Artıq Azərbaycanda payız-qış mövsümü başlayıb. Bu mövsümdə qaza, işığa və suya tələbat daha da artır. Bəs görəsən, dövlət qurumları şaxtalı qış aylarına necə hazırlaşıb?
Məsələ ilə Lent.az bağlı aidiyyatı qurumların münasibətini öyrənib.
“Abonentlərimiz işıqdan geninə-boluna istifadə edə bilərlər”
“Bakıelektrikşəbəkə”nin 110 kilovotluq dairəvi elektrik sxemi yaradılıb. Bu, Bakının enerji təchizatında yenilikdir”. Bunu Lent.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
O qeyd edib ki, son 8 il ərzində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti də artırılıb. “Əvvəllər texniki itkilər baş verirdi və bu itkilər 8.9 faizə endirilib. Əvvəlki illərdə şəbəkə həddindən artıq yüklənirdi, artıq bu da aradan qaldırılıb. Kompleks transformator məntəqəsi inşa olunub. Bu il bütün transformatorların yağı dəyişdirilib, əlavə avadanlıqlar ayrılıb. Xüsusən, Bakının kəndlərində köhnə, yararsız dayaqlar və xətlər dəyişdirilib. Demirəm ki, yüz faiz hazırıq. Çünki fors-major (gözlənilməz) hadisələr olur. Nə qədər enerjiyə tələbat varsa, ödəniləcək. Sərt qış olsa da problem olmayacaq”.
T. Mustafayevin sözlərinə görə, qızdırıcılardan istifadə edilməsi ilə bağlı heç bir məhdudiyyət olmayacaq. “Yəni abonentlər elektrik enerjisindən geninə-boluna istifadə edə bilərlər”.
“Qaz təchizatı ilə bağlı ciddi problem olmayacaq”
“Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlığa yaz aylarından başlayır”. Bunu isə açıqlamasında qurumun mətbuat katibi Araz Ağayev bildirib. O qeyd edib ki, “Azəriqaz” İB-nin baş direktorunun əmiri ilə apreldə tədbirlər planı təsdiq edilib. “Bu plana uyğun olaraq, may ayından etibarən istər “Azəriqaz”ın mərkəzi aparatının müvafiq struktur bölmələri, istərsə də yerli qaz istismar sahələri tərəfindən işlərə başlanılıb. Ümumilikdə, 31 min metrdən çox qaz kəməri təmir edilib və ya yenisi ilə əvəzlənib. 5500 metrdən çox qaz kəməri dayaqlar üstünə qaldırılıb. Yəni qış mövsümündə qaz təchizatı ilə bağlı ciddi problem olmayacaq”.
Mətbuat katibinin sözlərinə görə, bu il “Azəriqaz”da yeni qurum yaradılıb. “Qaz kəmərləri və cihazlarına texniki xidmət sahəsi” adlı qurum tərəfindən texniki baxışların keçirilməsi sürətləndirilib və keyfiyyəti daha da yaxşılaşdırılıb. Bu qurumda ali təhsilli mühəndislərin çalışması işlərin keyfiyyətini daha da artıracaq. Texniki baxışların gücləndirilməsinin başlıca səbəbi də qaz dəmindən zəhərlənmə kimi hallarını qarşısını almaqdır”.
“Azəriqaz” rəsmisi abonentlərə müraciət də edib: “Abonentlər nəzərə almalıdırlar ki, mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə edilməməli, qaz cihazlarını işə salmazdan qabaq otağın havası dəyişilməli, qaz iyinin olmadığı yəqin edilməlidir”. Qaz sobalarının tüstü bacaları, mətbəx və hamam otaqlarının hava dəyişmə yolları qış mövsümü başlamadan əvvəl təmizlənməli və işlək vəziyyətə gətirilməlidir”. “Böyük işlər görülür”
“Azərsu” SC-dən Lent.az-a verilən məlumata görə, SC cari ilin doqquz ayında 700 kilometrdən artıq magistral və şəbəkə su xətləri çəkib. Çəkilən xətlərin 600 kilometrdən çoxu regionlarda həyata keçirilib. 200 kilometrdən artıq kanalizasiya kollektorları və xətləri, 22 ədəd su anbarı tikilib. “Azərsu” həm regionlarda, həm də Abşeron yarımadasında (Bakı da daxil olmaqla) içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması, yaradılması ilə bağlı böyük işlər görməkdədir.
Kanalizasiya xətlərinin yuyulub təmizlənməsi, həm də yağış barmaqlıqlarının yuyulub təmizlənməsi işləri aparılır. “Nəqliyyat Nazirliyi payız-qış mövsümünə hazırlığa start verib”
Nəqliyyat Nazirliyi tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq məqsədilə artıq əmr hazırlanıb.
“Azəriyolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, əmrə əsasən payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb. Bundan əlavə Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planını hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılması daxildir. Bütün bu işlərin oktyabr ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Eyni zamanda magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün Cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq.