525.Az

Atropatena gizlinləri


 

"ATROPATENA ADLI DÖVLƏTİN YARANMASI VƏ TARİXİ ŞƏRAİTİ" MÖVZUSUNDA KEÇİRİLƏN ELMİ SEMİNARDA ATROPATENA DÖVLƏTİNİN YARANMA TARİXİ İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNDU

Atropatena gizlinləri<b style="color:red"></b>

Bu həftənin ilk günü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan tarixinin dövrləşməsi və dövlətçilik mərhələləri" layihəsi çərçivəsində "Atropatena adlı dövlətin yaranması və tarixi şəraiti" mövzusunda keçirilən elmi seminar ölkənin adlı-sanlı tarixçi alimlərinin, deputatların, hüquqşünasların, elm adamlarının, tanınmış ziyalılarının iştirakı və müzakirə olunan məsələnin qeyri-adiliyi ilə yadda qaldı.

Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova müzakirəyə çıxarılan məsələnin mühüm əhəmiyyətə malik olduğunu bildirdi: "Tarix elmləri doktoru Həsən Həsənovun bir azdan dinləyəcəyimiz məruzəsi yalnız Azərbaycan tarixinin məsələsi deyil, ümumilikdə, Azərbaycan dövlətçiliyi üçün strateji önəm kəsb edir. Bu gün ideoloji, siyasi sahədə, diplomatiyada Azərbaycanın maraqlarına zidd mövqe nümayiş etdirənlər qədim dövləçilik tarixi məsələsində də qərəzlidirlər. Xüsusilə də, Azərbaycan adında dövlətin olması haqqında danışarkən. Erməni tədqiqatçıları və həmin mövqeyi dəstəkləyən əcnəbi politoloqlar, siyasətçilər Azərbaycan adında dövlətin iyirminci əsrin məhsulu olduğunu deyirlər. Üstəlik, tarixi yanaşmaları süni şəkildə yaradılmış iddia hesab edirlər. Azərbaycan qədim dövlətçilik tarixinə malik ölkədir. Bu ölkənin adının tarixi ilə bağlı bilgiləri Həsən müəllim öz məruzəsində təqdim edəcək. O, uzun illərdir bu istiqamətdə tədqiqatlar aparır. Həsən müəllim elmi yaradıcılığa gec başlasa da, qısa müddətdə ciddi əsərlər ortaya qoyub. Eyni zamanda o, məsələlərə şablon yanaşmayıb, bir çox sahədə oturuşmuş müddəaları alt-üst edən fikirlər söyləyib".

Məruzənin mövzusu haqqında məlumat verən tarix elmləri doktoru Həsən Həsənov elmi seminarın iki hissədən ibarət olduğunu qeyd edərək bildirdi ki, seminarda Strabonun bu gün elmimizdə qüvvədə olan bir məlumatı ilə bağlı müzakirələr aparılacaq: "2004-cü ilə kimi mən də Strabonun dediyinə inanırdım. Həmin ildən etibarən Makedoniyalı İsgəndər və Atropat haqqında tədqiqat aparmağa başladım. Bu tədqiqatın gedişində xeyli antik mənbələrlə tanış oldum və çox vacib məlumatlar əldə etdim. Bu məlumatlar məni addım-addım sözügedən fikirdən yayındırdı və anladım ki, Strabonun dediyi dövlətin yaranma tarixi deyil. Antik dövrə aid üç mənbə israrla Atropatena adlı dövlətin İsgəndərdən əvvəldən mövcud olduğunu yazır. Sual olunur ki, Azərbaycan tarixçiləri bu mənbələrdən xəbərdardılarmı? Cavab verirəm ki, yox. Ancaq bu, onların məsuliyyətini azaltmır. Mənim nəzərdə tutduğum mənbələr hələ sovet dövründə istər rus, istər ingilis, istərsə də latın dilində Moskva kitabxanalarında var idi. Məsələn, akademik İqrar Əliyev Atropatena dövləti barəsində əsər yazsa belə, orada antik müəllif Kursiy Rufun, Psevdo Kallisfenin adını çəkmir. Eləcə də Suriya xronikası anlayışının o zaman məlum anlayış olmasına rəğmən, əsərdə bu mövzu barədə heç bir işarə yoxdur. Qeyd edim ki, alman, fransız və rus alimləri tərəfindən Atropatenanın yaranması tarixini özündə əks etdirən tarixi-coğrafi xəritə də çap edilib".

H.Həsənov "Armeniya" adının isə e.ə. 612-ci ildən, yəni Atropatenanın dövlət kimi formalaşmasından 90 il sonra, sadəcə Əhəmənilərin bir əyaləti olaraq yazıya alındığı fikri ilə razılaşdığını bildirdi. Natiq məruzəsini ümumiləşdirərək Atropatena dövlətinin e.ə. 321-ci ildə deyil, e.ə. 612-ci ildə yaranması qənaətinə gəldiyini vurğuladı: "Bu gün Atropatena adlı dövlətin e.ə 321-ci ildə yarandığı deyilir. Amma mən apardığım tədqiqatlar əsas verir ki, Atropatena əslində, bu tarixdən 300 il əvvəl yaranıb. Yəni İsgəndərin imperiyası dağılandan sonra yox, Assuriya imperiyası dağılandan sonra. Söhbət e.ə 612-ci ildən gedir. Bu, əslində, çox böyük müddətdir. Üstəlik, əgər biz tarixi 321-ci ildən hesablasaq, bundan belə bir nəticə çıxır ki, Atropatena Əhəməni ərazisində yaranıb. Yox, əgər Assuriya imperiyasının süqutundan sonrakı mərhələni götürsək, deyə bilirik ki, bu dövləti skiflər yaradıb. Skiflər də bildiyimiz kimi, türk əsilli xalq olub. Bu gün sözügedən məsələni qaldırmaqda əsas məqsəd odur ki, alimlərimiz, ziyalılarımız arasında bu ideya müzakirə olunsun. Əfsuslar olsun ki, rəsmi Azərbaycan tarixini yazanlar hələlik bu mövqeni öz əsərlərində əsas götürmürlər".

Bəzi xarici ölkələrdə tədqiqatına qərəzli yanaşıldığını deyən Həsən Həsənov məsələ ilə bağlı bir nüansa toxundu: "Bir müddət öncə Londonda yaşayan bir azərbaycanlı mənə müraciət edib soruşdu ki, olarmı sizin əsərinizi İngiltərədə nəşr etdirim? Cavab verdim ki, sadəcə nəşr mənə maraqlı deyil, amma bunu tanınmış tarixi əsərlərin nəşri ilə məşğul olan bir nəşriyyatda etsən, başqa məsələ. Bir qədər sonra sevinə-sevinə zəng elədi ki, Kembriclə danışıb və məndən bir əsər göndərməyimi istəyir. Mən də ona Makedoniyalı İsgəndər və Atropatla bağlı yazımı göndərdim. Bir həftə sonra həmin adam yoxa çıxdı və bir də heç vaxt mənə zəng eləmədi".

Məruzədən sonra elmi seminar qarşılıqlı diskussiya formatında davam etdirildi.

Müzakirədə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov Həsən Həsənovun xaricdə çap olunmaqla bağlı fikirlərinə münasibət bildirdi: "Söhbət ondan gedir ki, bu gün dünyada mənbələr sanki sərhədlənib və onları dəyişdirəndə dünya tarixinə yanaşmalar da dəyişir. Bu gün dünyada yeni bir fenomen - "Türk dünyası" üzə çıxıb. Avropa həmişə çalışıb ki, İslam dünyasını inkişafına mane olsun, onu özündən aşağı təqdim etsin. Hesab edirəm ki, Atropatenanın e.ə. 612-ci ildə yaranması faktı təkcə Azərbaycana və onun tarixinə təsir edəcək amil deyil. Tarix boyu bu anlayışı qəbul etmək istəməyiblər. Sizin tədqiq etdiyiniz məsələləri alimlərimiz vasitəsilə dünyaya çatdırmaq lazımdır. Bunun başqa yolu yoxdur. Yoxsa üç gündən sonra vikipediyada məlumatları yenə dəyişəcəklər".

Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bildirdi ki, düzgün tarix olmadan milli ideologiyadan danışmaq olmaz: "Aristotel deyirdi ki, tarixi yazıçılar tarixçilərdən daha yaxşı hiss edirlər. Kim ki tarixlə maraqlanır, peşəsindən asılı olmayaraq tarixi həqiqətləri görə bilir. Bu araşdırma da Azərbaycan tarixi ilə bağlı olduqca vacib məqamları özündə əks etdirir".

Akademik Nizami Cəfərov ədəbiyyatla tarixi proseslərin əlaqəsindən danışdı, qeyd etdi ki, tarixi tədqiqatlar zamanı ədəbi nümunələrə müraciət prosesə müsbət təsir göstərə bilər: "Xalqın dərk etdiyi tarix, ilk növbədə, etnik tarixdir. Bu model, yəni Həsən müəllimin Atropatena tarixinə yeni yanaşması eposa əsaslanır. Ümumiyyətlə, tarixi araşdırmalar zamanı ədəbi nümunələr də nəzərə alınmalıdır".

Daha sonra məruzə əsasında "Atropatena yeni dövlət olaraq yaranıb, yoxsa əvvəllər nə vaxtsa mövcud olan dövlətin müstəqilliyi bərpa olunub?" və "Atropatena dövlətinin adı Atropatın şərəfinə verilib, yoxsa Atropat tərəfindən verilib?" kimi suallar ətrafında geniş fikir mübadiləsi aparıldı.

Aytac SAHƏD

 





20.06.2024    çap et  çap et