525.Az

“Ona deyin bu köynəyin qolları...arzuların arxasınca su atırdım, onda islandı…”


 

“Ona deyin bu köynəyin qolları...arzuların arxasınca su atırdım, onda islandı…”<b style="color:red"></b>

DEYİN

ona deyin bu köynəyin qolları...
arzuların arxasınca su atırdım,
onda islandı...
deyin onu yol gözləyir, ləngiməsin,
deyin onu evi gözləyir-
qapısı, pəncərəsi,
bacası olanlara güvənməsin...

QALXIN

ona evinin yolunu göstərin,
deyin ona yolların zolaqları soluxmuşu,
yol işarələri paslanmışı, oğurlanmışı ilə getsin.
deyin ona yolların haçasında dayansın bir az,
yollarrr...
haçasızz..
ollmazzz...
deyin ona yolların biri ilə getsin, arxa-arxaya,
o biri gözündən itənə qədər.
deyin ona bu dəfə yalan danışdım,
bu yol haça deyil ki,
üstünə eləcə qayçı şəkli çəkdim əhənglə,
istəsə silə bilər, amma əlinin arxasıyla,
yavaşca, ehmalca-
amma əgər qarşısına çıxan qadının gözünü siləcək olsa,
amma əgər qayıdanda yol yerində olsa...
Soruşun, “Yolu bəyəndinmi?”
Sonra şəhadət barmağınızı dodaqlarınıza yaxınlaşdırıb pıçıldayın:
“Sss... Yol azaddır, amma, azadlıq deyil”...

itələyin onu
yaşıllığını unutmuş meşənin
səsini, nəfəsini içinə çəkmiş yerinə
bunu özü istədi ki...
deyin ağlamasın,
bu günəşsizlikdə, bu baharsızlıqda,
bu yaşılsızlıqda,
bu insansızlıqda
agacların dibində üzü üstə yıxılmış yuvaları görəndə.
o qədər istədim ki,
küçələrdə dilənən pinti qadınların qucağındakı
üzü-gözü kirdən xumarlanan körpələri
köynəyimin altında,
sinəmin üstündə isitməyi...

ÜŞÜYÜRƏM...

deyin qoyub getsin,
üzüquylu düşən qaranquş balalarını zarıya-zarıya,
ürpənməsin
çəkmələrinin altında qalan körpə göyərçinlərin çığırtılarına,
ürpənməsin susmalarına- yollar belə gedilir...
deyin ona, yorulsa, söykənməsin ağaclara,
üşüdər, budaqlarındakı
arzularının arxasınca su atmışların,
evinin yolunu itirmişlərin yaş köyəkləri- aslıb qurumağa,
yarpaq olmağa...

BU DƏQİQƏ

çıxartsın çəkmələrini,
bağlı yolların kilidini yalın ayaqlar açar,
yolu yalınayaqlılar qayıdar,
ayaqyalınlar azad olar...
deyin, yanından
qırmızı-qara velosiped təkərlərini dığırlayıb qaçan adamlar görsə,
bilsin, evinə ondan qabaq çatanlar var,
bir az da ləngisə...

BİR DƏ

deyin ona, getsin,
dayanmasın,
qulağına qəfil arxandan, sağdan, soldan,
bir də budaqlarından nəm köynəklər asılmış ağaclardan
körpə gülüşləri gəlsə də...
körpələr eləcə gülsə, gülsə, gülsə də...

 





13.11.2012    çap et  çap et