525.Az

Neqativ iqlim dəyişiklikləri: bəşəriyyəti təhdid edən ciddi problem


 

Neqativ iqlim dəyişiklikləri: <b style="color:red"> bəşəriyyəti təhdid edən ciddi problem</b>

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox təşvişə salmaqdadır. Qeyri-sabit hava şəraiti təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunur və problemlər yaradır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, ötən100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı artıb.

İqlim Yer kürəsi tarixi boyunca dəyişib. Lakin təbii səbəblər ötən yüzilliyin xüsusilə sürətli istilənməsini şərtləndirmir. Bu yaxınlarda baş vermiş iqlim dəyişmələrinə antropogen amil səbəb olub, bu da əsasən qazıntı yanacağının - kömür, neft və qazın evlərdə, zavodlarda və nəqliyyatda geniş istifadə edilməsinə görə baş verir. Qazıntı yanacağı yanan zaman istixana qazlarını - əsasən karbon qazını (CO2) atmosferə buraxır. Bu, Yer səthinə yaxın atmosferdə artıq enerjini saxlayaraq, planetin istiləşməsinə səbəb olur.

Sənaye inqilabının əvvəlindən bəri insanlar böyük miqdarda qazıntı yanacağı yandırmağa başladılar, CO2-nin atmosferdə miqdarı təxminən 50 faiz artdı.

Temperatur artdıqca, iqlim dəyişmələrinin təsiri daha da pisləşir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (İDHEQ) məlumatına görə, uzunmüddətli temperatur artımını Selsi üzrə 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq çox vacibdir.

Elm tam əmin deyil, lakin Selsi üzrə 1,5 dərəcəlik istiləşmə ilə müqayisədə, 2 dərəcəlik qlobal istiləşmənin nəticələri aşağıdakıları ehtiva edə bilər: Dəniz səviyyəsinin qalxması 1,5 dərəcə ilə müqayisədə 0,1 metr artacaq ki, bu da əlavə 10 milyon insanı risk altında qoyacaq. Mərcan qayalarının 99 faizindən çoxu 1,5 dərəcə Selsi istiləşmə ilə 70-90 faiz ilə müqayisədə yox olacaq. İki dəfə bir çox bitkilər və onurğalılar ərazilərinin yarısından çoxunda uyğun olmayan iqlim şəraitinin təsirinə məruz qalacaqlar. 2050-ci ilə qədər 1,5 dərəcə istiləşmə ilə müqayisədə bir neçə yüz milyon daha çox insan iqlim risklərinə və yoxsulluğa məruz qala bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, iqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və sair ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı isə 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərib.

Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsinin əsrlər boyu davam edəcək.

Hazırda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institutsional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilir. Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı sektoru, su resursları sektoru, sahilyanı zonaları, enerji sektoru, meşə sektoru, turizm sektoru və səhiyyə sektoru Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahilyanı zonalardır. Azərbaycan artıq sosial, iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri olaraq müəyyənləşdirib.

AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev də deyir ki, dünyanı ən çox narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Qlobal iqlim dəyişmələri Azərbaycanda da hiss olunmaqdadır. Ölkəmizdə iqlim dəyişikliklərinin təsirini azaltmaq üçün işlər görülür. Buna misal olaraq işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" yanaşmalarının tətbiqi və yaşıl enerji zonasının yaradılmasını göstərmək olar. Bunlar bilavasitə qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə verəcək. İqlim dəyişmələri ilə bağlı problemlər nəzərə alınaraq, hələ 1997-ci ildə ölkədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılıb. İqlim dəyişmələrinə təsirlərin azaldılması və bu təsirlərə uyğunlaşma sahəsində müvafiq qurumlar BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlıq edir. İqlim dəyişiklikləri ilə bağlı problemlər hər il mürəkkəb xarakter almaqdadır. Bu səbəbdən də "yaşıl enerji"nin fəal olaraq dünya bazarlarına çıxarılması problemlərinin həll olunması prioritetlik təşkil etməkdədir.

Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri son 200 ildə özünü daha çox büruzə verməyə başlayıb. İndiyəcən orta iqlim temperaturu təxminən 0,8-1,2 dərəcə arasında artıb: "Tədbirlər görülməsə, bu əsrin sonlarına qədər temperatur 4 dərəcəyədək qalxa bilər. Temperatur bu qədər artsa, fəlakətlər qaçılmaz olacaq. Bu o deməkdir ki, bəşəriyyəti su ilə təmin edən buzlaqların qalınlığı daha çox azalacaq. Hazırkı dövrdə də buzlaqların əriməsi müşahidə edilir. Sular çox nizamsız paylanacaq, sellərin, daşqınların, quraqlıqların intensivliyi artacaq. Kənd təsərrüfatı bundan çox böyük zərər görəcək, məhsul qıtlığı olacaq. Quraqlıq nəticəsində suya böyük ehtiyac yaranacaq".

Professor İ.Mustafayev bildirib ki, bütün bunların baş verməməsi üçün böyük işlər görülməlidir: "Bu da birbaşa ətraf mühitə karbon qazının atılmasından asılıdır. Ona görə də cəmiyyət son 30 ildə karbon qazının azalması istiqamətində yollar müəyyənləşdirir. Hər il çaylarımızda daşqınlar və sellər artır, uzunmüddətli quraqlıq baş verir. Otlaqlar quruyur. Bunun nəticəsində kənd təsərrüfatı ciddi ziyan çəkir. Qafqazın arteriyası hesab olunan Kür çayı ötən il az qala qurumuşdu. Bu çayın quruması ciddi siqnaldır. Qlobal iqlim dəyişikliklərinə qarşı bütün dünyada tədbirlər görülməlidir. Ayrı-ayrı ölkələrdə isə adaptasiya tədbirləri görülə bilər. Yəni yeni növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, strukturun dəyişdirilməsi kimi tədbirlər həyata keçirilməlidir. Yeni su anbarları tikilməli, günəş enerjisindən geniş istifadə edilməlidir. Bütün dünya ölkələri qoyulmuş tələblərə əməl etsələr, qlobal iqlim dəyişiklikləri yavaşlayacaq".

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, iqlim dəyişikliyi problemi iqtisadi və siyasi aspektləri əhatə edərək ekologiya çərçivəsindən kənara çıxır. Nazir xatırladıb ki, iqlim maliyyələşdirməsi məsələləri tərəflərin Bakıda keçiriləcək COP29 konfransında əsas mövzu olacaq: "İqlim maliyyələşdirilməsi tərəflərin qarşıdan gələn Bakı Konfransında əsas mövzu olacaq. COP29-da yeni kollektiv iqlim maliyyələşdirməsi kəmiyyət hədəfi ilə bağlı razılığa gəlməliyik. Yeni kollektiv iqlim maliyyəşdirilməsi kəmiyyət hədəfinin müəyyən edilməsi üzrə iş bir-biri ilə əlaqəli bir çox elementi nəzərə almalı olacaq. İqlim maliyyəsi uzun illərdir iqlim diplomatiyasında ən çətin mövzulardan biri olub. Aydındır ki, bütün tərəflərin əsaslı fikirləri var. Biz bütün tərəfləri dinləyirik ki, onların prioritetlərini başa düşək və ədalətli yeni məqsədə nail olmaq üçün mövqelərin yaxınlaşdırılmasına kömək edək".

Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov deyir ki, qlobal iqlim dəyişikliyi bəzi dövlətlərin mövcudluğuna təhlükə yarada bilər. Azərbaycan iqlim dəyişikliyinin bərpası mümkün olmayan zərərlərinə məruz qala biləcək ada dövlətləri ilə danışıqlar aparır.

E.Soltanov qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinin quraqlıq və daşqın kimi mənfi nəticələrinə qarşı həssas yanaşır: "Su ehtiyatlarının çatışmazlığı problemi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinə daxil edilməlidir".

Sevinc QARAYEVA

 





21.06.2024    çap et  çap et