525.Az

“Fransanın niyyəti Cənubi Qafqazda yeni münaqişə, müharibə ocağı yaratmaqdır” – Hərbi ekspert


 

“Fransanın niyyəti Cənubi Qafqazda yeni münaqişə, müharibə ocağı yaratmaqdır” – <b style="color:red"> Hərbi ekspert</b>

"Bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan yenidən Fransaya səfər etdi. Bəlli olduğu kimi, ötən ilin oktyabrında Fransa və Ermənistanin müdafiə nazirlərinin görüşündə hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bir neçə gün əvvəl keçirilən görüşün nəticəsində də Ermənistanla Fransanın hərbi texniki əməkdaşlığının dərinləşdiilməsi müzakirə olundu. Xüsusən də Fransanın müdafiə naziri Sebastyan Lekornunun paylaşımındakı mesaj Parisin sonrakı mərhələdə Ermənistanı “CAESAR”  özüyerirən artilleriya qurğuları ilə təmin etməsindən ibarətdir”.

Bu fikirləri 525.az-a hərbi ekspert Elxan Şıxəliyev deyib.

O bildirib ki, bu artilleriya qurğuları 155 mm-lik artilleriya mərmiləri ilə modifikasiyasına görə 44 km-dən 55 km-ə qədər bir məsafədə artilleriya zərbələri endirə biləcək sistemlərdir: “Özüyeriyən olduğundan atəş mövqelərini tezliklə dəyişə bilir, eyni zamanda 155 mm-lik artilleriya mərmiləri ilə təchiz olunduğundan mərmilərin istifadəsi heyətlər üçün digər toplarda istifadə olunan mərmilərlə eyniləşdirilə bilən bir qurğulardır. 2002-ci ildən bu özüyeriyən arilleriya qurğularının Fransada istehsalına başlanıb. Ortalama bazar satış qiyməti 5,2 milyon ABŞ dolları təşkil edir. Görünən odur ki, artıq növbəti mərhələdə Fransa Ermənistanı bu “CAESAR” özüyeriyən artilleriya qurğuları ilə təmin etmək niyyətindədir”.

E.Şıxəliyev xatırladıb ki, Ermənistanın həm 44 günlük Vətən müharibəsində, həm də antiterror tədbirlərindən sonrakı mərhələdə hərbi-texniki arsenalının 60-70 faizi ya sıradan çıxarılıb, ya da hərbi qənimət kimi Azərbaycana dövr edilib: “Buna görə də bir boşluq yaranıb, ən çox da boşluq indiki mərhələdə Ermənistanda artilleriya qurğuları və hava hücumundan müdafiə sistemlərindədir. Hava hücumundan müdafiə sistemləri üzərinə əvvəlcə Fransa üç ədəd GM 200 radar sistemini Ermənistana verdi. Ardınca 50-yə yaxın “Bastion” zirehli təkərli texnikanı Ermənistana ötürmüş oldu. İndi artıq görünən odur ki, “CAESAR” özüyeriyən artilleriya qurğularının Ermənistana satışını həyata keçirəcəklər”.

E.Şıxəliyev hesab edir ki, Ermənistanın hərbi-texniki arsenalının, xüsusən də artilleriya diviziyonlarında olmayan artlleriya qurğularının yerini doldurma baxımından Ermənistanın əli güclənmiş olacaq: “Çünki “CAESAR” öz sinfində atış məsafəsi maksimum olan artilleriya qurğuları sistemləri içərisində xüsusi yeri olan artilleriya sistemləridir. Bu səbəbdən düşünürəm ki, indi Ermənistan ən azından iki və dörd divizionu təmin edə biləcək qədər bu artilleriya qurğuları ilə Fransadan təminatını həyata keçirə bilsə, artilleriya sistemləri, artilleriya divizionları gücləndirilmiş hala gələ bilər. Amma nəticə etibarilə görünən odur ki, Fransa bu coğrafiyada yenidən Ermənistanın hərbi-texniki gücünü bərpa etməyə çalışır. Biz, Ermənistan daxilində Azərbaycana qarşı revanşist bəyanatlar səsləndirən və baş nazir Nikol Paşinyanı devirmək istəyən, yeni mifik Ermənistan axtarışında olan müxalifətin gələcəkdə Azərbaycana qarşı bu silahları istifadə etməsi baxımından bir təhlükə mənbəyinin yarandığının fərqindəyik. Eyni zamanda, məsələnin ən arzuolumaz hissəsi odur ki, Fransanın Ermənistanı yeni hərbi texniki avadanlılarla təmin etməsi yeni bir münaqişə və ya eskalasiya mənbəyi yarada biləcək addımdır. Ona görə düşünürəm ki, Fransanın niyyəti Ermənistanı silahlandırmaqdan daha çox, Cənubi Qafqazda yeni bir münaqişə, müharibə ocağı yaratmaqdır. Bu yolda da öz yardımlarını göstərməkdə, hərbi-texniki əməkdaşlığı davam etdirməkdə qərarlı görünür”.

Pərvanə Sultanova

 





20.06.2024    çap et  çap et