ABŞ Moskva üçün çox əlamətdar bir tarixdə, "Rusiya günü"ndə Rusiyaya qarşı ən sərt qadağaları tətbiq etdi. Belə görünür ki, Vaşinqton sanksiyalar ilgəyini daha da daraldır. Tətbiq edilən sanksiyalar o qədər sərt qadağalardır ki, Rusiyaya qarşı sərt addımların atılmasını tələb edənləri belə təəccübləndirib.
ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına Moskva Birjası, Milli Klirinq Mərkəzi və Milli Hesablaşma Depozitarisinin daxil edilməsi hər kəsi təəccübləndirib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev yeni tətbiq edilən sanksiyaları "qaydasız müharibənin elanı" adlandırıb.
Moskva Birjası, Milli Klirinq Mərkəzi və Milli Hesablaşma Depozitarisi ilə yanaşı, Vaşinqtonun sanksiyasına məruz qalan "Qoznak" sıradan bir təsisat deyil. Əsası 1818-ci ildə qoyulmuş "Qoznak" Rusiyada qiymətli kağızlar, əskinas və sikkə, pasport və poçt markalarını istehsal edən təsisatdır. Bundan başqa, "Qoznak" ödəniş kartları, şəxsiyyət və sürücülük vəsiqələrinin çapına da məsul qurumdur. Buna görə "Qoznak" Səhmdar Cəmiyyətinə qarşı tətbiq edilən sanksiyanın təsiri Moskva Birjasına tətbiq edilən qadağanın təsirindən az deyil. Rusiya Milli Təkrar Sığorta Şirkəti ilə yanaşı, ən böyük sığorta şirkətlərindən biri olan "SOGAZ", Rusiyanın rəqəmsal bankı "Tochka Bank"ı da sanksiyaya məruz qalıb. Bundan başqa, "Seligdar", "Qazprom Invest", "Uralredmet", "Amur Metallurgiya Zavodu", "GT Morstroy ASC", "Konar ASC", "Rusolovo PJSC", "Sinara Transport Machines", "Rusgazdobycha" şirkətləri ilə yanaşı, "Murmansk LNG", "Ob Qaz Kimya Kompleksi", "Murmansk -Transgaza", "Arctic LNG 1", "Arctic LNG 3", "NOVATEK LNG Fuel Kashira", "Colestar" və "Elgaugol" qruplarından bir sıra şirkətlərin adı sanksiya siyahısına daxil edilib.
ABŞ Maliyyə Nazirliyinin radikal şəkildə genişləndirdiyi sanksiya siyahısına Rusiyanın ən böyük dövlət banklarının, "Sberbank", "VEB", "Promsvyazbank" və "VTB"nin Hindistan və Çindəki törəmə müəssisələrinin də adları daxildir. Ümumilikdə sanksiyalar siyahısına 300-dən çox fiziki və hüquqi şəxs daxil edilib ki, aralarında 13 türk şirkəti də var.
Son sanksiyalarla bağlı dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir ki, Putin Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi müddətdə Rusiyanın beynəlxalq maliyyə sistemindən müharibə aparmaq üçün istifadəsinə mane olmaq, Rusiyanın hərbi-sənaye bazasına dəstək şəbəkələrini pozmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcəyik. Yəni Dmitri Medvedevin "qaydasız müharibənin elanı" adlandırdığı sanksiyaların özü də son deyil.
Ekspertlər qeyd edirlər ki, bu sanksiyalar eyni zamanda, hələ də Rusiyada fəaliyyət göstərməkdə olan Avstriyann "Raiffeisen", İtaliyanın "Intesa" və Macarıstan OTP bankına son xəbərdarlıqdır.
ABŞ-ın ardınca Böyük Britaniya da Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Vaşinqton kimi, London da Moskva Birjası, Milli Klirinq Mərkəzi və Milli Hesablaşma Depozitarisinın adlarını sanksiya siyahısına daxil edib. Tezliklə Avropanın da oxşar məhdudiyyətlər tətbiq edəcəyini gözləmək olar. Əvvəlki sanksiyalar kimi, bu qadağalar da Rusiyanın dollara çıxışını məhdudlaşdırılmaqla yanaşı, bütün ixrac-idxal əməliyyatlarının xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Bu isə Rusiya iqtisadiyyatının deqradasiyasını sürətləndirəcək.
ABŞ-ın sanksiyasından sonra Çinin ən böyük maliyyə institutlarının Rusiyadakı törəmə bankları valyuta əməliyyatlarını məhdudlaşdırıblar. "Reuters" vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir ki, Çin banklarının Rusiyadakı törəmə şirkətləri artıq dollar və avro ilə əməliyyatlar aparmırlar: "Rusiyada mövcud olan Çin banklarının Moskva birjası vasitəsilə dollar və avro ilə hesablaşmalar aparmaq imkanı var idi. Bunun sayəsində Çin bankları vasitəsilə dollar və avro ilə ödəniş etmək mümkün idi. İndi bu imkanlar daha da məhdudlaşır".
Vaşinqtonun sanksiyalarından sonra bəzi keçmiş sovet respublikalarının bankları rublun konvertasiya əməliyyatlarını məhdudlaşdırıblar. Prosesin genişlənməsi isə qaçınılmazdır.
Böyük Yeddilərə (G7) daxil olan ölkələrinin liderləri ABŞ-ın təklifini dəstəkləyərək Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollar kredit verilməsi barədə razılığa gəliblər. Kiyev bu puldan hərbi, humanitar və yenidənqurma məqsədləri üçün istifadə edə bilər.
G7 ölkələrinin dövlət və hökumət başçılarının sammitinə qatılan Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə iyunun 13-də 10 il müddətinə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb. Bu saziş Ukraynanın NATO-ya daxil olması istiqamətində bir addımdır. Sənədin mətnində deyilir ki, tərəflər bu sazişin Ukraynanın NATO-ya mümkün üzvlüyünə körpü olduğunu qəbul edirlər. Razılaşmaya əsasən, Ukraynaya silahlı hücum və ya təhdid olarsa, ABŞ və Ukrayna rəsmilərinin cavab tədbirlərini müzakirə etmək, eləcə də Ukraynanın hansı əlavə müdafiəyə ehtiyacı olduğunu müəyyən etmək üçün 24 saat ərzində görüşəcəklər.
Ukrayna prezidenti Volodimir Zelenski iyunun 13-də Yaponiyanın Baş naziri Fumio Kişida ilə də təhlükəsizlik sazişi imzalayıb. Yaponiya 2024-cü il ərzində Ukraynaya 4,5 milyard ABŞ dolları verəcək və bütövlükdə sazişdə göstərilən 10 illik müddət ərzində Kiyevi dəstəkləyəcək.
ABŞ-ın yeni sanksiyaları, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollar kreditin verilməsi, apreldə təsdiqlənmiş hərbi yardım paketi, verilən silah növlərinin və onlardan istifadə məkanın genişləndirilməsi, ən nəhayət təhlükəsizlik haqqında 10 illik saziş bütöv bir siyasətin ayrı-ayrı hissələridir. Bu siyasətin ifadəsi isə ondan ibarətdir ki, ABŞ Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan verməyəcəyini nümayiş etdirir.
Moskvaya verilən siqnal ondan ibarətdir ki, Rusiyanın yeganə xilas şansı qoşunlarını Ukrayna ərazisindən çıxarmaqdan və dəymiş ziyana görə Kiyevin tələb etdiyi kompensasiyanın ödənilməsindən ibarətdir.