525.Az

Qiyməti ucuz, özü təhlükəli  


 

DİZELDƏN İMTİNANIN VAXTI ÇATIB

Qiyməti ucuz, özü təhlükəli  <b style="color:red"></b>

Bu gün qlobal müstəvidə ekologiyanın qorunması, ətraf mühitə ziyan vuran amillərin aradan qaldırılması prioritet təşkil edir. Problem aktiv müzakirə olunur və çıxış yolları axtarılır. Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına – COP29-a sədrlik edən Azərbaycan da bu istiqamətdə fəal iş aparır, ekoloji çirklənmənin qarşısını almaq üçün addımlar atır. Bu mənada dizel mühərrikli avtomobillərdən imtina məsələsi gündəmdədir. Artıq bir sıra aparıcı istehsalçı şirkətlər dizel mühərrikli avtomobillərin istehsalını dayandırıb. Dizel yanacağı ətraf mühitə çox böyük ölçüdə karbon emissiyası ötürür. Bu da havanın kəskin çirklənməsinə səbəb olur ki, nəticədə udduğumuz çirkli hava ağır xəstəliklərin, xüsusilə xərçəngin yaranmasına gətirib çıxarır. Mövcud vəziyyət, yəni avtomobillərin çoxalması nəticəsində havanın çirkliliyinin artması elektromobillərə keçidin sürətləndiriliməsini daha da zəruri edir. Atmosferə atılan zərərli qazların emissiyalarını azaltmaq və elektromobillərə keçidi sürətləndirmək üçün əksər ölkələrdə artıq Aİ92 markalı benzin istehsal olunmur və satılmır. Dizel yanacağının azaldılması məqsədi ilə onun qiyməti benzinin qiymətindən yüksəkdir. Hazırda elektromobillərin istehsalına keçid üçün beynəlxalq səviyyədə fəal işlər görülür. Məsələn, Norveç 2025-ci ilə qədər daxili yanma mühərrikli avtomobillərin satışını tamamilə dayandırmağı planlaşdırır. Braziliya benzin və dizeldən daha təmiz yanacaq olan şəkər qamışından istehsal edilən etanoldan geniş istifadə edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalı və qeydiyyatı artıq 2035-ci ildən mümkün olmayacaq.  

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 880 min ton, 2022-ci ildə 930,6 min ton təşkil edib. 2023-cü ildə isə bu göstərici bir milyon tonu keçib. Bu zərərli maddələrin 80 faizdən çoxu avtomobillərdən atılan tullantılardır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, gün ərzində keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1,5, dəm qazı 1,3, azot-4 oksid 1,1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1,3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1,5-1,7 dəfə normadan yüksəkdir.
Araşdırmalara görə, Bakıda istifadə olunan avtomobillərin 80 faizindən çoxu istismar müddətini başa vurmuş avtomobillərdir. O cümlədən, dizel mühərrikli avtomobillərin idxalı durmadan artır. 

Rəsmi statistikaya görə, 2021-ci ildə ölkəyə 21,4 min, 2022-ci ildə 21,8, 2023-cü ildə isə 32,1 min dizel mühərrikli avtomobil idxal olunub. Amma qeyd etdiyimiz kimi, dünya ölkələri, xüsusilə ekoloji təmizliyə diqqət yetirənlər nəinki dizel mühərrikli avtomobillərdən, ümumiyyətlə dizel yanacağından imtina edirlər.

Benzin və dizel yanacağının istifadəsi əsas istixana qazlarından biri olan karbon qazının əhəmiyyətli dərəcədə emissiyasına səbəb olur. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, nəqliyyat sektoru 2019-cu ildə qlobal CO₂ emissiyalarının 24%-nə cavabdeh olub ki, bunun da 75%-i avtomobil nəqliyyatının fəaliyyətinin nəticəsidir.

ABŞ-da bir qallon yanmış benzin təxminən 8,89 kq CO₂ istehsal edir. ABŞ 1,9 milyard ton CO₂ emissiya edib.

Dizel yanacağı, benzindən fərqli olaraq, daha çox azot oksidi və kükürd dioksidi buraxır. Bu maddələr insan sağlamlığına və ekosistemə mənfi təsir göstərən turşu yağışlarının və fotokimyəvi dumanın əmələ gəlməsinə kömək edir.

Avropada nəqliyyat sektoru NOₓ-nin ən böyük mənbəyidir və bütün NOₓ emissiyalarının təxminən 40%-ni təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, havanın çirklənməsi səbəbindən hər il təxminən 7 milyon insan ölür.

Onu da qeyd edək ki, bu istiqamətdə Azərbaycan davamlı işlər görür. 2024-cü ilin iyun ayının sonunadək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Avro-5 ekoloji standartına uyğun avtomobil benzini istehsalına başlayacaq. 2023-cü ilin may ayında zavod artıq Avro-5 standartına uyğun dizel yanacağı istehsalına başlayıb. Daha yüksək ekoloji standartlara keçid zərərli maddələrin emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq.

Son illər Azərbaycanda elektriklə işləyən avtomobillər və hibrid avtomobillər kimi ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin təşviqinə yönəlmiş siyasət fəal şəkildə inkişaf etdirilir. Ölkədə bu cür avtomobillər və onların enerji doldurucuları üçün vergi və gömrük güzəştləri tətbiq edilib ki, bu da artıq onların idxalının xeyli artmasına səbəb olur. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 4 ayında elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı 1012 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki 568 ədədlə müqayisədə təxminən 2 dəfə çoxdur. Hibrid avtomobillərin idxalı da 14% artaraq 5111 ədədə çatıb. 2022-ci ildə müvafiq olaraq 486 və 11337 ədəd olmaqla, 2023-cü ildə 3102 hibrid avtomobil və 14098 elektromobil idxal edilib.

Elektriklə işləyən avtomobillərin sayı artdıqca, enerji doldurma məntəqələri şəbəkəsi də genişlənir. Bu ilin martında Prezident İlham Əliyev elektrik nəqliyyatından istifadənin dəstəklənməsi haqqında sərəncam imzalayıb və "Azərişıq" ASC zəruri infrastrukturun yaradılması istiqamətində fəal iş aparır. Paytaxtda və bölgələrdə dayanıqlı elektrik enerjisi ilə təmin olunan doldurma məntəqələri quraşdırılır.

Əhalinin ənənəvi avtomobillərdən imtina etməməsinin əsas səbəblərindən biri hazırda Azərbaycanda Aİ-92 markalı benzin və dizelin qiymətlərinin ucuz olmasıdır. Ucuz qiymət insanların sağlamlığına həddən artıq zərər verir, onları ağır xəstəliklərə düçar edir. İlk növbədə insanlarımız bu problemin mahiyyətini anlamalıdırlar, eyni zamanda, elektromobillərə keçid sürətlənməli, dizel yanacağı istehlakı isə azaldılmalıdır.
 


 

 





15.06.2024    çap et  çap et