Bu aydan o biri aya necə çıxmaq, nə edim, necə edim deyə - düşünərək ölməkdir.

İstənilən sahədə imtahan olsa, hamısında nəticələr təhsildəkindən daha biabırçı olacaq.

Kaş sertifikasiya imtahanını çətin salıb, arxaqapıdan qiymət yazanlar olmasın.

P.S. Müəllimin şərəfi getsə, cəmiyyət ləyaqətsiz qalar.

Yanarsınız - yandırarsınız, etməyin.

 

Etibar İbrahimov, Abşeron Milli Parkının direktoru:

- Ornitoloq Abdin Abbasovdan mühüm açıqlama:

"Quş müşahidəçilərinin və ornitoloq - mütəxəssislərin apardıqları intensiv çöl müşahidələri nəticəsində iyun ayının əvvəlində Azərbaycanda yeni quş növünə rast gəlinib. Abşeron Milli Parkının ərazisində qeydə alınan Qara çəkçəki (Saxicola caprata) quş növünün ilk dəfə ölkəmizin ərazisində müşahidə olunması ornitofauna sahəsində bir yenilik sayılır.

Qara çəkçəki növünün məskunlaşma yerləri əsasən Şərqi İran, Əfqanıstan və Türkmənistan əraziləri sayılır.

Bu növün Azərbaycanda, Xəzərin Abşeron Milli Parkının yerləşdiyi xüsusi mühafizə olunan təbiət ərazisi hissəsində görünməsi əlamətdar hadisə kimi qiymətləndirilir və ölkəmizdə qeydə alınan nadir quş növləri sıyahısına daxil ediləcək.

Qara çəkçəki növünü təcrübəli quş müşahidəçisi Elvin Məmmədsoy xarici mütəxəssislərlə birlikdə aşkar edib.

Azərbaycanda yeni növün xarici quş müşahidəçilərinin iştirakı ilə aşkar edilməsi isə ornitofauna sahəsində ölkəmizin reytinqinə çox müsbət təsir göstərəcək və xarici quş müşahidəçilərinin axınına səbəb olacaq".

 

Dilqəm Əhməd, jurnalist: 

- Müzakirələrə görə yadıma düşdü.

Universitetə qəbul imtahanında Azərbaycan dili və ədəbiyyatdan düşən 35 sualdan bir səhvim çıxmışdı, birini də yaza bilməmişdim. Səhvim yadımda deyil, yaza bilmədiyim müntəxəbatdan idi. Deyəsən, "Müsibəti-Fəxrəddin"dən bir cümlə idi ki, bunu əsərdə kim deyir. Cavab Hürü nənə imiş.

Aradan 21 il ötüb, hələ də Hürü nənə yadıma düşür. Orasını anlamadım ki, məni ali məktəbə qəbulda niyə Hürü nənə ilə sınağa çəkmişdilər.

 

Orxan Fikrətoğlu, Əməkdar incəsənət xadimi:

- Milyonlarla insanı ömürlük xəstə etmiş, yüz minlərlə insanı qətlə yetirmiş COVİD müəllifləri görəsən, haçansa müəyyən edilib mühakimə ediləcəklərmi?

 

İradə Tuncay, Əməkdar jurnalist:

- Qədim yunan mifologiyasında Avropa Finikiya çarı Aqenorun Zevs tərəfindən oğurlanıb Krit adasına aparılmış qızıdır. Həmin bu oğurlanma süjeti bir çox məşhur rəssamların yaradıcılığında istifadə olunub. Yunanlar "Europe" sözünü assuriyalıların "Ereb" - yəni qərb sözündən götürüblər. O vaxtlar Egey dənizindən qərbdə yerləşən ərazilər Europe adlanırmış. Tarixi mənbələrə inansaq, bu materiki kritlilər eramızdan əvvəl XVI əsrdə kəşf ediblər. Yəni görünür, materikin ilkin mənbələrdə təsviri o vaxtdan var. Həm mifologiyada, həm də tarixdə Krit adı hallandığından Avropanın bu ada ilə yaxın qohumluğu qənaətinə gəlmək olar. Amma sözüm onda deyil. Bizim bu gün görməyə öyrəşdiyimiz gözəl-göyçək, zəngin, təmiz-tarıq Avropa hardasa XIII-XIV əsrlərə qədər kasıb, yoxsul bir yer olub. Tarixin ilkin qüdrətli dövlətləri eramızdan əvvəl şərqdə yaranan dövlətlərdir. Sonralar antik yunan dövlətləri və Roma imperiyası həmin mədəniyyətin üstündə bərqərar olub. Tarixçilər (qərbli) bunu elə-belə sətirarası qeyd edirlər. Sərf eləmir. Nə isə, səlib yürüşlərinə qədər Avropada Şərq ölkələrinin zənginliyi, gözəlliyi haqqında əfsanələr gəzirmiş. Valter Skottun cəngavər romanlarını oxuyanlar o dönəm Avropası haqqında müəyyən qədər məlumat alıblar. Qərblilərin ən böyük sərvəti onların ağlıdı. Bu, artıq isbat olunmuş bir həqiqətdir ki, həyat şəraiti çətin olan yerlərdə insanın beyni yaxşı işləməyə başlayır. Onlar da beyinləri yaxşı işlədiyindən Şərqi necə ələ keçirmək haqqında düşünməyə başladılar. İlk olaraq dənizçi-səyyahlar kəşfiyyata çıxdılar. Şərq dünyasının zəif və güclü nöqtələrini öyrəndilər. Sonra ruhani missionerlər gəlməyə başladı. Lap sonra Şərqdən aparıb satdıqları ədviyyat vasitələrindən qazandıqları pullarla banklar, şirkətlər yaradıb (təsəvvür edin ki, o vaxt qara toz bibərin qiyməti qızıldan baha imiş) yenidən Şərqə döndülər və istila etdilər. Hər zaman zirvədə qalmaq mümkün deyil. Həmin vaxtlar Şərq tənəzzül dövrünü yaşayırdı... İndi isə Qərb,yəni Avropa SAĞlaşır... Bəlkə SAĞALIR?..

 

Asif Nərimanlı, jurnalist:

- Paşinyan KTMT-dən çıxacaqlarını rəsmən elan etdi. Ermənistan təşkilatda fəaliyyətini məhdudlaşdırsa da, indiyə qədər çıxmaqla bağlı yüksək səviyyədə mövqe açıqlamamışdı. Və rəsmi İrəvanın KTMT ilə bağlı sərgilədiyi mövqe daha çox Azərbaycan qarşısında təşkilatın dəstəyini qazanmaq, Rusiyanın mövqeyinə təsir etmək və Qərb qarşısında qiymətini artırmağa bənzəyirdi. Hərçənd, Paşinyanın açıqlamasından sonra özünün də dediyi kimi, "geridönüşün olmayacağı" görünür.

Erməni Baş nazir bu açıqlamanı parlamentdə müxalifətin ittihamlı suallarını cavablandırarkən verib, lakin Obraynın səfəri və ABŞ-Ermənistan strateji dialoqunun keçirilməsindən sonra verilən bu bəyanatın arxasında Vaşinqtonun da istəklərinin olduğu ehtimalı ön plana çıxır. İstisna deyil ki, ABŞ Ermənistandan verəcəyi dəstək qarşılığında KTMT-dən ayrılmağı yekunlaşdırmasını istəyib.

Ermənistanın KTMT-dən çıxması Rusiyanın bu ölkədəki hərbi mövqelərinin də zəifləməsini sürətləndirəcək. Moskvanın bu reallıqla barışacağı sual altındadır, lakin Rusiyanın hazırda Ermənistana hərbi və siyasi təsir imkanları o qədər də effektiv deyil. Bundan fərqli olaraq, iqtisadi rıçaqların işə salınması Ermənistan üzərində təsiredici faktor ola bilər. Misal üçün, təkcə erməni yük maşınlarının önünün kəsilməsi Ermənistan iqtisadiyyatı üçün ciddi itkilərə səbəb olur. Bu baxımdan, Rusiyanın iqtisadi rıçaqlaran istifadə edəcəyi mümkün variantlardandır, lakin bu, Moskvanı dilemma qarşısında qoyur. Çünki iqtisadi rıçaqlardan istifadə erməni əhalisinin zərər çəkməsi ilə nəticələnir və bu, Rusiyanın erməni ictimaiyyətinin dəstəyini qazanmaq siyasətinə ziddir, o cümlədən, Ermənistan hakimiyyətinin ictimai rəydə antirusiya siyasətini əsaslandırmaq imkanlarını artıra bilər.

Moskvanın Gümrüdəki bazasına təhlükə yaranmadığı müddətdə İrəvanla ehtiyatlı mövqeyini davam etdirəcəyi, buna paralel olaraq, bölgədəki mövqelərini qorumaq üçün Azərbaycanla daha çox işləmək siyasətini izləyəcəyi görünür.

 





14.06.2024    çap et  çap et