525.Az

Fransanın pozuculuğu - Ermənistana öldürücü silahlar verir  


 

HƏRBİ EKSPERT: “PARİSİN NİYYƏTİ İRƏVANI SİLAHLANDIRMAQDAN DAHA ÇOX, CƏNUBİ QAFQAZDA YENİ MÜNAQİŞƏ OCAĞI YARATMAQDIR”

Fransanın pozuculuğu - <b style="color:red"> Ermənistana öldürücü silahlar verir  </b>

Fransa Cənubi Qafqazda pozuculuq siyasətini davam etdirir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün real imkanların yarandığı bir vaxtda, Paris İrəvanı öldürücü silahlarla təmin edərək, regionda yeni müharibə ocağı yaratmağa çalışır. Bununla həm də Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırır. 

Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada səfərdə olub və tərəflər 18 iyunda Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalayıblar. 

Fransanın müdafiə naziri Sebastyan Lekornu özünün "X" hesabında bununla bağlı yazıb: "Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ “CAESAR” silahlarının alınması üçün müqavilənin imzalanmasıdır".

Fransa mətbuatının yazdığına görə, söhbət 36 ədəd bu cür artilleriya sistemindən gedir. Bu silahlar yaxın 15 ay ərzində İrəvana çatdırılacaq. 
Eyni vaxtda bir qrup fransız siyasətçi prezident Makrona müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış edib. Aydın görünən odur ki, Fransa regionda təxribat törətməyi, sülhü əngəlləməyi planlaşdırıb.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür. MN-nın açıqlamasında vurğulanıb ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Təəssüf ki, Ermənistan rəhbərliyi sözdə sülhdə maraqlı olduğunu göstərir, realda isə silahlanmaya üstünlük verir. Heç kimə sirr deyil ki, bu silahlar məhz Azərbaycana tuşlanmaq üçün alınır. 

Yeri gəlmişkən, Ermənistan Xarici İşlər Nazirliyi ölkənin silahlanması səylərinə bəraət qazandırmağa çalışaraq, bunu özünün suveren hüququ adlandırıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə cavab bəyanatında bu iddianı qətiyyətlə rədd edib. Vurğulanıb ki, guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir. 

Açıqlamada o da vurğulanıb ki, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır: “Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”.

Məlum olduğu kimi, Ermənistan bundan əvvəl Fransa ilə 3 ədəd GM 200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika, “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemləri və digər silahlar alıb. İndi daha öldürücü silahların alınması bir daha onu göstərir ki, Fransa Ermənistanı yeni müharibəyə hazırlayır, Cənubi Qafqazda sülh və sabitliyin, təhlükəsizliyin təmininə maneə yaradır.

Hərbi ekspert Elxan Şıxəliyev mövzu ilə bağlı “525”ə şərhində deyib ki, bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan yenidən Fransaya səfər etdi. Bəlli olduğu kimi, ötən ilin oktyabrında Fransa və Ermənistanin müdafiə nazirlərinin görüşündə hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bir neçə gün əvvəl keçirilən görüşün nəticəsində də Ermənistanla Fransanın hərbi texniki əməkdaşlığının dərinləşdiilməsi müzakirə olundu. Xüsusən də Fransanın müdafiə naziri Sebastyan Lekornunun paylaşımındakı mesaj Parisin sonrakı mərhələdə Ermənistanı “CAESAR”  özüyerirən artilleriya qurğuları ilə təmin etməsindən ibarətdir. 

Ekspert deyib ki, bu artilleriya qurğuları 155 mm-lik artilleriya mərmiləri ilə modifikasiyasına görə 44 km-dən 55 km-ə qədər bir məsafədə artilleriya zərbələri edirə biləcək sistemlərdir: “Özüyeriyən olduğundan atəş mövqelərini tezliklə dəyişə bilir, eyni zamanda 155 mm-lik artilleriya mərmiləri ilə təchiz olunduğundan mərmilərin istifadəsi heyətlər üçün digər toplarda istifadə olunan mərmilərlə eyniləşdirilə bilən bir qurğulardır. 2002-ci ildən bu özüyeriyən arilleriya qurğularının Fransada istehsalına başlanıb. Ortalama bazar satış qiyməti 5,2 milyon ABŞ dolları təşkil edir. Görünən odur ki, artıq növbəti mərhələdə Fransa Ermənistanı bu “CAESAR” özüyeriyən artilleriya qurğuları ilə təmin etmək niyyətindədir. Biz bilirik ki, Ermənistanın həm 44 günlük Vətən müharibəsində, həm də antiterror tədbirlərindən sonrakı mərhələdə hərbi-texniki arsenalının 60-70 faizi ya sıradan çıxarılıb, ya da hərbi qənimət kimi Azərbaycana dövr edilib. Buna görə də bir boşluq yaranıb, ən çox da boşluq indiki mərhələdə Ermənistanda artilleriya qurğuları və hava hücumundan müdafiə sistemlərindədir. Hava hücumundan müdafiə sistemləri üzərinə əvvəlcə Fransa üç ədəd GM 200 radar sistemini Ermənistana verdi. Ardınca 50-yə yaxın “Bastion” zirehli təkərli texnikanı Ermənistana ötürmüş oldu. İndi artıq görünən odur ki, “CAESAR” özüyeriyən artilleriya qurğularının Ermənistana satışını həyata keçirəcəklər”. 

E.Şıxəliyev hesab edir ki, Ermənistanın hərbi-texniki arsenalının, xüsusən də artilleriya diviziyonlarında olmayan artilleriya qurğularının yerini doldurma baxımından Ermənistanın əli güclənmiş olacaq: “Çünki “CAESAR” öz sinfində atış məsafəsi maksimum olan artilleriya qurğuları sistemləri içərisində xüsusi yeri olan artilleriya sistemləridir. Bu səbəbdən düşünürəm ki, indi Ermənistan ən azından iki və dörd divizionu təmin edə biləcək qədər bu artilleriya qurğuları ilə Fransadan təminatını həyata keçirə bilsə, artilleriya sistemləri, artilleriya divizionları gücləndirilmiş hala gələ bilər. Amma nəticə etibarilə görünən odur ki, Fransa bu coğrafiyada yenidən Ermənistanın hərbi-texniki gücünü bərpa etməyə çalışır. Biz, Ermənistan daxilində Azərbaycana qarşı revanşist bəyanatlar səsləndirən və Baş nazir Nikol Paşinyanı devirmək istəyən, yeni mifik Ermənistan axtarışında olan müxalifətin gələcəkdə Azərbaycana qarşı bu silahları istifadə etməsi baxımından bu bir təhlükə mənbəyinin yarandığının fərqindəyik. Eyni zamanda, məsələnin ən arzuolumaz hissəsi odur ki, Fransanın Ermənistanı yeni hərbi texniki avadanlılarla təmin etməsi yeni bir münaqişə və ya eskalasiya mənbəyi yarada biləcək addımdır. Ona görə düşünürəm ki, Fransanın niyyəti Ermənistanı silahlandırmaqdan daha çox, Cənubi Qafqazda yeni bir münaqişə, müharibə ocağı yaratmaqdır. Bu yolda da öz yardımlarını göstərməkdə, hərbi-texniki əməkdaşlığı davam etdirməkdə qərarlı görünür”. 
 

 





21.06.2024    çap et  çap et