525.Az

AMEA-nın nümayəndə heyəti Pekin Universitetinin Azərbaycan dili kafedrası ilə tanış olub


 

AMEA-nın nümayəndə heyəti Pekin Universitetinin Azərbaycan dili kafedrası ilə tanış olub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili kafedrasının fəaliyyəti ilə tanış olub.

Bu barədə 525.az-a AMEA-dan bildirilib.

Kafedranın müdiri dosent Aqşin Əliyev kafedranın yaranma tarixi, iş fəaliyyəti, tələbələrlə keçirilən görüşlər, onlara verilən elmi-metodik tapşırıqlar, kütləvi maarifləndirici tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycandilli mütəxəssislərin birinci buraxılışının yekunları barədə danışan kafedra müdiri ikinci qrupun da uğurla təhsilə cəlb olunduqlarını diqqətə çatdırıb, yerli tələbələrə Azərbaycana böyük sevgi aşılandığını vurğulayıb. Çinli tələbələrin dərslərdə fəallıq göstərdiyini, Azərbaycanın tarixi, dili və ədəbiyyatı ilə bağlı önəmli biliklər qazandıqlarını bildirən alim praktiki dərslərə və ölkəmizlə bağlı elmi-təcrübi viktorinalara xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Çinli tələbələrin yay tətili günlərində mütəmadi olaraq Azərbaycana tanışlıq səfərlərinin də təşkil edildiyi bildirilib.

Akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili kafedrasının işini yüksək qiymətləndirib, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

AMEA rəhbəri Azərbaycana aid tarixi məkanların, maddi-mədəniyyət abidələrinin, rəmzlərin təsvir olunduğu xatirə hədiyyələrini, üzərində Qarabağın simvolu olan xarıbülbülün və Azərbaycan Milli Elmlər Akademiyası binasının təsviri olan xalçaları, eləcə də AMEA-da nəşr olunmuş 100 nüsxədən çox kitabı kafedraya hədiyyə edib.

Sevinc Qarayeva 

 





21.06.2024    çap et  çap et