525.Az

Hər yaşın öz istəyi var... - Allahverdi Eminov yazır


 

Hər yaşın öz istəyi var... - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

İnsan ömrü üç yaş mərhələsinə bölünür: uşaqlıq, gənclik və qocalıq. İnsan yeddi yaşına qədər yalnız anasını görür, cavanlığında əlçatmaz arzularının dalısınca qaçır, ahıl vaxtında yaşamaq istəyir. Şair şeirini yazır, rəssam fırçasından usanmır, xanəndə alqışları qəbul edir. Yalnız pedaqoqdur ancaq öyrədir, tərbiyələndirir. Onun üçün yaş senzi yoxdur.

Mən müqayisəmdə təbii ki, fərqlər axtarmışam, necə ki xanəndə 35-40 yaşına qədər oxumaq ehtirasından düşmür, alqışlar altında tamaşaçılara baş əyir!

Həmişəmi belə olur? Suala müsbət cavab verməkdə çətinlik çəkirəm. Xüsusilə, son illərdə fonoqram dəbə minəndən oxuyanların ömrü "uzandı", yaşın istəyini unutdular. Halbuki ötən əsrin sonlarından başlayaraq peşəkar xanəndələr fonoqrama yaxın durmadılar, keçmiş səslərinə hörmət qoydular, baxmayaraq səsləri yerində idi. Xatırlayıram ki, dahi Bülbül (1897-1961) təqaüd yaşına çatdıqda istefa verdi, operadan imtina etdi. Axı, Koroğlunun əvəzsiz ifaçısı 60 yaşında cavan Koroğlu kimi necə görünə bilərdi? Eləcə də Əlövsət Sadıqov, Hüseynağa Hacıbabəyov, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Rübabə Muradova... Səs anadangəlmə bir nemətdir, o, yaşa baxmır. Bülbül, Rəşid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski fiziki cəhətdən yorulsalar da, səsləri heç bir zaman öləzimədi. Bir gün vaxtilə Xan Şuşinskini olduğu kimi yamsılayan, qarabağlı Vəli Məmmədovdan soruşdum ki, Xan əmiylə münasibətin qalır, onun bu yaşında səsi yerindədirmi? Rəhmətlik Vəli Məmmədov dedi ki, bu barədə Xan əmidən soruşanda "Vəli, oğul, səsim yerindədir, amma heyim yoxdur" cavabını verdi. Seyid Şuşinskinin, Xan Şuşinskinin televizorda qocalıq yaşlarında oxuduqları muğam parçalarını səsləndirirlər, heyrətlənməyə bilmirsən. Deməli, səs İlahi paydır, hər oxuyana qismət deyil!

Mən bu yazını qələmə alanda xeyli düşündüm ki, yaşı 60-ı keçən titullu (yaxud titulsuz) xanəndələr hər həftə müxtəlif "alabəzək" verilişlərdə görünürlər, təzə kostyumda, qara ayaqqabıda, qalstuklu ağ köynəkdə, aparıcı təqdim edir və əlinə mikrofon verir. Guya oxuyurlar, amma yox, mürgü vururlar.

Əzizlərim, yaşınızın ötmüş çağlarında hər həftə ekrana çıxmaqla nə üçün keçmişinizə kölgə salırsız? Axı, səsiniz qalmayıb, vaxtilə oxumusuz, sağ olun! Mikrofonu əlinizdən buraxın, səsiniz qalıbsa, oxuyun və dinləyicilərə hörmət edin. Sizi dəvət edə bilərlər, bəs özünüzə hörmət etməyi necə? O ilahidən gələn səsiniz qalmamışdır, sizin öyrədən vaxtınızdır! Təcrübənizi gənc nəslə aşılayan illərinizdir!

Unutmayın ki, hər yaşın öz istəyi var...

 





20.06.2024    çap et  çap et